Modern.az

Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara çatıb

Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara çatıb

9 Oktyabr 2018, 20:57

“Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

 

Dövlət  başçısı qeyd edib ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb: “Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.

Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir.

İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.

Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir”.

 

Prezident vurğulayıb ki, ilin doqquz ayında xarici ticarət dövriyyəsi 37 faiz artıb: “İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılıb.

 

Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək.

 

Əlbəttə, qeyd etdiyim kimi, ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya Prezidenti mənimlə birlikdə iştirak edib. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. Ölkəmizə böyük həcmdə valyuta gələcək. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. Orada da sərmayələr yüz milyonlarla dollar həcmindədir.

 

Yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək. Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılmışdır və bu proses davam etdiriləcək”.

 

İlham Əliyev 2018-ci ilin enerji siyasətinin inkişafı üçün önəmli il olduğunu vurğulayıb: “Bu ilin may ayında biz Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur.

 

Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq.

 

Əlbəttə ki, ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu gün biz nəinki Şərq-Qərb, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıyıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu, hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq.

 

Regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb. Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir