Modern.az

Səudi vəhşəti

Səudi vəhşəti

Aktual

12 Oktyabr 2018, 13:30

Hidayət Elvüsal


Jurnalist Camal Kaşıkçının Türkiyədə, Səudiyyə Ərəbistanının konsulluğunda öldürülməsi xəbəri dünyanın diqqət mərkəzindədir. Həm Türkiyə, həm də ABŞ prezidentləri bu qaranlıq hadisəyə kəskin münasibət bildiriblər.


Kaşıkcı S.Ə. vətəndaşıdır. Amerikada yaşayır. Kral ailəsinə qarşı mübarizə aparan bir qələm sahibidir. Onların qanunsuz əməllərini ifşa edir. Krallığın yeni şahzadəsi görünür onun qətlinə fərman verib.


Kaşıkçının konsulluq binasına daxil olma görüntüləri var. Amma çıxışı sübut edən hər hansı bir dəlil yoxdur. Başqa görüntülər isə sadəcə təəccüb doğurur. Belə ki, konsul Türkiyə tədqiqatçılarını qarşılayır və özünü itirmiş halda şkafları, soyuducunu açıb göstərir və deyir ki, baxın Kaşıkçı burada deyil. Bir diplomatın belə axmaq, düşük hərəkətləri həm gülüş, həm də ikrah doğurur.


Bəs Kaşıkçının o konsulluqda nə işi vardı? Məsələ bundadır ki, jurnalist Səudiyyə vətəndaşıdır və qanuna görə evlənməsi üçün həmin ölkənin rəsmi rəyi olmalıdır. Kaşıkçı oraya nişanlısı ilə gedib və xanım deyir ki, Camal “Əgər çıxmasam, filan nömrəli telefona zəng et”.


Amma qətl (artıq hamı bu variantı deyir) planlı bir şəkildə həyata keçirilib. Həmin ərəfədə Səudiyyədən 15 nəfərlik bir komanda gəlib. Ədliyyə naziri də aralarında olub. Kaşıkçı konsulluğa daxil olmazdan əvvəl bu gələnlər binada yerlərini tutublar. Daha sonra bir neçə qaraşüşəli maşın eyni vaxtda binadan ayrılır və müxtəlif istiqamətlərə gedir. Bunların da kamera görüntüləri var. Amma jurnalist bir daha gözə dəymir.


İndi fərqli fərziyyələr var. Kaşıkçı öldürülüb və o maşınlarda bəlkə də parçalara ayrılmış vəziyyətdə binadan çıxarılıb. Bu gümanı təsdiq edə biləcək detal həmin maşınlardakı iri qutulardır. Əgər belədirsə, Kaşıkçının parçalara ayrılmış nəşi elə həmin gün xüsusi təyyarə ilə Səudiyyəyə qayıdan komandanın əlində olub. Məqsəd əmrin necə yetirilməsinin sübutudur.


Başqa bir xəbərə görə, jurnalistin cəsədi elə konsulluğun bağçasında basdırılıb. Hələlik bunlar söylənən variantlardır. ABŞ və Türkiyənin xüsusi xidmət orqanları hadisə barədə birgə təhqiqat aparırlar.


Amma məsələnin çox da qabardılması təxmin edilmir. ABŞ bir müsəlman yazarından ötrü Səudilərlə münasibətini gərginləşdirməz. Turkiyə də elə. Ərdoğan Səudilərin kralı öləndə Türkiyədə 3 günlük matəm elan etdi. Halbuki, Səudilərin özləri buna o qədər də ağır matəm havası ilə baxmadılar.


Bütün buhlar öz yerində. Amma dünən bir cəza dəstəsi öz yurdunda Kaşıkçının qardaşının evinə basqın etmiş, onu və arvadını xəncərlə doğramışlar. Ailənin 3 uşağı qaçaraq canlarını qurtarıblar. Amma görünür ki, hələlik Səudi şahzadəsi onların da “qələmini qırmış” olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar