Modern.az

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə  

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə   

15 Oktyabr 2018, 17:23

Oktyabrın 15-də Prezident İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimov   “Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə” adlı məqalə yazıb.  


Modern.az saytı həmin yazını təqdim edir:
 

Keçən əsrin 90-cı illərinin əvvəlində  ikinci dəfə müstəqillik əldə etmiş  Azərbaycan Respublikasına səriştəsiz  rəhbərlik nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində  tənəzzül başladı.  1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə gələn Heydər Əliyevin  uzaqgörən siyasəti  sayəsində tezliklə bu tənəzzülün qarşısı  alındı. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasət 2003-cü ildə böyük səs çoxluğu ilə Prezident seçilən  İlham Əliyev cənabları  tərəfindən uğurla həyata keçirilir və zamanın tələbinə uyğun olaraq  daim təkmilləşdirilir. İlham Əliyevin imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki,  ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı  səviyyəsi yüksəlmişdir. 2003-cü ilə nisbətən  2017-ci ildə əhalinin orta aylıq əmək haqqı 8,6 dəfə artmış, İşsizliyin səviyyəsi 5 faizədək, yoxsulluğun səviyyəsi isə 5,4 faizədək azalıb. 2003-cü ildən keçən dövr ərzində 3000 –dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı  təmir və yenidənqurma işləri  həyata keçirilib. Ümumi daxili məhsil istehsalı 9,8 dəfə artaraq keçən il 70 milyard manatdan çox olub. 

İlham Əliyev cənabları hakimiyyətinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin  Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına  ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları  və ərzaq mallarının  xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib.  Bu barədə cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulamış və bu istiqamətdə çox böyük əhəmiyyəti olan tədbirlər həyata keçirib. Bu düşünülmüş siyasətin nəticəsidir ki, kənd təsərrüfatının ümumi məhsulu 4,5 dəfə artaraq 6 milyard 580 milyon manat təşkil edib, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatıb. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir.



Hörmətli Prezidentimiz aqrar sahədə uğurlu nəticələr əldə etmək üçün  İlk növbədə kənd təsərrüfatında çalışan sahibkarlara əlverişli şərait yaradılmasının və onlara dövlət dəstəyinin göstərilməsinin vacibliyini nəzərə alaraq kənd təsərrüfatı məhsul istehsalçılarının 2001-ci ildən başlayaraq  torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi müddəti  2018-cü ilin sonuna kimi uzadılıb. Bunun  nəticəsində  fermerlərin 2001-2017-ci illərdə dövlət büdcəsinə ödəməli olduqları  2 milyard manatdan  çox  vəsait  onların  öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilib.  2007-ci ildən isə  əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, mineral gübrələrə görə, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə   dövlət büdcəsindən  subsidiya ödənilir. Bundan başqa kənd təsərrüfatı istehsalçılarına digər istiqamətlər üzrə  birbaşa və dolayı  subsidiyalar  verilir və güzəştlər tətbiq edilir(gömrük rüsumlarından azad olmalar və güzəştlər, və s. güzəştlər).   Ölkə Prezidentinin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsulları istehsalı  ilə məşğul olan insanlara gündəlik qayğısı və diqqəti nəticəsində 2007- 2017-cı  illərdə yalnız  yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə  dövlət büdcəsindən hər il 150-180 milyon manat    həcmində subsidiya verilib.

Respublikamızda aqrar sahədə yüksək nəticələr əldə edilməsində və kənd təsərrüfatında hər il dinamik artıma nail olunmasında  fermerlərə güzəştli kreditlərin verilməsi və onlara müasir texnika və texnologiyaların lizinq yolu ilə güzəştli  qiymətlərlə satılması və ya icarəyə verilməsi də mühüm rol oynayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı,  emalı, habelə xidmət və infrastruktur(soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına 1 milyard manata yaxın  dövlət vəsaiti güzəştli şərtlərlə fermerlərə  kreditə verilib.

 “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti  tərəfindən 2005-cı ildən başlayaraq indiyə kimi  40,2  min ədəd kənd təsərrüfatı texnikası və 32 min başa yaxın iri buynuzlu damazlıq heyvan güzəştli şərtlərlə fermerlərə lizinqə verilib. 2005-2017-cı illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınmasına, 9 Regional nümayəndəliyin tərkibində 44 rayon bölməsinin təşkilinə və onlardan 38 rayon bölməsinin müasir infrastrukturla təchiz edilməsinə, təmir emalatxanalarının yaradılmasına, 6 regional  logistik gübrə bazasının tikilərək istifadəyə verilməsinə  və ASC-nin fəaliyyətinin təşkilinə 1,56 milyard manat büdcə vəsaiti yönəldilib.



Məlumdur ki, müasir şəraitdə aqrar bölmənin emal sənayesini inkişaf etdirmədən kənd təsərrüfatının artımına nail olmaq qeyri mümkündür. Son illər bu istiqamətdə əsaslı işlər görülmüş, respublikamızın bir çox rayonlarında kənd təsərrüfatının inkişafını təmin edən yeni bitkiçilik və heyvandarlıq məhsulları emalı obyektləri, soyuducu və taxıl anbarı kompleksləri  və digər emal müəssisələri   tikilib istifadəyə verilmiş,  onlar müasir texnologiya ilə təchiz olunublar. Bununla belə daxili tələbat və ixrac potensialı nəzərə alınaraq bəzi məhsulların emalını tam təmin etmək üçün yeni müəssisələrin yaradılmasına ehtiyac vardır. Bu barədə dövlət başçısı İlham Əliyev cənabları Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, ölkəmizdə cins və damazlıq qaramalın sayının sürətlə çoxalması istiqamətində aparılan işlər yaxın vaxtlarda süd istehsalını xeyli artıracaq. Ona görə də respublikamızda yeni süd zavodları yaradılmalıdır. İclasda 2017-ci ildə ölkəmizdə 10 xalça fabrikinin istifadəyə verilməsinin nəzərdə tutlması ilə əlaqədar 2017-2018-ci illərdə  bölgələrdə müasir yun qəbulu məntəqələrinin açılması barədə də göstəriş verilib. Bu məntəqələrin yaradılması həm də onunla əlaqədardır ki, gələn il Sumqayıt şəhərində əyirici-boya fabrikinin açılışı gözlənilir və həmin fabrik iplik istehsalı üçün yerli xammalla təmin edilsin və ixracdan asılılığa son qoyulsun. 

Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev cənablarının daxili bazarın tələbatını ödəmək və xarici bazarlara çıxmağa dair formalaşdırdığı  müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də   ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların və  aqroparkların  yaradılmasına  xüsusi önəm verilməsidir. Bu isə ölkəmizdə mövcud olan müxtəlif  təsərrüfatçılıq formaları  içərisində xırda təsərrüfatların xüsusi çəkisinin həddindən çox yüksək olması ilə əlaqədardır. Xırda təsərrüfatlar isə məlum olduğu kimi əhalinin ərzaq təhlükəsizliyini və xarici bazarlara çıxışı təmin etmək üçün lazımi imkanlara malik deyillər.  Məhz iri təsərrüfatlarda yüksək məhsuldar  bitki sortları və heyvan cinsləri, yeni müasir texnika və texnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da  əmək  məhsuldarlığını artırmağı və rəqabət qabiliyyətli məhsul istehsalını təmin edir. Bu amillər isə  daxili bazarı qorumaq      və ixrac potensialını artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də  ilk növbədə iri təsərrüfatlar idxaldan asılılıq davam edən məhsullar üzrə yaradılır.  Ölkəmizdə əsasən idxaldan asılılıq taxıl, süd və balıq məhsullarınadır.  Bunu nəzərə alaraq, hörmətli Prezidentimiz əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə 50 iri taxılçılıq   təsərrüfatları  yaradılması tapşırığını vermişdir. Artıq bir neçə rayonda 32 iri təsərrüfatlar fəaliyyət göstərir və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənirlər. Belə ki,    2012- ci ildə Ağcabədi rayonunda fəaliyyətə başlayan “Qarabağ taxıl” MMC hər hektardan 55-60  sentner buğda və 110-120 sentner qarğıdalı   məhsulu əldə edir. Qəbələ, Xaçmaz və digər rayonlarda istifadəyə verilmiş südçülük komplekslərində isə  hər inəkdən 6-7 min litr süd sağılır. Belə yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmayıb  və  bu təsərrüfatlarının sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin etməklə taxıla və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək.

Balıq və balıq məhsullarının artırılması və bu məhsullara olan tələbatın yerli istehsal hesabına  tam ödənilməsi üçün “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmiş və akvakulturanın inkişafını təmin edən maddələr əks olunub. Bunun nəticəsidir ki, 2003-cü ilə nisbətən 2017-cı ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfatların sayı 15-dən 104-ə çatdırılmış, tutulmuş(ovlanmış) balığın miqdarı isə 107 tondan 707 tona(6,6 dəfə çox) çatmışdır. 2017-ci ildə respublikamızda adambaşına 6,7 kiloqram balıq istehsal edilib ki, bu da 2003-cü ilə nisbətən 2,4 dəfə çoxdur. 

Kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyi və su ilə təminatı ilə sıx bağlı olduğu  üçün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müasir aqrar siyasətdə meliorasiya və irriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Dövlət büdcəsinin vəsaiti hesabına “Taxtakörpü” su anbarının, “Taxtakörpü-Ceyranbatan” kanalının, “Vəlvələçay-Taxtakörpü” kanalının” istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin davam etməsi, habelə digər layihələrin reallaşması nəticəsində  keçən il 31,5 min hektar sahədə suvarılan torpaqların su təminatı və 16,7 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşıb, 71,5 min hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin edilib. Oktyabrın 9-da  Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin  qeyd etmişdir ki:”Bu il biz 100 min hektar torpağa su çatdırmışıq, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna kimi 30-da qazılacaq”. 



Ölkəmizdə formalaşan müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd təsərrüfatının dinamik və davamlı  inkişafını təmin etmək  üçün idxaldan ixraca transformasiyanın təmin edilməsidir. Yəni ölkənin daxili tələbatını tam ödəməklə  məhsulun ixracını həyata keçirib valyuta ehtiyatlarını artırmaqdır. Bunun üçün ölkəmizdə çox böyük imkanlar mövcuddur. Bu məqsədlə aqroparkların yaradılması olduqca vacibdir. Aqroparklarda məhsul istehsalı ilə yanaşı həmin məhsulların emalı, qablaşdırılması, daxili və xarici bazarlara çıxarılması və digər lazımi proseslər həyata keçirilir. Hazırda ölkəmizdə 192 min hektar sahədə 45  aqroparkın yaradılması prosesi gedir və onlardan dördü artıq fəaliyyətə başlamış və ilin sonuna kimi açılan aqroparkların sayı 13-ə çatacaq.  Aqroparkların istifadəyə verilməsi respublikamızda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının  rəqabət qabiliyyətinin yüksəlməsinə, bu məhsulların ixrac potensialının inkişafına və  qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun xarici tiicarətinin genişlənməsinə çox böyük təsiri olacaq.

Müasir şəraitdə ölkə əhalisini bütün il boyu təzə kənd təsərrüfatı məhsulları ilə təmin etmək və bu məhsullarla xarici bazarlara çıxmaq üçün logistik mərkəzlərin tikintisinə böyük əhəmiyyət verilir.  Bu barədə Nazirlər Kabinetinin iclaslarında Prezident İlham Əliyev cənabları dəfələrlə vurğulayıb ki, biz əvvəlki dövrlərdə bölgələrdə logistik  mərkəzlərini əsasən məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi  üçün tikirdik. Ancaq bizim ixrac potensialımızın artması bölgələrdə böyük logistik mərkəzlərin tikilməsini tələb edir. Artıq Şəmkir rayonunda belə bir mərkəz yaradılıb və daha üç böyük logistik mərkəzinin respublikamızın Aran, şimal və cənub bölgələrində tikilməsinə ehtiyac vardır. 

Kənd təsərrüfatında həyata keçirilən ən mühüm tədbirlərdən biri olan idxaldan ixraca transformasiyanın  təmin edilməsinə sənaye zonalarının tikintisinin genişlənməsi  də öz müsbət təsirini  göstərəcək. Belə ki,  Nefçala Sənaye Məhəlləsində dairəvi suvarma sistemləri, polietilen suvarma boruları, balıq yemi və balıq məhsulları istehsalı müəssisəsiləri fəaliyyət göstərəcək, Mingəçevir Yüksək Texnologiyalar Parkında isə bir neçə tekstil təmayüllü  müəssisələr kənd təsərrüfatı xammalının son məhsuladək emalını həyata keçirəcəklər. Yalnız bu müəssisələrin işə düşməsi kənd təsərrüfatı məhsullarının becərilməsində istifadə olunan bir çox avadanlıqların, kənd təsərrüfatı məhsullarından hazırlananan malların və digər məhsulların  idxalına son qoymaqla bir çox məhsulların ixracına  şərait yaradacaq. Hazırda sənaye zonalarının genişləndirilməsi və hər bir rayonda yaradılması üçün geniş tədbirlər həyata keçirilir.
 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasında  kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin kənd təsərrüfatının inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub  və onların icrasını təmin edən tədbirlər təsdiq olunub. Artıq respublikamızda bu tədbirlərin icrasına başlanılıb və nəzərdə tutulan müddətlərdə  ölkəmizdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, kənd təsərrüfatında transformasiya üçün geniş əhatəli  əlverişli şərait təmin ediləcək.
 


İlham Əliyevin daim diqqət və nəzarətində olan məsələdən biri də ölkəmizdə yüksək gəlir verən və əməktutumlu  ənənəvi  kənd təsərrüfatı istehsalı olan pambıqçılıq, çayçılıq, baramaçılıq, tütünçülük, fındıq və sitrus meyvəçiliyi, habelə digər  sahələrin bərpası və inkişaf etdirilməsidir. Məhz hörmətli Prezidentimizin bu sahələrə diqqət və qayğısının nəticəsidir ki, unudulub tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşən  bu sahələrdə son 2-3 ildə   əsaslı dönüş yaranmış, bu məhsulların istehsalı  dəfələrlə artmış, bu sahələr üzrə Dövlət Proqramları  qəbul edilmişdir. Bu sahələrin inkişafını stimullaşdırmaq üçün Prezidentin imzaladığı müvafiq sənədlər əsasında  subsidiyalar verilir, alış qiymətləri artırılır  və  respublikamızın sosial-iqtisadi inkişafına dair keçirilən elə bir görüş və iclas yoxdur ki, İlham Əliyev cənabları bu sahələri dərindən təhlil edib öz tövsiyələrini verməsin.Bu barədə hörmətli Prezidentimiz oktyabrın 9-da  Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki:”Mingəçevir sənaye parkında 2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər əsasən qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim ixrac potensialımızı  genişləndirirvə biz mahlıcı ipə çevirərəkartıq daha da yalyutatutumlu  məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz artıq hazır məhsula da nail ola bilək”. Bununla əlaqədar bir faktı misal çəkmək istəyirəm. Bu ilin yanvar-iyul aylarında ölkəmizdən ixrac edilən bir kiloqram pambıq lifinin qiyməti 1,56 dollar təşkil etdiyi halda bir kiloqram pambıq ipliyinin kiloqramı 2,50 dollar olmuş və bir emal mərhələsinin artıq aparılması məhsulun dəyərini 60 faiz artırmışdır. Əgər biz emal prosesini hörmətli Prezidentimizin dediyi kimi hazır məhsula kimi davam etdirsək, o halda məhsulun dəyərini ən azı 2-3 dəfə artıra bilərik. Ölkəmizdə formalaşan aqrar siyasət də məhz bu istiqamətə yönəlib və şübhə etmirik ki, yaxın vaxtlarda Prezidentimizin qarşıya qoyduğu bu məqsədə nail olunacaq, yeni iş yerləri yaradılmaqla unudulmuş bu sahələrdən böyük gəlirlər əldə olunacaq.   

Ölkəmizdə idxaldan ixraca keçidi təmin etməyə yönəlmiş müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Belə ki, hazırkı şəraitdə kənd ərazilərinin sosial inkişafını təmin etmədən kənd təsərrüfatının dinamik və dayanıqlı  inkişafına nail olmaq mümkün deyildir.  Bu məqsədlə respublikamızın kəndlərində hər il böyük həcmdə  təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ilə tam təmin olunması, kəndarası yollara asfalt salınması və digər sosial  yönümlü işlər görülür. Onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
 

 Kənd təsərrüfatının intensiv inkişafını təmin edən amillərdən biri də yüksək ixtisaslı mütəxəssislərlə yanaşı peşəkar kadrların mövcudluğudur. Belə ki, keyfiyyətli məhsul istehsalını təmin edən yüksək məhsuldarlığa malik texnika və texnologiyalardan səmərəli istifadə olunması üçün xüsusi hazırlıq keçmiş peşə sahiblərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq və eyni zamanda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı ilk peşə-ixtisas  təhsili müəssisələrində “Pambıqçı”, “Baramaçı”, “Tütün ustası” kimi ixtisaslarla yanaşı , “Suvarma sistemlərinin operatoru”, “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi” kimi yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır.     Bu tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksək ixtisaslı mütəxəssisləri və peşəkar  kadrları  aqrar sahəyə cəlb etməyə   və məhsul istehsalının səmərəsini  yüksəlməyə şərait yaradır.

 

Bundan əlavə kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçməkdə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının da çox böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq respublikamızda  “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilmiş   və bu Qanuna uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

 

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı müasir aqrar siyasət nəticəsində yaxın gələcəkdə ölkəmizdə  əsas ərzaq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına təmin olunacaq, sahibkarlarımız yüksək rəqabətə davamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaqla dünya ərzaq təhlükəsizliyinə layiqli töhfə verəcəklər. Onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə Azərbaycan Respublikasının Ticarət evlərinin açılması Azərbaycanın brend məhsullarının xarici ölkələrdə tanıdılması üçün çox böyük əhəmiyyət kəsb edir və respublikamız özünün rəqabət qabiliyyətli aqrar məhsulları ilə xarici ticarəti genişləndirəcəkdir. Bu məhsulların ixracının davamlı olaraq əsaslı surətdə artması onu sübut edir ki, Azərbaycan Prezidentinin aqrar sahədə formalaşdırdığı siyasət öz bəhrəsini verir və ölkəmiz əhalinin yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrə ixracın səviyyəsinin artırılması  üçün qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirir. Bu da onu göstərir ki, İlham Əliyev cənablarının 15 illik Prezidentlik dövrü, sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi aqrar sahədə də sözün əsl mənasında dönüş  dövrü olub, ölkəmizin inkişaf səlnaməsinə tarixi töhfə verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir