Modern.az

Təhsil eksperti deputatın rus bölməsi ilə bağlı təklifinə ETİRAZ ETDİ

Təhsil eksperti deputatın rus bölməsi ilə bağlı təklifinə ETİRAZ ETDİ

Aktual

14 Oktyabr 2018, 15:50

Deputat Gövhər Baxşəliyeva Milli Məclisin plenar iclasındakı çıxışı zamanı Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunduğunu vurğulayıb.

 

“Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyldir. Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı vaxtında alınmalıdır. Uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır”.

 

Bəs deputat Gövhər Baxşəliyevanın bu fikirlərinə təhsil ekspertləri nə deyir?

 

Rus bölməsi Azərbaycan məktəblərinə lazımdırmı?

 

Rus bölməsinin tamamilə bağlanması nə ilə nəticələnə bilər?

 

Modern.az-ın bu və ya digər suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb. Ekspertin sözlərinə görə, rus bölməsinin ləğv olunması vətəndaşların hüquqlarının pozulması deməkdir.

 

“Rus bölməsi ləğv olunarsa....”

“İlk növəbədə qeyd edim ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bu şagirdlərin təhsil bölməsindən asılı olmayaraq həyata keçirilir. Bu təklif ona görə irəli sürülür ki, son illərdə rus bölməsində təhsilə ciddi maraq oyanıb. Rus bölməsini ləğv etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadəlöhvlük olardı. Bu, birincisi vətəndaşların hüquqlarının pozulmasıdır. Çünki, keyfiyyətli təhsil almaq istəyən ailələrin övladları bu təhsildən məhrum olacaqlar. İkincisi, bu daha ciddi sıxlığa gətirib çıxara bilər. Azərbaycan bölmələrində kadr potensialı kifayət qədər deyil, siniflərin sayı azlıq təşkil edəcək”.

 

“Öncə təhsilin keyfiyyətini yüksəltsinlər”

Ekspert hesab edir ki, sıxlığın və valideyinlərin rus bölməsinə getməsinin qarşısını almaq üçün ilk növbədə Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır.

 

“Bundan sonra rus bölmələrinə qəbulu birbaşa yox, müsahibə mərhələsi tətbiq etməklə həyata keçirmək lazımdır. Yəni rus dilində bilik və bacarıqları olmayanlar, anlayışı olmayanları qəbul etməməklə bu problemi aradan qaldırmaq olar. İnsanlar ona görə rus bölməsində təhsil almağa çalışır ki, heç olmasa keyfiyyətli təhsil almasa da, azı bir xarici dili bilsin. Çünki Azərbaycan bölməsində xarici dillərin tədris vəziyyəti ürək açan deyil. Təhsil nazirliyinin keçirdiyi DQ və MİQ imtahanlarında ingilis və rus dili fənni üzrə müəllimlərin nəticələri aşağıdır. Bu və ya digər əlamətdar günlərdə, bayramlarda Azərbaycan bölməsinin bir sıra müəllimi şagirdlərdən pul yığsa da, rus bölməsində bu hala demək olar ki, rast gəlinmir. Digər fənləri repititor yanında tələblərə cavab verən səviyyədə mənimsəmək mümkün olsa da, xarici dillərdə bu effektiv alınmır. Hesab edirəm ki, ilk növbədə Azərbaycan bölməsində təhsilin keyfiyyətini artırmaq lazımdır, ondan sonra təklif edirəm ki, ibtidai siniflərdə ancaq Azərbaycan bölməsi olsun, yuxarı siniflərdə isə rus və digər bölmələr olsun. Yəni əsas baza azərbaycan bölməsində başlasın”.

 

Rus bölməsi üzrə təhsil alanların statikstikası necədir?

 

Kamran Əsədov rus bölməsi üzrə təhsil alan şagirdlərin statiktikasına da nəzər salıb.

“Xatırladım ki, hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!