Modern.az

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

15 Oktyabr 2018, 12:30

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Azərbaycan dili dil quruculuğu prosesinə və bütövlükdə dildə gedən hər bir hadisəyə ayıqdır, yaxşı mənada oyaqdır. Bu mənada dilimiz yaşamaq və inkişaf etmək haqqını güzəştə getmir, layiq olduğu həddi, səviyyəni qoruyub saxlamaqla yaşayır, inkişaf edir. Eyni zamanda dilimizin fonetik, leksik və qrammatik quruluşuna ziyan gətirən nə varsa, onların hamısından imtina edir. Su daşı suyu damcı-damcı süzüb təmizlədiyi kimi, dil də öz daxilində gedən prosesləri bir-bir saf-çürük edir, ayırır, dilin öz tələbinə və tələbatına uyğun şəklə salır.

İctimai-siyasi, elmi, mədəni, iqtisadi, sosial və s. oyanışlar dilin zaman-zaman dil quruculuğu proseslərinə qoşulmasını stimullaşdırır. Bu proses, yəni ictimai-siyasi, elmi, mədəni, iqtisadi, sosial və s. oyanışlar və dilin zaman-zaman dil quruculuğu prosesinə qoşulması “yeni dil” yaratmaq deyildir. Bu, dilin mövcud olan reallıqlara diqqətidir. Belə diqqət olmazsa, onda dil reallıqlardan kənarda qalar. Nəticədə dövrün reallıqları ilə bağlı olan anlayışları ifadə edən sözlər dilin lüğət tərkibində özünə yer ala bilməz və konkret tarixi dövrlər dilə iz sala bilməz. Axı konkret tarixi dövrlərlə əlaqəli bir çox anlayışlarla bağlı dildə kifayət qədər sözlər vardır. Belə sözlər dilə təbii şəkildə elə daxil olur ki, elmin, texnikanın, məişətin müxtəlif sahələrində həmin sözləri işlətmək məcburiyyəti yaranır. Təsadüfi deyil ki, dilimizə elm və texnikanın müxtəlif sahələrinə aid – mətbuat, televiziya, kino, radio, informatika, informasiya texnologiyaları, müasir kommunikativistika sisteminə, aşpazlıq, kulinariya, turizm sahələrinə aid müxtəlif sözlər daxil olmuşdur. Odur ki, 2000-ə yaxın yeni söz və terminlər toplanıb 2016-cı ildə “Yeni sözlər və yeni mənalar lüğəti” çap olunmuşdur. Belə sözləri işlətməmək mümkün deyildir. Məsələn, audiomultirum (Ağıllı ev sisteminin tərkib hissəsi olan evdə səs siqnallarının paylanması və idarə olunması sistemi), abroqasiya (Köhnəlmiş qanunun səmərəsizliyi və ya zamanınla ayaqlaşa bilməməsi səbəbindən tamamilə ləğv olunması – köhnə qanunun yenisi ilə əvəz olunması), akkreditasiya (Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur), akkresiya (Beynəlxalq hüquqda dövlətin ərazisinin yeni yaranmış quru sahələr hesabına təbii genişlənməsi), akvamədəniyyət (Su orqanizmlərinin (balıq xərçəngkimilər, molyusklar, yosunlar) yetişdirilməsi və artırılması), karqo (Xarici ticarət əməliyyatlarında: ünvanı müəyyən olunmamış gəmi yükü), modem (Telefon xətti və ya internet kabeli vasitəsilə gələn siqnalı (analoq və ya rəqəmsal) çevirən və ya paylayan cihaz), mol (Bir böyük binada cəmləşdirilmiş əyləncəsi və yeməkxanaları olan ticarət mərkəzi), notbuk (Daşınan fərdi kompüterin xüsusi növü), printer (mətn və ya qrafik informasiyanın çap olunması üçün nəzərdə tutulmuş, kompüterin xarici periferik qurğusu olan çap maşını) və s.

Bu sözlər və digərlərinin hər biri tarixi dövrün möhürünü dilə vurmaqla onu (yəni dili) dinc buraxmır. Bir sözlə, tarixi dövr məcbur edir ki, dil ayıq, sayıq olsun, ona daxil olmaq istəyində olanlara (sözlərə) diqqət göstərsin. Dil diqqət göstərdiyi zaman öz gücünə inandığı üçün səxavətindən də əl çəkmir. Belə ki, dildə gedən proseslərə səxavət göstərərək sözlərin dilin lüğət tərkibinə daxil olmasına və çıxmasına imkan yaradır. Bu imkanın sayəsində dildə gedən proseslər tənzimlənir, dilin öz qeyri-qanuni prosesləri qaydaya salınır. Dilin özü qədər dildə gedən qeyri-qanuni prosesləri tənzimləyən hakim yoxdur. Dilin özü yaxşı mənada dil quruculuğu prosesinin hakimidir. Dilin özü hakim kimi bütün üslubları, eləcə də dilin lüğət tərkibini qaydaya və sistemə salır. Həmin qaydanı və sistemi ənənəyə çevirən və belə demək olarsa, burada bir kristallıq yaradan isə yazılı dildən, onun qaydalarından düzgün istifadə edənlərdir. Məhz elmi, bədii, rəsmi, publisistik və digər üslublar (tarixən dildə yeni-yeni üslublar yaranır), o cümlədən şeir, nəsr dili dilin ölçülərini qoruyub saxlayır, təkmilləşdirir və inkişaf etdirir. Ancaq bununla belə, kimlərsə dilin qayda-qanunlarından düzgün istifadə etmirsə, onlar dili yanlış yollara sürükləyir, uydurma dil yaradırlar. Dilə bu cür mövqedən yanaşanlar dilə qarşı yırtıcılıq edir, nəticədə dilin qayda-qanunlarını bilənləri qıcıqlandırır, ancaq dili təzə açılan uşaqların, dili öyrənənlərin zövqünü korlayırlar. Belələri dilin ruhuna, təbiətinə balta vurur, bilərəkdən və ya bilməyərəkdən dil zövqü olmayan, dilin ruhunu və təbiətini duymayan nəsil yetişdirmək istəyində olurlar. Həm də onlara xidmət edən dilə qənim kəsilir, rəqib olur, müxaliflik edirlər. Dil isə hər dəfə belə məqamlarda öz axarında və düzgün yolunda olur, təmiz dünyasını, təmiz qayda-qanununu qoruyur, inkişaf edir. Öz axarında və düzgün yolunda olan dilin imkanlarını canlı danışıq yolunda dialekt və şivələrimizdə görmək olur. Sözün qoxusunu, ətrini almaq üçün yaxın və uzaq kəndlərimizdə, qəsəbələrimizdə yaşayan soydaşlarımızın söz-söhbətini dinləmək kifayət edər. Hər bir şeyin iyi, qoxusu olduğu kimi, sözün də, gözəl bir rayihəsi var. Bəlkə də sözlərdə dünyanın ən təmiz nemətlərinin, bitkilərinin iyi, qoxusu toplanıbdır. Bəlkə belədir deyə, sözlər vasitəsilə insanlar bir-birini başa düşür, bir-birinə bağlanırlar. Bəlkə belədir deyə, acı sözlər insanları bir-birindən ayırır, onları bir-birindən incik salır. Bəlkə belə olduğundan sözlər yaxşı və pis anlayışları işarə edən simvollar kimi yaşayır. Bəlkə də belə olduğundan hər hansı bir sözü deyən kimi onun ifadə etdiyi məfhumun, anlayışın obrazı göz önünə gəlir. Sözlər ifadə etdiyi mənalarla ətir səpirlər. Hətta könül oxşayan mənalarından əlavə, onun kimlərəsə toxunan mənaları da bir ətirdir, qoxusu və iyi pis olan ətirdir. Ancaq bununla belə, boş və mənasız söz yoxdur. Sözlərin hər biri uzun əsrlər boyu insanların istifadə etdiyi, işlətdiyi və ruh, qol-qanad verdiyi kəlmələrdir. O, düşünən və düşündürən, sevən və sevilən duyan və duyulan, təsirlənən və təsir edən, udan və uduzan hər bir kəs üçün silahdır. Hər bir kəsin söz adlı silaha ehtiyacı var. Söz, yəni söz adlı silah nə qədər işlənsə də, heç kəsi yormur, əksinə, o, işləndikcə hər dəfə sanki yenidən doğulur. Dünyada yeni doğulan və yenidən doğulan nə varsa, hər biri tərtəmizdir. Sözlər də beləcə tərtəmiz, dupduru, bəmbəyazdır. Ona görə də insan bir gündə, bir ayda, bir ildə, eləcə də ömrü boyu istifadə etdiyi sözlərdən yorulmur, bezmir. Axı sözlərin tərtəmizliyi dupduruluğu, bəmbəyazlılığı buna imkan vermir. Axı hər bir söz işləndiyi zaman insana xidmət etmək üçün yenidən doğulur. Bax bunun özü də sözün möcüzəsi və sirridir.

DAVAMI VAR...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır