Modern.az

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”

Mədəni̇yyət

15 Oktyabr 2018, 14:08

1918-ci ildə qurulan  Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk sədr müavini olmuş Həsən bəy Ağayev unudulmaq üzrədir.

Bununla bağlı narazılığı Modern.az-a danışan Həsən bəy Ağayevin nəticəsi Gülnarə Abdullayeva bildirib.

Gülnarə xanım AXC-nin 100 illiyində Həsən bəy Ağayevin yad edilmədiyini deyib:
 

“Məni təəccübləndirən məqam var. Bu gün Həsən bəy Ağayev şəxsiyyəti düzgün təqdim olunmur. O, 1918-ci ildə parlamentin sədr müavini olub. Halbuki,  Əlimərdan bəy Topçubaşov Fransada olarkən parlamentə sədrliyi Həsən bəy Ağayev edib. Bunu heç yerdə qeyd etmirlər. İndi mən soruşuram: Topçubaşov öz fəaliyyətini Fransada həyata keçirərkən onun parlamentdəki işlərini kim icra edirdi?  Məgər parlament başsız olub?! Üstəlik 1918-ci ilin 28 mayında qurulan respublikanı Tiflisdə Həsən bəy Ağayev elan edib. Daha sonra isə Məhəmməd Əmin Rəsulzadə o manifesti Bakıda səsləndirib. Düzünü deyəcəm: bu il çox ümidli idik. Gözləyirdik ki, parlamentin 100 illiyində Həsən bəy Ağayevi də yada salarlar. Ancaq onun adı çəkilmədi. Bircə millət vəkili Rafael Hüseynov "Millətin zərrəsi" kitabında faktlarla Həsən bəy Ağayev haqqında yazıb. Amma dərsliklərdə Həsən bəy haqqında heç nə yoxdur”.


Həsən bəyin nəticəsi deyir ki,  ulu babası İrəvan şəhərinin Ermənistana verilməsinə qarşı olub:  


“1918-ci ildə o zamankı parlament İrəvan şəhərini Ermənistana verərkən yalnız bir parlament üzvü etiraz edib. O da Həsən bəy Ağayev olub. Hətta o, buna görə parlamenti tərk edib və iclasdan çıxıb. Həsən bəy iclasdan gedəndən sonra parlamentin işçiləri ona “çox sağ ol” məktubu yazıblar. Həmin şəxslərin orada imzası var. Həmin imzalı adresi məndən bir neçə muzey almaq istədi, amma satmadım.  Çünki bu cür məsələləri satmazlar”.


Gülnarə xanım Həsən bəy Ağayevin ixtisasca həkim olduğunu da xatırladıb:


“Həsən bəy Ağayev Gəncədə anadan olub. İxtisasca həkim idi. Moskva Dövlət Tibb Universitetini bitirib. O, Azərbaycana gələndə Hacı Zeynalabdin Tağıyevin həkimi olub. Sonradan “Hümmət” Partiyasına üzv seçilib. Beləcə partiyadan da parlamentə daxil olub. Həsən bəy Ağayev Fətəli xan Xoyski ilə çox yaxın dost olub. 1920-ci ilin 20 iyulunda Xoyskini Tiflisdə öldürüblər. O zamanlar Nəriman Nərimanov Həsən bəyə xəbər verib ki, “Bakını tərk elə. Səni də öldürəcəklər. Türkiyəyə get”. Həsən bəy isə iyulun 22-də Tiflisdə öldürülüb. Elə orda da dəfn olunub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür