Modern.az

Nazirlər Kabineti repititorluqla bağlı xüsusi sərəncam hazırlayacaq

Nazirlər Kabineti repititorluqla bağlı xüsusi sərəncam hazırlayacaq

8 Dekabr 2009, 13:30

A

zərbaycanda repititorluq fəaliyyəti 1992-ci ildə test üsulunun tətbiqindən sonra başlayıb. Artıq  cəmiyyətdə ali məktəblərə hazırlığın repititor vasitəsi ilə aparılması ənənəsi möhkəmlənib. İş o yerə çatıb ki, valideynlər indi təkcə yuxarı sininf şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Səbəb də bu göstərilir ki, orta məktəblərdə təhsilin keyfiyyəti aşağıdır. Hazırda repititorluqla məşğul olan müəllimlər bir şagirdi 30-100 manata hazırlaşdırırlar. ”Repititorluq etməyə məcburuq” Modern.az-ın müsahibi Ülkər xanım (soyadını və işlədiyi orta məktəbin adını deməkdən ehtiyat etdi, işdən çıxarılmaqdan qorxur) da belə müəllimlərdəndir. Bakıdakı orta məktəblərdən birində işləyən müsahibimiz deyir ki, aldığı maaş ailəsinin dolanışığına çatmadığından, dərsdən evə gələndən sonra mənzilindəcə repititorluq fəaliyyətilə məşğul olur, yəni uşaq hazırlaşdırır. - Bəs nə edim? 10 ildir müəllimə işləyirəm, 180 manat məvacib alıram. Ayda bir dəfə məktəbdə 5 manatdan qəzetpulu yığırlar, bundan başqa, hər ay maaşımızdan 5 manat direktora vertməliyik. Onu da qınamırıq, məktəbə gələn yoxlama komissiyalarını yola salmalıdır. Əks halda, yoxlamaya gələnlər məktəbdə yalandan hansısa bir əyər-əskik “tapıb” direktoru pis vəziyyətə salırlar.

Ülkər xanım deyir ki, müəllimlərdən yığılan qeyri-rəsmi ödənişlər bununla bitsəydi nə vardı ki...“Bir də görürsən gəldilər ki, Təhsil Nazirliyinin “Kurrukulum” jurnalına 10 manat verməlisən. Bayramlarda direktor, “zavuçlar”ın bayrampulunu verməliyik. Sonra da deyirlər müəllim uşaqlardan pul yığır. Yazıq müəllim neyləsin...? Məcbur olub evdə repititorluq edirəm. Guya dərsdən sonra istirahət etməyi mən istəmirəm? Amma üç uşağım var, onların yemək-içmək, geymək, müalicə-müayinə pulu var. Kommunal xidmət haqlarını, ictimai nəqliyyatda gediş qiymətlərini ildən-ilə qaldırırlar.Yoldaşımın da maaşı aşağıdır. Repititorluq etməyə məcburuq. Valideynlər hələ bilmirlər ki, məktəbdə müəllimdən nə qədər xırda-para şeylərə pul istənilir... Təhsil Nazirliyinin rəsmiləri mətbuatda deyirlər ki, müəllimdən pul istəniləndə verməsin, etiraz etsin. Sabah məni işdən çıxaranda, dərs saatımı azaldanda, nazirliyin heç sıravi işçisinin də qəbuluna düşə bilməyəcəyəm. Guya özləri bilmirlər ki, təhsildəki rüşvətxorluq zəncirvari prosesdir...?

 

Nazirlər Kabineti sərəncam verəcək

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Modern.az-a bildirib ki, yeni “Təhsil haqqında” qanun  repititorluq məsələsini 90 faiz həll edəcək. “Bu qanunun icrası ilə bağlı Prezidentin sərəncamı var. Məsələ ilə bağlı Nazirlər Kabineti xüsusi sərəncam hazırlayacaq. Ondan sonra 10 və 11-ci siniflərdə dərs prosesi tamamilə dəyişəcək”.

Ş.Hacıyevin sözlərinə görə, heç də bütün müəllimlər ehtiyac üzündən repititorluq etmirlər. Yəni bir çoxları bu işə əlavə qazanc mənbəyi kimi baxır, orta məktəbdə dərsə məsuliyyətlə yanaşmırlar: “Bu qeyri-normal haldır. Görün repititorluğu hansı səviyyəyə gətirib çıxarıblar. Bu, yalnız maddi maraqla bağlıdır. Ola bilər ki, hansısa valideyn dərsdənkənar vaxtlarda övladının xarici dil öyrənməsini istəyir. Bu, başqa məsələdir. Onda müəllim yanına getmək normal haldır. Başqa hallarda mən repititorluğu normal hal hesab etmirəm”.

 

Valideynlər müəllim hazırlığından narazıdırlar

 

Araşdırmalar göstərir ki, ümumtəhsil məktəblərində müəllimlərin bir çoxunun savadlılıq dərəcəsi aşağı olduğundan valideyn çıxış yolunu övladını repititor yanına qoymaqda görür. Valideyn İsmayıl Mirəliyev: “Bəzi müəllimlər özləri şagirdləri dərsdənkənar hazırlıq kurslarına getməyə məcbur edirlər. Valideynlər uşaqlarının təhsili ilə maraqlananda müəllim deyir ki, yaxşıdır, amma repititor yanına qoyun. Maraqlıdır, onda bu sözləri deyən müəllim kimə lazımdır?”. Repititorluq rəsmiləşdirilməlidir 

AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov bildirir ki, repetitorluqla mübarizə yox, onun leqallaşması, rəsmiləşdirilməsi və bu işin təşkili vacibdir: “Repetitor dedikdə çoxları onların ölkəmizdə keçən əsrin 90-cı illərindən yarandığını iddia edir. Əslində təhsil sistemi formalaşandan dünyanın inkişaf etmiş ölkələrinin hamısında, o cümlədən Azərbaycanda repetitorluq olub. Lakin keçən əsrin 90-cı illərinin əvvəllərinə qədər müəllimlər əlavə oxumaq və öyrənmək istəyən şagirdlərə təmənnasız dərs keçiblər və cəmiyyət belə bir əlavə hazırlığın maddiyyətə bağlı gərginliyini yaşamayıb. Bu səbəbdən də heç kəs müəllimi əlavə dərs üçün qınaq obyektinə çevirməyib. Həm güclü müəllimlərin çox olması, həm də əlavə dərslərin təmənnasız aparılması neqativ təsəvvürlərin formalaşmasına imkan verməyib.

Onu da deyək ki, bu gün də yüzlərlə yüksək səviyyəli müəllimlərimiz, xüsusən də kənd rayonlarında təmənnasız olaraq şagirdlərin əlavə hazırlığı ilə məşğul olurlar.

Rəsmi repetitor məktəbləri yalnız "Çağ" öyrətim İşlətmələri şirkəti nəzdində fəaliyyət göstərən "Araz" kurslarıdır ki, onların müsbət iş təcrübəsi yayılmalıdır”.

V.Abbasovun fikrincə, ibtidai sinif müəllimi olmaq istəyənlərə daha ciddi tələblər qoyulmalıdır. “Təəssüf ki, müəllimlik ixtisasları üzrə universitetlərə qəbul zamanı ən aşağı bal ilə məhz ibtidai sinif müəllimi olmaq istəyənlər qəbul olunurlar. Bu, yolverilməzdir”. V.Abbasovun sözlərinə görə, Yaponiyada, Rusiyada, ABŞ-da, Belarusda repititorluq fəaliyyəti çoxdan rəsmiləşib: “Repititorluq dünyanın bir çox dövlətlərində var. Hətta Yaponiya kimi inkişaf etmiş ölkədə də belə fəaliyyət var. Orada məktəb təhsili 12 ildir və onun yarısı ibtidai məktəbə aiddir. Bu onunla əlaqədardır ki, yapon dilinin öyrənilməsi çətin və çox əmək tələb edəndir. Hər gün adi məktəbdə oxuduqdan sonra uşaqlar başqa, məcburi olmayan, lakin orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün çox vacib olan digər məktəbə gedirlər. Bu məktəb "dzyuku" adlanır, tərcümədə "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"dir. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər”.

 

 

 

V.Abbasov deyir ki,

yaxşı repetitor olmaq üçün öz fənnini əla bilmək hələ kifayət deyil. Müəllim-repetitor müəyyən qədər psixoloq da olmalıdır: hər bir dərsi o, fərdi aparır və şagird ilə fərdi məşğul olmaq göründüyündən daha mürəkkəbdir.

O, valideynlərin əksəriyyətinin övladlarının universitetlərə daxil olmasını əsas məqsəd hesab etmələrini də düzgün saymır.

Eyni zamanda məktəblərdə savadlı müəllimləri dəyərləndirən və saxlayan sistemin yaradılmasının vacibliyini önə çəkir.

Adəm Qorxmaz

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir