Modern.az

Deputat: “Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - MÜSAHİBƏ

Deputat: “Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - MÜSAHİBƏ

12 Oktyabr 2018, 19:21

Cavanşir Paşazadə: “İngilis senatoru dedi ki, mən torpağı yeyirəm...”


Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə AzNews.az saytına müsahibə verib. O, müsahibəsində cari ilin 9 ayı ərzində ölkəmizdə həyata keçirilən islahatlardan, aqrar sahədə görülən və görülməsi vacib olarn işlərdən danışıb. Modern.az saytı həmin müsahibəni təqdim edir:

- Cavanşir müəllim, 2018-ci ilin 9 ayı geridə qalıb. Ümumilikdə 2018-ci ili Azərbaycan üçün necə xarakterizə edərdiniz?


- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısı müşavirədə geniş nitq söylədi. 9 ayın yekunları müzakirə olundu, qarşıdakı vəzifələrə toxunuldu. Cənab Prezident müşavirədə ölkənin həyatı ilə bağlı son dərəcə müfəssəl təhlillərini verdi. Bu, hər bir azərbaycanlı üçün keçdiyi yolu qiymətləndirmək baxımından vacibdir.

Cənab Prezident həmçinin bu ilin 9 ayının ölkəmiz üçün uğurlu il olduğunu, geridə qalan müddət ərzində ölkə iqtisadiyyatının inkişaf etdiyini bildirdi. Bilirsiniz, Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regionun daim inkişafda olan ölkəsi kimi artıq öz sözünü deməyi bacarıb. Bir müddət əvvəl neftdən asılı bir ölkə olduğumuza baxmayaraq, həyata keçirilən uğurlu siyasət nəticəsində qeyri-neft sektoru inkişaf etdirilib. Kənd təsərrüfatı, sənaye və digər sahələrdə həyata keçirilən davamlı və məqsədyönlü işlər ölkə vətəndaşlarının sosial rifah halının yüksəlməsinə gətirib çıxarıb.

Cənab Prezident iclasda məmurlardan narazılıqlarını da dilə gətirdi, eyni zamanda yaxşı işləyən məmurları təriflədi. Bu tərif və tənqid Azərbaycanın güclənməsinə xidmət edir. Cənab Prezident kölgə iqtisadiyyatı məsələsinə toxundu. Qeyd etdi ki, kim bu məsələdə kiməsə güvənirsə, o güvən artıq olmayacaq. Hər biri mənə və gördüyü işə güvənsin. Bu, komitə sədrlərinə, icra başçılarına və nazirlərə mesajdır. Hər bir məmur bu mesajlardan nəticə çıxarmalı və ona həvalə olunan işlərin öhdəsindən layiqincə gəlməlidir. Təbii ki, cənab Prezidnet neftdən asılılığın azalması, yeni iş yerlərinin açılması və kənd təsərrüfatı sahəsində görülən işlərə də toxundu. Bildiyiniz kimi kənd təsərrüfatı ilə bağlı ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Bu sahədə çalışan insanlar bəlkə də bunu görə bilmirlər. Ancaq qarşıdakı illərdə bunun bəhrəsini görəcəklər.


- Prezidentin irad tutduğu məsələlərdən biri də qanunsuz tikililərlə bağlı idi. Bu sahədə hansı addımların atılması zəruridir?


- Cənab Prezident Azərbaycana rəhbərlik etdiyi bu müddət ərzində zaman-zaman hümanist addımlar atıb. Bu hümanizm istər əfv sərəncamlarının verilməsində, amnistiya aktlarının qəbul olunmasında, əhalinin kommunal xidmət sahələrinə olan borclarının bağışlanılmasında, vergi amnistiyasında, eləcə də qanunsuz tikililər sahəsində olub. Dəfələrlə olub ki, vətəndaşların qanunsuz evlərinin sökülməsinin qarşısı alınıb. Onlara evlərinin sənədlərinin alınması yönündə köməklik göstərilib. İndi artıq bu, mümkün deyil. İnsanlar bir çox hallarda onlara göstərilən humanizmdən sui-istifadə edirlər.

Bilirsiniz, Bakı turizm şəhəridir. Ölkəmizə dünyanın dörd bir yanından turistlər gəlir. Bu turistlər nəinki Bakıda eyni zamanda regionlarda da olurlar, qanunsuz tikililəri orda da görürlər. Bir də görürsən ki, magistral yolun düz kənarında marketlər tikilib, eləcə də dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər. Nəyə görə bir nəfərə görə şəhərimiz, ümumiyyətlə, Azərbaycanla bağlı mənfi fikir formalaşmalıdır? Mən Prezidentin bu yöndə dediyi fikirləri dəstəkləyirəm. Nə olunursa, nə edilirsə, Azərbaycan xalqı üçün edilir. Bu humanistlikdən sui-istifadə etmək düzgün deyil. Cənab Prezident humanistlik göstərməklə yanaşı, öz prinsipiallığını da ortaya qoyur. Bunu xalq bilməlidir.

O da aydındır ki, qanunsuz tikililər özbaşına ola bilməz. Bunlar Prezidentin etimad göstərdiyi insanların gözü qarşısında olub. O insanlar da bu gün vəzifədə deyillər. Onlar başa düşməlidirlər ki, nəyə görə vəzifədən gediblər. Onların arasında ölkə iqtisadiyyatına ziyan vuran insanlar var idi. Vergidən yayınan şəxs düşünür ki, özü üçün faydalı iş görüb. Ancaq fikirləşmir ki, cəmiyyətin inkişafına nə qədər ziyan vurub. Artıq yeni məmurlar bundan nəticə çıxarmalı, hər biri öz işində məsuliyyətli olmalıdır. Cənab Prezidnetin bilmədiyi məsələ yoxdur. O, dövlətin böyüyüdür. Cənab Prezident əgər bir məsələyə toxunursa, bir məsələ barəsində danışırsa, demək, bu, bayaq dediyim kimi bir mesajdır və hər bir məmur, Prezidentin etimad göstərdiyi şəxs bundan nəticə çıxarmalıdır. Belə olduğu təqdirdə həm halallıq, həm düzgünlük, həm də inkişaf olar.

- Dövlət başçısı çıxışında sərnişindaşımada olan problemlərə də toxundu...

- Bakıda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər görülür. Daxili işlər naziri cənab Ramil Usubovun rəhbərliyi ilə həyata keçirilən bu işlərin analoqu yoxdur. Bakıda dövlət əhəmiyyətli, eləcədə beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur. Bu tədbirlərin təşkil olunmasında ölkəmizə gələn qonaqların təhlükəsizliyin təmin olunmasında yol patrul xidmətinin mühüm rolu var. Onlar olmasa inanın şəhərdə vəziyyət acınacaqlı hal alar. Bu baxımdan mən cənab nazirə təşəkkür edirəm.

Sərnişindaşımaya gəlincə doğrudan da bu sahədə ciddi problemlər var. Büdcədən sosial məsələlərin, o cümlədən sərnişindaşımada müasir standartlara cavab verən xidmətin təşkili üçün kifayət qədər vəsait ayrılıb. Büdcədən pul ayrılır. İş məmurların öhdəsinə düşür. Məmur da işini düzgün qura bilmədiyi üçün nəticədə problemlər meydana çıxır.

Bu, tək avtobuslarda deyil. Taksi xidmətində də nöqsanlar kifayət qədərdir. Taksi sürücüsü sərnişinlə normal rəftar etmir. Siqaretlə bağlı qanun qəbul etmişik. Ancaq baxırsan ki, taksi sürücüsü sükan arxasında siqaret çəkir, qiymət məsələsində müştəri ilə əlavə danışıqlar vasitəsi ilə razılaşır. Ümumilikdə sürücü mədəniyyəti demək olar, yoxdur. Mövcud problemin aradan qaldırılması üçün ictimai qınaq lazımdır. Biz qanunlar qəbul edir, cərimələr tətbiq edirik. Mən hər dəfə çıxışımda bildirirəm ki, cərimələr olmalıdır, ancaq bununla yanaşı, ictimai qınaq da problemin aradan qaldırılmasında mühüm rol oynayır. Bu, bizdə yoxdur. Rusiyada baxırsan ki, səkidə maşın saxlayana qarşı qınaq kompaniyası həyata keçirirlər, maşınına müəyyən kağızlar yapışdırırlar. Düşünürəm ki, buna oxşar metodlar bizdə də tətbiq olunmalıdır. Bizdə isə səkidə maşın saxlayan öz qürurundan belə edir. Yanından keçən patrul maşını da bir çox hallarda buna əhəmiyyət vermir. Halbuki səkidə maşın saxlayan sürücüyə qarşı ciddi tədbirlər görülsə, onun maşını dayanacağa aparılsa, bunu görən digər sürücülər səkidə maşın saxlamaz. Yaxud qəza vəziyyəti işıqlarını yanılı qoyub yol hərəkətinə maneə olmaz. Bir sürücüyə qarşı belə tədbirlər görülsə, bu ictimailəşəcək və digər sürücülər də nəticə çxıaracaq. Qanunu heç sayan, öz qürurunu qanundan uca tutan sürücünü qürurdan salmaq lazımdır.

- Cavanşir müəllim, bu gün Milli Məclisdə qanunlar qəbul olunur. Ancaq bu qanunların yerinə yetirilməsində ciddi problemlər var. Buna misal kimi, siqaretlə bağlı qəbul olunan qanunu göstərmək olar.


- Deyə bilmərik ki, qanunun qəbulunun cəmiyyətə heç bir təsiri yoxdu. Mən özüm millət vəkili olmağıma baxmayaraq daim cəmiyyətin içində olan bir insanam. Deputat seçildiyim Lənkəran-Masallı seçki dairəsində olan insanlarla, və cəmiyyətin başqa təbəqələrindən olan insanlarla ünsiyyətdə oluram, müşahidələr aparıram. Müşahidələrim əsasında onu deyə bilərəm ki, qəbul olunan qərarların nəticəsi var. Onu da deyim ki, Milli Məclis tərəfindən qəbul olunan qərarlar son dərəcədə təkmil və dolğundur. Siqaretlə bağlı qanuna gəlincə, cərimələrin tətbiqi və elanların yerləşdirilməsi işləri həyata keçirilir. Ancaq bu işlər daha geniş şəkildə olmalıdır. Məsələn, kafeyə daxil olursan, siqaret çəkmək qadağandır elanını görürsən. Bu, yaxşı haldır. Ancaq daha yaxşı olar ki, elan tablosu balaca kağız üzərində deyil, bir az böyük formada yazılsın. Eyni zamanda həmin tabloda siqaretin fəsadları barəsində məlumatlar öz əksini tapsın. Və yaxud da kafelərdə siqaret çəkən insanlar üçün ayrıca yer ayrılsın. Onların yeri digərlərindən bir az fərqlənsin. Deyək ki, onların stolları fərqli, yerləri bir az soyuq olsun. Yəni insanlar bu fərqi hiss etsinlər. Belə olan halda siqaret çəkən insan düşünəcək ki, mən niyə digərlərindən fərqlənməliyəm. O zaman siqareti təngitmək yönündə düşünəcək. Bunlar təsiretmə mexanizmidir. Çox təəssüf ki, belə mexanizmlər bizdə işləmir.


- 2019-cu ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollar götürülməsi planlaşdırılır. Sizcə, belə bir qiymət sosial layihələrin həyata keçiriılməsində nə kimi rol oynayacaq?


- Neftin qiymətinin dövlət büdcəsində 60 dollar götürülməsi təbii ki, yaxşı haldır. Nəzərə alsaq ki, bu il neft daha öncə 50, sonradan isə 55 dollar civarında götürülüb. Bu, onu deməyə əsas verir ki. Gələn il gəlirlərimiz artacaq. Gəlirlərimizin artması isə ölkə iqtisadiyyatına müsbət təsirlərini göstərəcək. Eyni zamanda sosial layihələrin uğurla icra olunması ilə nəticələnəcək.


- Kənd təsərrüfatının inkişafından danışdınız. Bu sahədə özünüz bir canlanma hiss edirsiniz?


- Canlanma var. Bu canlanma həm maldarlqıda, həm əkinçilikdə özünü göstərir. Lakin bu, bizdə arxayınçılıq yaratmamalıdır. Kənd təsərrüfatında hələ çox işlər görülməlidir.

Bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Rayonlarda analoqu olmayan aqrar idarələr tikilib. Tikilib – çox gözəl; 54 rayonda belə idarələrin tikilməsi yarım milyarddan yuxarı pul edir. Bu idarələrin tikintisi ilə yanaşı biz sahibkarların bazara çıxış imkanlarını da yaxşılaşdırmalıyıq. Sahibkarlar dövlətin dəstəyi ilə bazaar çıxıb əkdiyi məhsulu rahat şəkildə satsa bundan həmin dövlət qurumları da müəyyən mənfəət əldə edəcək. Ondan sonar bu idarələrin saxlanılması, və digər xərcləri öhd eləmək daha asan olacaq. Təsəvvür edin. biz bu vəsaiti orta hesabla 2 rayona yatırsaydıq, görəsən o rayon 2 ildən sonra bizə nələr verərdi? Bizdə bu sahə inkişaf edir. Sahibkarlar torpağa həvəslə yanaşırlar. Dövlət tərəfindən də onlara lazımı diqqət və qayğı var. Ancaq sahibkar əkdiyi məhsulu bazara çıxarıb satmaqda çətinlik çəkir. Bayaq dediyim kimi, bazara çıxış imkanlarını yaxşılaşdırmaq lazımdır. Bazar tapılandan sonar ordan əldə edilən vəsaitlə 4 mərtəbəli aqroidarə yox, ürəyin nə istəyir, tikə bilərsən.

Bizdə kənd təsərrüfatını dərindən bilən insanlar az qalıb. Müasir gənclik kompüteri bilə bilər, layihə yaza bilər, ancaq torpağı bilmir. Biz öz təcrübələrimizdən yaxşı şəkildə istifadə etməliyik.

Heç kimə sirr deyil ki, cənub bölgəsinin 5 evdən 2-sinin nümayəndəsi Rusiyada alver edir. Nə üçün öz həyətinin məhsulunu aparıb orada sata bilməsin? Digər məsələ xırda kreditlərlə bağlıdır. Kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlara 4-5 min manat məbləğində kreditlər verilir. Sahibkar bu pulu alır və bankdan evə gedənə qədər pulun əhəmiyyətli hissəsi əlindən çıxır. Sonda isə nəticə olmur. 4-5 minlik kreditlə kənd təsərrüfatını dirçəltmək olmaz. Bunun üçün aqrokooperasiyalar yaradılmalıdır. Sahibkarlar üçün laboratoriyalar fəaliyyət göstərməlidir. Torpaqlar laboratoriyadan keçirilməlidir. Bu laboratoriyalar pulsuz olmaldır. Eyni zamanda laboratotiya sahibkara məlumat verməlidir ki, sən burda hansı məhsulu əkməlisən.


- Aqrokooperasiyaların yaradılmasına nə mane olur?


- Bunun problemi bizdə olan müxalifətdədir. Ulu öndər çıxışlarının birində dedi ki, hər bir kəndlinin öz vəzifəsi var, çünki onun pay torpağı var. Bəziləri isə düşünür ki, kooperasiyaların yaradılması pay torpaqlarının geri alınması deməkdir. Xeyr, belə deyil. Kooperasiyalar xirda ailə kəndli təsərrüfatlarının birləşməsi deməkdir. Yəni birinin traktoru var, birinin əkin sahəsi var, birinin isə işçi qüvvəsi var. Bunlar güclərini birləşdirir və fəaliyyət göstərirlər. Ancaq bizdə necədir? “Məmməd”in kənddə 30 sot torpağı var. O, traktorla yeri şumladan zaman traktor yerin yarısını şumlaya bilmir. Nəticədə biz kənd təsərrüfatına yararlı torpaqların yarısından faydalana bilmirik.

İngiltərədə senatla görüşdüm. Senatı görəndə düşündüm ki, bunu hardan gətiriblər? Xarici görkəm baxımından bilinir ki, kənd adamıdır. O, mənə bildirdi ki, laboratoriya ilə mübahisə aparır. O deyirdi ki, mən torpağı yeyirəm, onu duyuram. Bütün günü sahələrdəyəm. Mən kreslo adamı deyiləm. İndi bizdə də bu təcrübə olmalıdır. Torpağı bilən, onun dilini bilən insanlar bu sahəyə rəhbərlik etməlidir.


- Kənd Təsərrüfatı naziri digər həmkarlarından fərqli olaraq, sahələrə tez-tez gedir, sahibkarlarla elə sahədəcə görüşlər keçirir. Sizcə, bu ənənə nəticə verə bilərmi?


- Bir dəfə Eldar müəllimə (Eldar İbrahimov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri - red.) təklif verdim ki, televiziya və KİV-lərsiz nazirlik və ekspertlərlə birgə dəyirmi masa keçirək. Bu sahə ilə bağlı mövcud vəziyyəti təhlil edək, təkliflərimizi irəli sürək. Hələ ki, bir nəticə yoxdur. Bu görüşlər olsa, özü də müdəmadi təşkil edilsə, kənd təsərrüfatında daha ciddi nəticələr əldə edə bilərik. Təzə nazir də cavan olmasına baxmayaraq, artıq müəyyən dəyişikliklər edib.


- Müsahibə öncəsi bildirdiniz ki, Çeçenistanda səfərdə olmusunuz. Səfərinizin məqsədi nə idi?


- Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində iştirak etmək üçün mən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və mədəniyyət naziri Əbülfəz Qarayev Çeçenistanda olduq. Həmin gün Çeçenistan prezidenti Ramzan Kadırovun da ad günü idi. Çox hörmətlə qarşılandıq. Cənab nazir Əbülfəz Qarayev çıxışında Prezident İlham Əliyevin təbrikini oxudu. Milli Məclisin rəhbərliyi adından mən də Çeçenistan Prezidentini təbrik etdim. Ramzan Kadırov da öz nöbvəsində Prezident İlham Əliyevin regionda gördüyü işlərdən danışdı.

Tədbirdə Rusiya və digər ölkələrdən də nümayəndələr var idi. Orda bizə və Azərbaycana olan hörməti gördük. Təbii ki, bu hörmət cənab Prezident İlham Əliyevin simasında idi. Biz onu hiss etdik. Onlar Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyirlər. Azərbaycanı görmək, Azərbaycanda olmaq hər birinin arzusudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir