Modern.az

“Azərbaycan qadını”nın payız buraxılışında nələr təqdim olunur?

“Azərbaycan qadını”nın  payız buraxılışında nələr təqdim olunur?

Mədəni̇yyət

20 Oktyabr 2011, 18:28

“Azərbaycan qadını” jurnalının hər sayının oxuculara gözəl bir mədəniyyət tədbiri ilə təqdim olunması ənənəyə çevrilib.

Modern.az saytı xəbər verir ki, jurnalın payız buraxılışının təqdimatı Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Caz musiqisi axşamı ilə yadda qalıb. Dövlət və hökumət nümayəndələri, millət vəkilləri və KİV təmsilçilərinin iştirakı ilə keçən konsertdə İ.S.Bax, A. Piazzolla, P.Çaykovski, V. Mustafazadə və T.Quliyevin məşhur musiqiləri ilə yanaşı, gənc pianoçu İsfar Sarabskinin “Novruz”, “Son fürsət”, “Deja vü”, “Agent”, “Dirçəliş” əsərləri səslənib. Konsertin qəhrəmanları – Montre caz festivalının qalibi və jurnalın maraqlı müsahiblərindən biri İsfar Sarabski, Makar Novikov (bass), Aleksandr Maşin (zərb alətləri) olub. Onların ifasında canlanan caz ritmləri dinləyiciləri gah coşqun, çılğın hisslərə, gah da sakit, səssiz duyğulara qərq eləyib. Gənclərin özünəməxsus ifası ilə yadda qalan konsert proqramından sonra tədbirin iştirakçılarına “Azərbaycan qadını” jurnalının yeni sayı təqdim olunub.

Jurnalın payız buraxılışında yer alan “Dünyanı daha da gözəlləşdirək” adlı məqalədə oxuculara Prezident İlham Əliyevin  və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Krans Montano Forumunda çıxışları təqdim olunur. Dövlət başçısına “PRIX DE LA FONDATION” ali mükafatının və Mehriban Əliyevaya Krans Montano Forumunun “Qızıl medal”ının təqdim edilməsini jurnalın səhifələrində izləyən oxucuları həmçinin bu ilin iyulunda Bakıda Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramının təşkil etdiyi “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi, “Ramatueldə Şərq nağılı” na qeyri-adi səyahət gözləyir. Səyahətdən dönər-dönməz onları “Qız qalası – gələcəyə aparan keçmiş”lə qəribə görüş gözləyir.

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “Üns” yaradıcılıq səhnəsinin bədii rəhbəri  Nərgiz Paşayevava ilə bağlı maraqlı material və onun eksklüziv müsahibəsi də jurnalın yeni sayında yer alıb.

Belə baxanda Azərbaycanla Ukraynanı cəmi bir neçə santimetr ayırır – təbii ki, xətkeşlə ölçsəniz!.. Bir az diqqətlə nəzər salsaq, görərik ki, əslində, bu məsafəni qət eləmək üçün təyyarədə saatları, qatarda günləri saymaq lazımdır. Adam da var, düz on il (!) keçəndən sonra mənzil başına çatıb.  “Yalnız sevgiyə təslim olan” – bu məqalədə oxucular güləş üzrə  2009-cu ildə Dünya çempionatında qızıl medal qazanmış Mariya Stadniki daha yaxından tanımaq imkanı əldə edirlər.

Payız buraxılışında oxucuları “Çiynində ulduz daşıyan xanımlar”, “Əziz xələflər”, “Sənət pərvanələri”  layihələri, “88+1 dildə danışan”, “Əmirovlar ocağının şöləsi”, “Vaxtın şəklini çəkən”, “Yuvasına dönən səs”, “Yerlə göyü birləşdirən sənət”, “Xoşbəxtliyə dəvətnamə” və digər maraqlı yazılar gözləyir.

Qeyd edək ki, böyük ənənəsi və geniş oxucu auditoriyası olan “Azərbaycan qadını” jurnalı 2009-cu ilin mayından təzə tərtibatla nəşrinə davam edir və hazırda jurnal Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin rəhbəri Fatma Abdullazadənin baş redaktorluğu ilə işıq üzü görür. Ölkənin ictimai həyatında mühüm rol oynayan müxtəlif layihələr, elmimizin, mədəniyyətimizin inkişafına təkan verən tədbirlər, eləcə də fəaliyyəti, yaradıcılığı ilə daim diqqət mərkəzində olan müasirimizlə maraqlı müsahibələr jurnalın səhifələrini bəzəyir.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir