Modern.az

Bakı Musiqi Akademiyası Bakı Ali Neft Məktəbinin qonağı olub - FOTO

Bakı Musiqi Akademiyası Bakı Ali Neft Məktəbinin qonağı olub - FOTO

Aktual

11 Oktyabr 2018, 10:09

Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında Azərbaycan və SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyilə fəaliyyət göstərən “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, orkestr Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundovanın rəhbərliyi və əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında BANM-ın professor-müəllim heyəti, administrativ heyəti və tələbləri üçün unudulmaz anlar yaşadıblar. Doqquz solistin və on altı orkestr üzvünün yer aldığı Gənclər Kamera Orkestri ölməz bəstəkarlar – Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Müslim Maqomayev, Niyazi, Aqşin Əlizadənin müxtəlif mahnılarını ifa edib.

 

Bütövlükdə orkestrin və gənc solistlərin ifaları BANM kollektivi tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb. BANM-ın rektoru Elmar Qasımov BMA-nın prorektoru, professor Yeganə Axundovaya gözəl ifa və əməkdaşlıq üçün öz təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlayıb. Orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı