Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbi fəaliyyətində bu gün ilk təlimlər olub. Təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçir.
Azərbaycan Avtomobil Federasiyasından Modern.az-a verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində təşkil olunan ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparır. Təlimdə drift avtomobil idman növünün əsasları, drift elementləri öyrədilir.
Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.