Modern.az

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

15 Oktyabr 2018, 12:22

İdrak Abbasov: “Eynulla Fətullayev özünü bir jurnalist kimi dəfn edib”


“Qızım mənim yaşıma gəlib çatanda yəqin bütün dünya dillərini biləcək”

 

Modern.az saytı müxtəlif səbəblərdən daimi yaşamaq üçün xaricə köçmüş azərbaycanlı jurnalistlərlə müsahibələrə davam edir. Budəfəki həmsöhbətimiz Norveçdə yaşayan tanınmış jurnalist İdrak Abbasovdur. Onunla söhbəti təqdim edirik.

 

- İdrak bəy, bildiyimiz qədər hazırda Norveçdə bir neçə işlə məşğulsunuz… Mümkünsə bu haqda ətraflı danışardınız. 

 

- Bu ilin mart ayına qədər bəli, bir çox işlə eyni zamanda məşğul idim. Amma indi əsas bir işim var. Hər şeyi detallı sırası ilə deyim. Mən Norveçə Beynəlxalq İCORN təşkilatının "Azad şəhər" layihəsi əsasında qonaq qismində dəvət edimişəm. Bu layihə ilə 1995-ci ildə Norveçin Stavanger şəhərinə musiqiçi Araz Elsəs də dəvət edilib və orada 5-6 il yaşayandan sonra köçüb. Hazırda məndən başqa da bir azərbaycanlı yazıçı bu layihə ilə Norveçdə yaşayır. Yeni Norveçə gələndə fəaliyyətimi əsasən Azərbaycanla bağlı qurmuşdum…

- Dediyiniz yazıçı kimdir?

- Adını çəkməyək.

- Yaxşı, bəs sonra?

- Sonra bəzi beynəlxaq media qurumları, hüqüq mudafiə təşkilatları ilə əməkdaşlıq edirdim. Hədəf Azərbaycanda həbsdə olan jurnalistlər və digər vicdan məhbusları, onların ailələrinə kömək, buralardakı soydaşlarımızla birliklər qurmaq və s. kimi fəaliyyət idi. Amma təxminən bir illik çabalardan sonra anladım ki, buralarda soydaşlararımızla cəmləşib nəsə eləmək dəhşətli dərəcədə müşkül bir işdir.  Ona görə hamı ilə dost münasibətlərimi saxlayaraq, kənara çəkildim və qarşıma Norveç cəmiyyətinə inteqrasiyanı hədəf qoydum.  

 

- Bəs Azərbaycanla bağlı heç bir fəaliyyətiniz yoxdur? 

 

- Əvvəlki qədər yoxdur. Açığı indi fəallıq üçün vaxtım da qalmır. Əgər sən Azərbaycanla bağlı xaricdə fəallıq göstərirsənsə, işin-gücün yalnız bu olmalıdır. Azərbaycanla daim onlayın olmalısan, ölkədəki bütün prosesləri yaxından izləməlisən. Mənim isə təəssüf ki, kifayət qədər vaxtım yoxdur. Hər gün işdəyəm və istirahət günlərini də ailəmə sərf edirəm. Məhz istirahət günləri virtual olaraq Azərbaycanda baş verənləri öyrənirəm, dostlarla danışıram və s. Amma Norveçin yüksək siyasi dairələri ilə mütəmadi şəxsi görüşlərim olur, Azərbaycandakı vəziyyəti də müzakirə edirik. Yəni yaxamı tam da kənara çəkməmişəm. Məsələn, mən Norveç Jurnalistlər Birliyinin də üzvüyəm və qarşıdan gələn həftə birliyin Osloda illik toplantısı olacaq. İki gün davam edəcək böyük bir media tədbirində mən də paneldə çıxış edəcəyəm. Azərbaycanda medianın hazırkı durumunu gündəmə gətirəcəyəm.

- Norveç mediası ilə əməkdaşlığa necə başladınız? 

- İlk uğurlu addım şəhərimizin lokal qəzeti ilə əməkdaşlıq oldu. Norveçə gəlişimin 11-ci ayından başlayaraq bu ilin mart ayına qədər "Bö Blad" qəzeti ilə fasiləsiz əməkdaşlıq etdim. Qəzet üçün həm yazırdım, həm də internet səhifəsi üçün videoxəbərlər hazırlayırdım. Amma qəzet həftədə cəmi bir dəfə çıxır deyə orada çox pul qazanmaq mümkün deyildi.  

Yeri gəlmişkən deyim ki, Norveç Azərbaycanın heç bir sənədini tanımır və Azərbaycanda sən hətta nazir olmusansa belə, bu Norveçdə sənə heç bir üstünlük vermir. Hətta sürücülük vəsiqəsini belə sıfırdan sürücülük məktəbinə gedərək və çoxsaylı mərhələləri keçib, xeyli də pul xərcləyərək yenidən aldım.

- Yəni siz qaçqın düşərgəsi görməmisiniz?

- Bəli, mən bura qonaq kimi dəvətlə gəlmişəm və buraya gəlməmiş oturum iznim olub. Amma bura gələndən sonra bütün gəlmələrə tətbiq olunan inteqrasiya proqramı bizə də şamil edildi və bu proqram çərçivəsində mənə, yoldaşıma əmək haqqı verilirdi. Biz isə bu müddət ərzində dil kursuna getməli və bələdiyyənin bizə Norveç iş həyatına inteqrasiya uçün təklif etdiyi işlərdə də işləməliydik. Buna iş və dil praktikası deyirlər. Mən bu proqramla təxminən bir ay Qızıl Xaç Komitəsində işlədim. 80-90 yaşlı qocalara internetdə işləməyə kömək edirdim. Yeni bu kimi prosesi süründürüb, bir neçə il dil kursuna gedə, "praktika"larda gününü keçirərərək sosial yardım alıb yaşamaq da olar. Adamlar tanıyıram ki, 15-20 ildir buralardadırlar, ağızlarını da arasanız özlərini az qala baş nazirin müavini-filanı kimi təqdim edəcəklər, amma heç bir ciddi işin qulpundan yapışmırlar. Günlərini keçirib sosial yardım  alıb yaşayır və sosial şəbəkələrdə “qəhrəmanlıq” edirlər. Hətta mən dil kursuna gedəndə oradakı qaçqınlar da mənə məsləhət verirdilər ki, tez dil imtahanı verməyim, məni kursdan çıxarıb işə göndərəcəklər. Mən isə onlara gülürdüm və təxminən bir ilə Norveç dilini B2, yəni yüksək səviyyədə öyrənərək kursa əlvida dedim. Amma bələdiyyənin sənin üçün tətbiq etdiyi proqramdan imtina edirsənsə, özün öz başını dolandırmalısan, yəni dövlət sənə pul vermir. Bu səbəbdən də özümü oda-közə vurmağa başladım. Qısa müddətdə üzgüçülük təlimatçısı kurslarını keçərək, həm də üzgüçülük təlimatçısı kimi işə başladım. Mən Oslodan təxminən 150 kilometr cənubda yerləşən çox da böyük olmayan, amma gözəl və sakit bir şəhərdə yaşayıram. Qəzetdə işlədiyimə görə qısa müddətdə məni burada hamı tanıdı və şəhərimizin bütün ictimai-siyasi və mədəni tədbirlərində aktiv iştiraka başladım. Şəhərimiz iki böyük festival təşkil edir. Artıq 3 ildir ki, "Bökeri Bö"nun təşkilində iştirak edirəm və bu il həm də yaşadığım Telemark bölgəsinin ən böyük beynəlxalq mədəniyyət festivalı olan "Telemark festevalen"in idarə heyətinə üzv seçilmişəm. Yəni mən burada cəmi beş idarə heyəti üzvündən biri və yeganə əcnəbiyəm. Bu işlərlə paralel bizim bələdiyyə sosial mudafiə fondu (NAV) və biznes inkişafi mərkəzi - "Spire og Gro AS" - şirkətini yaratdı. Şirkətin hədəfi yerlilərlə gəlmələrin müştərək işləmək imkanlarına dəstək idi. Şirkətin bir neçə profil üzrə fəaliyyəti var idi. Meşə təsəffüfatı, yaşıllaşdırma, tərəvəzçilik, əl işləri və s. Mən isə bu şirkətin internet səhifəsinin admini və redaktoru, üstəlik marketinq şefi kimi işə başladım.  

- Tərəvəzçilik demişkən. Bir ara yazdılar ki, İdrak Abbasov Norveçdə göyərti satır. Səhv etmiriksə, onu jurnalist Eynulla Fətullayev ictmailəşdirmişdi. Gəlin, bundan da detallı danışaq.

  - Bəli, bəli! Düz hədəfə vurdunuz. Norveçdə hətta baş nazir də sabah gedib yer belləyə, süpürgəçilik edə bilər və buna çox normal yanaşılır. Məncə yaşıllaşdırma ilə məşğul olmaq və ya istixanada işləmək çox gözəl işdir. Amma mənim göyərti satmağımın qabardılması yalnız “qara piar” məqsədli iş idi. İkincisi də, bir şirkət göyərti istehsal edirsə və onun marketinq şefinin də işlərindən biri bu məhsulun satışının təşkili və reklamıdır. Şəxsən özüm jurnalistlərlə danışıq apararaq, məhsulumuzun və fəaliyyətiminin reklam edilməsi üçün reportaj hazırlanmasında iştirak etdim. Amma keçmiş həmkarım Eynulla Fətullayev bu məlumatı bir az da konteksdən çıxardı.

Guya məni "heç" kimi qələmə vermək məqsədilə belə bir qərəzli məlumat tirajladı. Səs-küy saldı ki, ay aman Norveçə qaçan jurnalist göyərti satır. Guya göyərti satmaq özünü satmaqdan daha ayıblı bir şey imiş?  Eynulla Fətullayev həm də bu yazı ilə bərabər bir istixandan çəkilən şəkilimi də paylaşdı.

Təssüf ki, başqa media orqanları da bu xəbəri dəqiqləşdirmədən paylaşdılar. Amma nədənsə Eynullanın özü və digərləri o şəkildə əhəmiyyətli bir detala fikir vermədilər. Şəkildə mən və istixanada işləyən əməkdaşımız Oddmund Nilsen əks olunub. Oddmund mənim arxamda, fəhlə paltarındadır, mən isə səliqəli geyimdəyəm. Əlimdə göyərti dibçəkləri ilə bərabər həm də, qələm, kitabça var.  Əminəm ki, Eynulla özü də bunu görüb. O gözəl anlayıb ki, mən orada fəhlə, Sabunçu bazarında göyərtisatan və ya "qadan alım, nə iş desəniz görərəm, amma məni Azərbaycana göndərməyin" vəziyyətində deyiləm. Siz də “Google” axtarış sistemində həmin şəkli tapıb baxa bilərsiniz. Sadəcə, Eynulla bəy özündən müştəbehlik sindromuna yoluxub. Onun aləmində İdrak Abbasov bir heçdir, savadsız, qabiliyyətsiz, qoyun-quzu otarmağa yarayacaq biridir.

- Sonra özü ilə danışdınız?

 

- Şəxsən mənə yazıb ki, sənə jurnalistikanı qadağan eləmək lazımdır. Niyə? Çünki, adam həbsdən çıxandan sonra bizlərin onun üçün dünyanın dörd yanından ayarladığımız mükafaları yığmağa başladı. Belə səfərlərindən birini də Fransaya etmişdi və orada Jurnalistlər Evində bir süpürgəçi ilə söhbət etmişdi. Həmin süpürgəçi ölkəsində tanınmış dissident və jurnalist olub. Fransaya gələndən sonra süpürgəçiyə çevrilib. Yəni Eynullaya da xaricdə qalmaq təklifləri var idi, sadəcə özünün də həmin qardaş kimi süpürgəçilikdən o yana inkişaf perespektivlərini görmədiyi üçün ölkəyə geri dönərək, jurnalistika prinsipərinə xəyanəti seçdi. Yeri gəlmişkən, bir müddət əvvəl Norveçin iri qəzetlərindən biri mənimlə bağlı böyük bir yazı dərc etdi. Maraqlıdır, Eynulla o yazını nə əcəb görməyib? Bu yazıda mənim Norveçin İctimai Teleradio Şirkətində işləməyimdən və qısa müddətə bu uğuru əldə etməyindən söz açılır. Eynulla müəllim, mənə qarşı qarayaxma kampaniyası aparanda yazırdınız ki, ay ermənilər cəmiyyətə inteqrasiya edir, hətta kənd qəzeti də olsa, jurnalistikada qalır. Haqqımda o qarayaxmaları yazanda mən qəzetdə də işləyirdim və yazılarımı da Facebook-da paylaşırdım, amma görməzlikdən gəldilər. İndi ondan və ağalarından soruşun, görək cəmi 3 ilə yaşadığı ölkənin bir nömrəli teleradio şirkətində 100 faizlik iş müqaviləsi ilə işləyən hansı erməni və ya ölkəmizdən olan digər mühaciri tanıyır?  

 

- Mən də sizə “keçmiş həmkarlarınız – Eynulla Fətullayev, Xədicə İsmayılla əlaqələriniz varmı-yoxmu” sualını verəcəkdim.  

 

- Eynulla ilə əlaqəm-filanım yoxdur. Sadəcə, bir dəfə hansısa bir ingilis mediasında gedən məqaləni kəllə-mayallaq təqdim etmişdi və mən də səhifəsində yazdım ki, düz yaz. O da səviyyəsinə uyğun məni təhqir etdi və sonda da mənə bir az hədə yazdı, vəssəlam.  Xədicə ilə Eynullanın adlarının bir arada çəkilməsi düzgün deyil. Eynulla artıq beynəlxalq aləmdə jurnalist kimi qəbul edilmir, o, özünü bir jurnalist kimi dəfn edib. Xədicəyə gəldikdə isə onunla Azərbaycanda olanda da yalnız həmkar yox, həm də ailəlikcə yaxın idik, gediş-gəlişimiz var idi.

  

- Belə anladıq ki, Eynulla Fətullayev sizinlə körpüləri yandırıb…

 

- Körpü deyəndə ki, onunla keçmişlərdə eyni gəmidə olmuşuq. Sosial Demokrat Partiyasının gənclər təşkilatında, sonra "İmpuls", "Yeni İstiqlal" qəzetlərində. Belə sıx dostluq münasibətlərimiz də olmayıb. Biz eyni yaşdayıq, amma o özünü həmişə məndən böyük, qüdrətli sayıb, məni özünə tay-tuş görməyib, nəsə özünü böyük görüb.

 

- Onda mövzunu dəyişək. Norveç bahalı ölkə hesab olunur. Yaşayışınız, dolaşığınız çətin deyil ki?  

- Bəli, Norveç bəlkə də dünyanın ən bahalı ölkəsidir. Amma sistem elə qurulub ki, burada heç kim küçədə qalmır, heç kim ac və paltarsız, müalicəsiz, təhsilsiz qalmır. İndi mən Norveçin İctimai Televiziyasında işləyirəm. Babat maaş alıram. Hərçənd ki, aldığım əmək haqqının hər 10 manatından 3,5 manatını vergi verirəm. Üstəlik mən yeni ilə qədər teleradio şirkətinin mərkəzi ofisində işləyirəm deyə, bir az işə gebib-gəlməyə görə əziyyət çəkirəm. 

Hər gün səhər tezdən evdən çıxıram və axşam saat 7-8 üçün evə gəlirəm. Yəni gündə təxminən 5-6 saatım yola gedir. İctimai nəqliyyat da bahadır. İşə sürət qatarı ilə gedirəm və aylıq bilet alıram, qiyməti bizim pulla təxminən 900 AZN-dir. Amma xoşbəxtəm ki, əksər norveçli jurnalistlərim də xəyal edə biləcəyi yerdə işləyirəm və bu səbəbdən sutkada 4-5 saat yatmaq məni yormur.

Həyat yoldaşım da məktəbdə müəllim köməkçisi işləyir. Amma hələlik hətfədə cəmi iki gün. Yəni, ev kirayəmizi verməyə, adam kimi keyfiyyətli qida qəbul etməyə, normal avtomobil sürməyə, hətta Azərbaycandakı qohum-əqrəbaya yardım göndərməyə imkanımız var.

Ən böyük xərc isə ev kirayəsi və kommunal xərclərə gedir. 

  

- Bəs niyə paytaxta köçmürsünüz? 

  

- Yox, belə bir planımız yoxdur. Hazırda mənim Osloda işim var və əksəriyyətin arzusu olsa da, mənim Osloya və ya digər iri şəhərlərə köçmək fikrim yoxdur. Bizim şəhərdə demək olar ki, hamı ailəmizi tanıyır və biz də çoxlarını tanıyırıq, xeyli dostlarımız var. Norveçdə dost tapmaq asan iş deyil. Norveçli səni tanımasa, səninlə heç vaxt dost olmaz. Amma səni tanıdısa, dünyanın ən yaxşı dostu olacaq. Bizim şəhərdə hər şey, hətta universitet də var. Yeri gəlmişkən, mən də orada təhsil aldım. Həm də kiçik şəhərlərdə kriminal olmur. Uşaqları hansısa dairələrin təsirinə düşmədən böyütmək daha rahat olur. Amma hələ gələcəklə bağlı 100 faizlik qərar da verməmişik. Yəni, hazırda şəhərimizdə özümüzü evdəki kimi hiss edirik. 

  

- Düzünü deyin, Norveçə gedəndən sonra peşmanlıq çəkmədiniz ki? Xanımınız buna görə sizə heç etiraz etdimi?  

 

- Əslində öz ağlıma qalsaydı, hələ də Azərbaycandan köçməzdim. Köçməyimizdə xanımın az rolu olmadı. Mühacirətdən qorxurdum, hər şeyi yenidən, sıfırdan başlamaqdan ehtiyatlanırdım və əksəriyyətdən fərqli olaraq bilirdim ki, mühacirət edəni oturub qızıl çıraqla qarşılamağa düzülməyiblər.

Pul da küçələrdə xəzəl kimi deyil! Yeni mədəniyyət, dil, həyat… Yaşı 40-ı haqlayan adama hər şeyi yenidən başlamaq asan gəlməsin. Amma heç peşmanlıq yoxdur. İndi deyirəm ki, gərək 10-15 il tez mühacirət edəydim. Təəssüf ki, mən vətənimizə lazım olmadım, hər yerdə başıma vurdular, haqqımı çeynədilər, itaətə çəkdilər. Amma ruhu azad olan adamı itatə məhkum etmək olmaz və mən də şükür ki, gec olsa da düz yolu seçdim. 

  

- Norveç vətəndaşlığı ala bilmisiniz? 

  

- Nədənsə çoxları elə bilir ki, vətəndaşlığı, həm də Norveç kimi bir ölkənin vətəndaşlığını küçəyə töküblər, sadəcə əyilib qaldırmaq lazımdır. Burada vətəndaşlıq almaq üçün qanuni oturumla azı 7 il yaşamalısan. Ailədə yaşı 18-dən yuxarı təhsil almayan şəxslərin daimi işi olmalı, illik ailədə 18 yaşından yuxarı şəxslərin adambaşına düşən gəliri təxminən 47000 AZN həcmindən yuxarı olmalı, bu illər ərzində heç bir cərimən və cinayət tərkibli əməlin olmamalı, dili və qanunları bilməli və müvafiq imtahanlardan keçməlisən. Bizdə hər şey yolunda gedir və təxminən 3 ildən sonra vətəndaşlığa baş vura bilərik. Hazırda isə Azərbaycan vətəndaşıyıq və hətta Norveçdə anadan olan kiçik oğlumuz da Azərbaycan vətəndaşıdır.   

  

  - Nə vaxt məmləkətə gəlmək barədə düşünürsünüz?  

 

- Baxaq, görək! Hələ elə bir planım yoxdur.  

  

-  Avropa obrazı bizlərin düşündüyü kimidirmi?  

  

- Tam nəyi nəzərdə tutduğunuzu anlamadım.

- Elə hər mənada – istər mənfi düşüncələr, istərsə də müsbət.

- Azərbaycanda Avropa obrazı deyiləndə bəziləri əsasən mədəniyyətsizlik, əxlaqsızlıq, homosekualizm və başqa məsələləri nəzərdə tutur. Əsl Avropa dəyərləri isə qanunların şah olması, hamı üçün bərabər şərtlərin mövcudluğu deməkdir. Avropa şərti odur ki, əgər istəsən və bir az da bəxtin gətirsə, sən qısa müddətdə arzuladığın həyatını qurub azad və təhlükəsizlikdə yaşaya bilərsən. Bu ölkədə sistem elə qurulub ki, kimsə hətta uşaq belə valideyindən asılı deyil. Dövlət hər kəsin hər bir haqq və hüququnun gerçək qarantıdır. 

  

- Norveç dilini məqalə yaza biləcək səviyyədə öyrənmisiniz?

 

- Heç bir dili heç kim 100 faiz bilmir. Amma yerli dili Norveçin İctimai Televiziya və Radio Şirkətində işləməyə imkan verəcək dərəcəyə qədər öyrənmişəm. İndi isə bir az ləhcənin təmizlənməsi üzərində işləyirəm. Çünki televiziya və radioda xəbərlər diviziyasında ləhcəsiz, səlis danışmalısan ki, hər kəs səni anlasın. Ustəlik Norveçdə nynorsk və bukmol var. Mən hər ikisini bilirəm. Çünki yaşadığım bələdiyyə nynorsk dilli bələdiyyədir. Amma ölkənin əksəriyyəti bukmolda danışır. Prodakşnlarda isə əcnəbi ləhcəsi və elə Norveçin öz ləhcələri çox normaldır, xəbərlərdə isə yox! Mən isə gündəlik xəbərlərlə işləyirəm, radio, TV üçün tək tam sərbəst, sıfırdan son məhsula qədər xəbərlər hazırlayıram. 

  

- Övladlarınızın təhsili nə yerdədir?  

 

- Burada ilk 7 il uşaq məktəbidir və dərslər çox ümumidir, interaktivdir, hətta uşaqları vurma cədvəlini belə öyrənməyə məcbur etmirlər, qiymət də verilmir. Amma gənclər məktəbindən sonra dərs yükü çoxalır, qiymətləndirmə və ixtisaslaşdırma başlanır. Məktəbdə əsas məqsəd azad vətəndaş, düşünə bilən, müstəqil qərar verə bilən, dünyanın gediş-gəlişini anlayan, müasir texnologiyaları bilən adamlar hazırlanır. Üstəlik uşaqlara bir neçə dil öyrədilir. Böyük övladımız qızdır, 9-cu sinifə gedir. Talış, Azərbaycan, türk, ingilis, ispan, norveç nynorsk, norveç bukmol, rus dillərini bilir. Amma mən onun yaşında olanda yeganə bildiyim dil talış dili idi. Azərbaycan türkcəsini isə çox primitiv şəkildə bilirdim. Düzdür, indi mən də 5-6 dil bilirəm. Amma qızım mənim yaşıma gəlib çatanda yəqin bütün dünya dillərini biləcək. Üstəlik, uşaqlarım idmanla da məşğuldurlar və bir az işləyib pul da qazanırlar. Məsələn, qızım həm üzgüçülük üzrə təlimçidir, həm də futbolda hakimlik edir. Özü həm peşəkar üzgüçülük və futbolla da məşğuldur. Amma gələcəkdə jurnalist və ya vəkil olmaq istəyir. Hər halda onda olan kəllə məndə olsaydı, ixtiraçı olardım. Amma özü bilər, qoy sevdiyi sənəti seçsin. Böyük oğlum 7-ci sinifdə oxuyur. O da bacısı kimi peşəkar futbol və üzgüçülüklə məşğuldur və həm də hakimlik edir. Ustəlik musiqiyə də həvəsi var. O da bacısı kimi bir neçə dil bilir və kəlləsi saat kimi işləyir. Ortancıl oğlum 4-cü sinifə gedir, idmana həvəsi yoxdur, amma əl işləri yaxşıdır. Rəssamlıq və yazıçıqıla məşğuldur. Hətta məktəb qəzetini hazırlayır. Kiçiyi də 3 yaşındadır, uşaq bağçasına gedir və talış, Azərbaycan, Norveç və ingilis dillərində danışır. 

  

- Ordakı azərbaycanlılarla əlaqələr, kimlərləsə ailəvi gediş-gəlişiniz varmı? 

 

- Norveçdə o qədər də çox azərbaycanlı yoxdur. Çoxu ailə qurub gələn xanımlardır. Son illər bir az qaçqın kimi gələn də olub. Amma burada oturum izni əldə etmək və şərtlər məsələn, Almaniya, Hollandiya, Fransa və ya İsveçlə ilə müqayisədə çox ağırdır. Ustəlik ölkənin soyuq və yağmurlu olması da Azərbaycandan qaçanlar üçün buranı cəlbedici etmir. Ölkə uzun və böyük bir kənddir. Tanıdığım 5-6 ailə var, amma son vaxtlar elə də gediş-gəliş yoxdur. Çünki buna heç vaxt da yoxdur. Osloda işə başlayanda gedib orada bizim tələbə gənclər təşkilatını tapıb onlarla da tanış oldum. Yaxşı, müasir təfəkkürkü uşaqlar idi.
Cənubi Azərbaycandan olan bir-iki dost da var. Amma dostlar çox deyil. 

  

- Sizin Bakıda qalmaqallı ev məsələniz vardı. O evin axırı necə oldu, satmısınız, yoxsa hələ qalır?

- Mən bu barədə dəfələrlə demişəm, amma nədənsə kimsə məni eşitmək istəmir. Mənim evimlə bağlı heç bir problemim olmayıb və indi də yoxdur. Hazırda da evim Sulutəpədə qalır və kommunal xərclərini də şəxsən buradan ödəyirəm. Sadəcə yayda od vurub bağımı yandırıblar, vəssəlam. Mənim SOCAR ilə davam öz evimə görə olmayıb. Camaatın evini sökəndə dəfələrlə çəkmişəm, yaymışam və qisas üçün atamgilin evlərinə hücum ediblər və bir qardaşımın evini uçurublar. Onun da kompensasiyasını veriblər və yenidən qardaşım evini bərpa edib. Hətta vaxtı ilə cənab Əli Həsənov da mənə analoji sualı verdi. Məm də dedim ki, problem mənim evimlə bağlı olmayıb. Hətta köhnə məhlədə yaşayan atamgilə edilən hucum da mənim SOCAR-la uzunmüddətli münaqişəmdən 3-4 il sonra olub. Amma məni orada camaatın evini sökəndə, yəni reportajda olduğum zaman döyüb şikəst ediblər. Reportajda da tək olmamışam, o zaman “Yeni Musavat”ın əməkdaşı Günay Musayeva də orada şahid olub. Onu da döymüşdülər. Haqqımı, sağlamlığımı əlimdən alanlara bağışlamaq fikrim yoxdur. Məsələ ilə bağlı şikayətim Avropa Məhkəmsindədir və yaxın gələcəkdə qərar olacaq.
Evə gəldikdə,  bir-iki jurnalist dostuma təklif etmişəm ki, gedib yaşasınlar. Amma istəmədilər. Hazırda isə evimdə hədsiz kasıb olan bir ailə hansısa bir ödəniş etmədən yaşayır. Dediyim kimi, hətta kommunal xərcləri də özüm verirəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...