Modern.az

Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

12 Oktyabr 2018, 10:23

10 oktyabrda şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida  İmanquliyevanın anadan olmasının 79-cu ildönümü tamam oldu.

Bütün elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapmasının tədqiqinə həsr edən Aida xanım özündən sonra çağdaş ədəbiyyatın tədqiqində yeni səhifə, yeni yol açdı.

Yazıya bu girişlə başlamamız heç də təsadüfi deyil. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər, həyata keçirdiyi layihələr də sanki Aida xanımın açdığı düşüncə, mədəniyyət cığırının davamıdır...

Aida xanım haqqında danışarkən, onu Şərq və Qərb mədəniyyətlərini birləşdirən körpünün müəllifi kimi qeyd etməliyik. Mehriban xanımın Heydər Əliyev Fondundakı fəaliyyəti  də bu mənəvi körpünün davamıdır...

Əvvəlcə, qeyd edək ki, Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş  Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Fond bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də misilsiz işlər görüb. Paytaxt və regionlarda tikilən məktəblər, bağçalar, təhsil, elm və maarifçiliyin bərqərar olduğu müxtəlif obyektlər buna əyani sübutdur.

Mehriban xanım Əliyevanın fəaliyyətində bir daha xatırlatdığımız kimi işıq yaymaq, aydınlatdırmaq durduğundan Fondun da həyata keçirdiyi layihələr bir növ buna əsaslanır, bu məntiqi tamamlayır.

Təkcə 2018-ci ildə Bakının Səbail, Maştağa, Nərimanov, Mərdəkan, Nəsimi, Bilgəh, Binə ərazilərində bağçalar, körpələr evi, orta məktəblər salınıb. Həmçinin, Abşeron, Şirvan, Ağcabədi, Samux, Tərtər, Saatlı, Qax və s. rayonlarda da bu tipli müxtəlif müəssisələr gələcək nəsillərin yetişdirilməsi məqsədilə ərsəyə gətirilib.

Bunlar hələ son illər Fondun təhsil sahəsində həyata keçirdiyi layihələrin heç cüzi faizi də deyil.

Amma biz bu yazıda başqa detaldan danışaq... Yuxarıda bildirdiyimiz kimi, Şərq və Qərb mədəniyyətlərini birləşdirən işlərə toxunaq.

Mehriban xanımın rəhbərliyi ilə Qərb və Şərqin bir çox ölkələrində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr var. Bunlar bir körpü deyilmi?!

Başlayaq... Yenə də həmin işartıların, parıltıların çox cüzi hissəsinə toxunacağıq.



Ziya körpüləri

Bir müddət bundan əvvəl Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməli qoyuldu.

Moldovanın Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzi 1600 kvadratmetrdən çox sahəni əhatə edir. Mədəniyyət-Təhsil Mərkəzinin binası lazımi avadanlıqla, eləcə də kompüter otaqları ilə təchiz olunacaq.

Mərkəz Azərbaycan rəhbərliyinin göstərişi əsasında Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunacaq.

Təməlqoyma mərasimində Moldova Respublikasının Prezidenti İqor Dodon, Qaqauziya Muxtariyyətinin xanım başqanı İrina Fedorovna Vlah, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev iştirak etmişdilər. 

Davam edək... Mətbuat səhifələrindən oxuyuruq:

“Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb.


Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb.

Açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti, tələbələr, Rumıniyada yaşayan azərbaycanlılar iştirak ediblər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Rumın-Amerikan Universitetinin rəhbərliyinə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. 

O, tədbir iştirakçılarına Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə məlumat verib, Buxarestdə bu fənlərin tədrisinin başlanması ilə iki xalq arasındakı əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib. 

Rumın-Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Şerban Corcesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya universitetə verdiyi dəstəyə və məhsuldar əməkdaşlığa görə təşəkkürünü bildirib. O, rumın tələbələrin Azərbaycan dilinə və ədəbiyyatına marağını iki xalq arasında gündən-günə inkişaf edən əlaqələrin təzahürü kimi qiymətləndirib, belə səmərəli layihələrin davamlı olacağına inandığını söyləyib. 

Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Məmmədova Buxarestdə belə bir imkanın yaradılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. O, rumın tələbələri arasında Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına marağın həddən artıq çox olduğunu vurğulayıb. 

Tədbir bitdikdən sonra Azərbaycan dili fənninin birinci dərsi başlayıb”.
 

Hələ cəmi iki faktı sadaladıq... Görülən işlərin cüzi bir hissəsini... Amma bunlar da mədəniyyətlərarası əməkdaşlığı, inteqrasiyanı görün, özündə nə dərəcədə əks etdirir...

Amma bunlarla kifayətlənməyək. Davam edək. Qərbin və Şərqin ayrı-ayrı ölkələrinə Heydər Əliyev Fondundan yayılan işığın parıltıları çox yerlərdə bərq vurur. Təbii ki, Mehriban xanım Əliyevanın sayəsində...

Ötən ilin sonlarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçasının təməli qoyuldu. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevan da  iştirak etdi.
Qeyd edək ki, şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcək.

  

Elə o əsnada, Leyla xanım Heydər Əliyev adına məktəbdə müəllim və şagirdlərlə görüşdü. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondu tərəfindən bu məktəbə göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

Leyla Əliyeva qeyd etdi ki, son illərdə Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirib. O vurğuladı ki, Fond təhsilin inkişafına xüsusi diqqət yetirir. Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada bir neçə təhsil layihələri reallaşdırıb. Leyla Əliyeva Azərbaycan - Rusiya əlaqələrinin möhkəmlənməsində gənclərin də böyük rol oynadığını qeyd etdi.

Sonra ilin ən yaxşı müəllimləri və şagirdləri təltif edildi. Məktəbə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olundu.

 


Ötənlərdə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz açıldı.

 

Orada da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak etdilər.

Mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin biliklərə yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir. 1947-ci ildə yaradılan mərkəz görmə qabiliyyətini itirən uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət göstərir.

Mərkəz Fondun sayəsində müasir standartlara uyğun sürətdə yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə həyata keçirməyə imkan yaradır.

Qeyd edək ki, mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili təşkil edir və həyata keçirir, kor və zəif görən uşaqların hər hansı sənətə yiyələnmələri üçün onları tərbiyələndirir. Bu qəbildən olan gənclər burada təhsil prosesi, sonradan görmə qabiliyyətini itirən tələbələr isə reabilitasiya mərhələsini keçirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif görən gənclərin təhsilə və müxtəlif peşələrə yiyələnmələri üçün tamamilə yeni standartlar təklif edir.

Davam edək... 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yekaterinburq gimnaziyasında Azərbaycan sinfi açıldı.

Yekaterinburqdakı 108 nömrəli gimnaziyada Azərbaycan dilində təhsil aparılan sinfin açılışı oldu.

Xatırladaq ki, UNESCO ilə sıx əməkdaşlıq edən mötəbər təhsil müəssisəsində Azərbaycan dilində təhsil aparılan sinif Heydər Əliyev Fondunun və Azərbaycanın Yekaterinburqdakı konsulluğunun təşəbbüsü və Sverdlovsk vilayət Administrasiyasının yardımı ilə açılıb.

O zaman mətbuat belə yazırdı:

“Rəmzi qırmızı lenti Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov və Sverdlovsk vilayət Administrasiyanın rəhbəri Yakov Silin, habelə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski kəsdilər. 

Yakov Silin çıxış edərək Sverdlovsk vilayətinin qubernatoru Yevgeniya Kuyvaşevanın təbriklərini çatdırdı, Azərbaycan ilə Sverdlovsk arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişafını yüksək qiymətləndirdi, Yekaterinburqun mötəbər ümumtəhsil məktəblərindən birində Azərbaycan dilində təhsil aparılan sinfin açılmasını mühüm hadisə adlandırdı. Y.Silin Azərbaycanın dahi siyasi xadimi, ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı, humanitar sahədə qarşılıqlı fəaliyyət sahəsində danılmaz xidmətlərini diqqətə çatdırdı. 

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Heydər Əliyev Fondunun və Azərbaycanın baş konsulluğunun təşəbbüsünü dəstəklədiyinə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirdi, yeni sinfin açılmasını Azərbaycan ilə Yekaterinburq arasında dostluq münasibətlərinin inkişafında əhəmiyyətli hadisə adlandırdı.  

S.Qasımov ölkəmizdə təhsil və humanitar əməkdaşlıq, Azərbaycanda rus dilinə və ədəbiyyatına qayğılı münasibət sahələrində dövlət siyasətindən ətraflı danışdı. Baş konsul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2010-cu ilin dekabrında Yekaterinburqa səfərindən sonra vilayətlə yaranan sıx əlaqələrdən söhbət açdı. Sultan Qasımov dostluq və tərəfdaşlıq əlaqələrinin təməlini qoymuş ümummilli lider Heydər Əliyevin əməkdaşlığın dərinləşməsində rolundan danışdı. Onun sözlərinə görə, strateji tərəfdaşlığın genişləndirilməsi ənənəsini Prezident İlham Əliyev uğurla davam etdirir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təbrik məktubları oxundu. 

Sonra mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri Azərbaycan diasporu nümayəndələrinin köməyi ilə təmir olunmuş sinfə baxdılar. Sinifdə təhsil alacaq 8 azərbaycanlı şagirdə Azərbaycan və Rusiya müəllimləri dərs deyəcəklər”.

 

Yenidən Aida xanım haqqında...

 

Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənən Aida xanım hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur. Bu da nəinki, ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Onun ilk mətbu məqaləsi bütövlükdə ərəb dünyasına, həm də Qərb mədəniyyətinə mənsub olan hərtərəfli şəxsiyyət kimi səciyyələndirdiyi livanlı yazıçı Mixail Nüaymə haqqında olub ("Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı"). Bundan başqa, A.İmanquliyeva bir neçə araşdırmanın da müəllifidir. O, ərəb ədəbiyyatını araşdırmaqla yanaşı, özünü həm də tərcümə sahəsində sınayıb, bu ədəbiyyatın bir sıra nümunələrini dilimizə çevirib. 

İki fərqli düşüncə arasında mədəniyyət körpüsünü salmaq Aida xanımın həyat kredosu idi. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunda gördüyü genişmiqyaslı işlər Aida xanımından estafet olaraq alınan və parıltısı dünyanın dörd bir tərəfində sezilən işıq nişanəsidir...

 

Elmin Nuri 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?