Modern.az

Tanınmış jurnalist: “Ata-anam vətən həsrətilə dünyadan köçdü” - MÜSAHİBƏ  

Tanınmış jurnalist: “Ata-anam vətən həsrətilə dünyadan köçdü” - MÜSAHİBƏ   

9 Oktyabr 2018, 16:03

Bu ilin sonlarında Qərbi Azərbaycandan azərbaycanlıların sonuncu dəfə deportasiya edilməsinin 30 ili tamam olur.  1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistandan kütləvi şəkildə deportasiya edilib.

Bunu nəzərə alan Azərbaycan Qaçqınlar Cəmiyyəti ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə 1948-1953-cü illər deportasiyasının 70 illiyinin, 1988-ci il deportasiyasının 30 illiyinin dövlət səviyyəsində qeyd olunmasının xalqımızın vaxtilə məruz qaldığı milli faciənin unudulmaması və yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.

 

Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan tanınmış jurnalist Tapdıq Fərhadoğlu da Modern.az saytının əməkdaşı ilə söhbətdə sonuncu deportasiyadan danışıb.

-  Tapdıq müəllim, Qərbi azərbaycanlıların sonuncu deportasiya olunmasının 30 ili tamam olur. Bu gün Dağlıq Qarabağın işğalı ilə bağlı dünyaya haray çəkirik. Beynəlxalq təşkilatları mövcud işğal faktının aradan qaldırılmasına istiqamətləndiririk. Sanki Dağlıq Qarabağın yanında Qərbi Azərbaycanı unutmuşuq. Razısınızmı?

- Dağlıq Qarabağ problemi Qərbi Azərbaycan probleminin davamıdır. Yəni bu prosesə bütöv bir məsələ kimi baxmaq lazımdır. Bu,  ermənilərin Cənubi Qafqazda  azərbaycanlılara qarşı bir neçə yüz il davamlı olaraq apardığı siyasətin davamıdır. Dağlıq Qarabağ münaqişəsi nəinki Ermənistanın, eyni zamanda, onun havadarları olan Rusiya və İranın regionda Azərbaycana qarşı yaratdığı problemin davamıdır. Əvvəla, Azərbaycanı vahid bir məkan kimi nəzərdən keçirtmək lazımdır. Qərbi Azərbaycan da,  Qarabağ da, Şirvan da, Mərkəzi Aran da, bir sözlə, Cənubi Azərbaycandan tutmuş Şimali Azərbaycana qədər olan ərazilərin hamısı bütöv Azərbaycanın əraziləridir. Son dövrlərdə isə Azərbaycanda xarici siyasətin əsas prioriteti Qərbi Azərbaycanla  bağlı məsələnin bir qədər arxaya çəkilməsinə səbəb olub. Hesab edirəm ki, Azərbaycan xalqı və Azərbaycan dövləti Qarabağın probleminə baxanda bütöv baxmalıdır. Çünki bu, bütöv Azərbaycanın problemidir.

- Qərbi Azərbaycanın Göyçə mahalındansınız. Belə deyək də, məşhur Aşıq Ələsgərin yerlisisiniz.

- Təkcə Aşıq Ələsgərin yox. Kəndimizin tarixi adı Qaraqoyunlu olub. Sonradan, yəni 1935-ci ildən adını dəyişib Əzizli ediblər. Qaraqoyunlu Saleh Muradın qəbri bizim kənddə olub.

- Ailəniz kəndi tərk edəndə siz də orda idiniz?

-  Azərbaycanlıların sonuncu deportasiyası zamanı mən orada olmamışam. Amma ailəmiz 1988-ci ilin 4 dekabrında evimizi sonuncu dəfə tərk edib. Atam da, anam da son nəfəslərinə qədər doğma evlərinə qayıtmaq ümidi ilə yaşadı. Onlar bu arzu ilə də  dünyadan köçdülər.

- Torpağını, evini, isti ocağını itirən insanlar daha alovlu, daha yanıqlı olurlar. Amma onların 30 il keçəndən sonra dünyaya gələn nəvə-nəticə ata-babaları kimi torpaq, vətən eşqilə yanmır. Bu acı reallıqla razısınızmı?

- Tarixdə belə bir nümunə var: iki nəsildən sonra onların anadan olub doğulduğu ərazi unudulur, yada düşmür. Vaxtilə qaçqınlar haqqında bir jurnal oxumuşdum. Orada bir birmalı qızın cümləsi gözümə sataşdı: “Ömrümdə Birmanı görməmişəm. Amma ora mənim vətənimdir”. Vətən heç vaxt yaddan çıxmır. Çünki insan o torpağa, əraziyə  bağlıdır. Biz tarixi torpaqlarımızı da unutmuruq. Çünki insanın xarakteri, sosial vərdişləri, davranışları öz vətəninə bağlıdır. Ona görə də heç vaxt yaddan çıxmayacaq.


- Son olaraq soruşmaq istərdim: Göyçə mahalını yenidən nə vaxtsa görəcəyinizə ümid varmı?

- Torpağa qayıtmaq üçün işğal faktı aradan qaldırılmalıdır. İşğalın aradan qaldırılması üçün dövlətin güclü və iqtisadi ordusu, siyasi nüfuzu lazımdır. Bir də ölkədə bütün azadlıqlar təmin olunmalıdır ki, insanlar nə istədiyini cəmiyyətə çatdıra bilsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir