Modern.az

Bakı Zooparkında meymunlar əkizlədi, maralların buynuzlarını kəsdilər, Yallı qoyun evləndirildi - REPORTAJ+ FOTOLAR  

Bakı Zooparkında meymunlar əkizlədi, maralların buynuzlarını kəsdilər, Yallı qoyun evləndirildi - REPORTAJ+ FOTOLAR   

11 Oktyabr 2018, 10:30

Bir neçə ay əvvəl Bakı Zooloji Parkının köçürüləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Bu informasiyanı dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşları Zooparkda olublar. Parkın direktoru Azər Hüseynov saytımıza müsahibəsində hazırda bu məsələnin gündəmdə olmadığını bildirib. 

- Azər müəllim, Zooparkda aparılan tikinti işləri köçürülməyə səbəb olacaqmı?

- Zooparkın köçürülməsi rəhbər təşkilatların sərəncamı ilə baş tuta bilər. Hazırda Zooparkın 4,25 hektar ərazisi var. 2 hektar ərazidə artıq təmir-tikinti işləri başlayıb. Bu layihəni işləyən mütəxəssislər Avropadan gətirilib. Mütəxəssislərdən ibarət komissiya Zooparkın köçürülməsi ilə bağlı qənaətə gələrsə və müvafiq  sərəncam imzalanarsa, bunu həyata keçirəcəyik. Amma hazırda bu, gündəmdə deyil. Zoopark fəaliyyətini hər zamankı yerində davam etdirir, heyvanlarımızın da hamısı buradadır.

- Bəs, Zooparkın hazırda yaşadığı problemlər nələrdir?

- Qışa hazırlıq işləri gedir. Qidalanma ilə bağlı heç bir problemimiz yoxdur. Yem tədarükü etmişik. Yonca, buğda, arpa, ət, darı kimi qidalar saxlanılır. İstilik sistemlərinin saz vəziyyətə gətirilməsi, damlardan yağış suyunun axmaması üçün bərpa işlərinin gücləndirilməsi və s. tədbirlər görülüb. Qış zamanı işıq, qaz olmadıqda müəyyən çətinliklər yaşayırıq. Amma bunu qısa müddətdə aradan qaldırmaq üçün əlimizdən gələni edirik.


- Heyvanlardan ölənlər, Zooparkdan qaçanlar olubmu?

- Bu yaxında marallarımız dava ediblər. Məcburən onların buynuzunu kəsmişik. Cütləşmə dövrü aqressiv olan heyvanlar bir qədər çətinlik yaradırlar.  Amma bu qısamüddətli olur. İri heyvanlarımızdan tələf olan yoxdur. Əksinə, bəzilərindən bala almışıq. Qafqaz nəcib maralından 3 bala, cırtdan maraldan və Ponidən hərəsindən 1 bala alınıb. Həmçinin, dekorativ keçilər, dəvəquşu emu da balalayıb. Ötən il bir balası olan oyuncaq meymunlardan isə bu il əkiz bala almışıq.

- Heç vətəndaşlardan kimlərsə Zooparka heyvan gətirib verirmi?


- Bakı sakinləri şəhərdən tapdıqları bir qamış pişini bizə veriblər. Artıq pişik sağlamdır və böyüyüb. 3 gün əvvəl isə Zooparka bir qızıl qaz veriblər, onun üçün də yer ayırıb, bəsləyirik.

Oktyabrın 4-də heyvanların müdafiə günü idi. Qeyd etdiyimiz kimi, bizim funksiyalarımızdan biri də xəstə, təbiətdən tutulma, ayı-canavar kimi vəhşi heyvanları qorumaqdır. Kimdə bu heyvanlar olursa, Zooparka gətirir. Həmin heyvanlara qulluq edir, saxlayırıq.

Zooparkdan heç vaxt heyvan satılmır. Nə təşkilatlara, nə də insanlara heyvan verilir, pulla satılmır.


- Əməkdaşlıq etdiyiniz qurumlar
, Zooparklar varmı?

- Bakı Zooloji Parkı Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. Bunun sayəsində biz başqa zooloji parklarla ünsiyyət qurub, lazım olan heyvanları mübadilə yolu ilə gətirək. Elə çox vəsaitimiz yoxdur ki, heyvanları pulla alaq. Ona görə dəyişirik. 1995-ci ildə Zooparkda 60 növ 200 baş heyvan var idi. İndi isə parkımızda 150 növ, 1000-dən çox irili-xırdalı heyvan var.

Son heyvan mübadiləmiz  Daşkənd Zooparkı ilə reallaşıb. Biz onlara Qu quşu, Soltan toyuğu vermişik. Əvvəl Gürcüstandan erkək Lama gətirmişdik. Daşkənddən isə dişi Lama gətirdik. Həmçinin, parkımızda olan dişi Yallı qoyun var idi, erkəyini gətirdik. Bundan əlavə, Daşkənddən Qutan və Quzğun da gətirdik.

Moskva Zooparkından isə Dağıstan turu, Göyqulaq qırqovul, xalçayabənzər ilan gətirmişik.

 


- İldən-ilə heyvanların sayı artır. Bu heyvanların yerlərini daraltmır ki?

- Yenidənqurma işlərini ona görə başlamışıq. Hazırda olan sıx qəfəslər daha iriləri ilə əvəzlənəcək. Aslanların, ayıların, tülkü və canavarların qəfəsi böyüdülür. Artıq Bakı Zooparkına tutulan iradlar, problemlər aradan qaldırılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbüsü və dəstəyi ilə Zoopark yenilənir. Axır ki, yeni, geniş və daha gözəlləşmiş Zooloji Parkla sakinlərə xidmət göstərəcəyik.

- Daha çox ilin hansı aylarında və hansı yaş qruplarında olan insanlar parkı ziyarət edirlər?

- Ən çox may ayında qonaqlarımız olur. Məktəblilərin tətilə çıxan vaxtları, hava şəraitinin normal zamanında ziyarət edənlər artır. Çox isti ya çox soyuq havalarda ziyarətçilərimiz az olur. Xüsusilə, həftəsonları Zooparkı ziyarət edənlər aşıb-daşır. Ən çox valideynlər övladlarını gətirirlər.


- Turistlər gəlirlərmi?

- Əlbəttə. Daha çox ərəb ölkələrindən, Rusiyadan gələn turistlər olur. Hərdən diqqətimizi ingilis, alman, türk dilində danışan insanlar da çəkir.

- Bakı Zooloji Parkının gələcək planlarına nələr daxildir?

- Əsas ümdə məsələmiz heyvanlara yaxşı qulluq etməkdir. Təmir-tikinti işləri yekunlaşandan sonra daha çox diqqətimizi artıracağıq və ziyarətçilərimizin də bundan məmnun olacağına əminik.
























Aysel Aslan
Fotolar: İsmət Paşa

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir