Modern.az

Astara üçün 10 milyon manat ayrıldı

Astara üçün 10 milyon manat ayrıldı

15 Oktyabr 2018, 18:35

Prezident İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

 

***

 

Prezident İlham Əliyev Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilmiş, əsas kapitala yönəldilən vəsait 110,2 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 110,0 dəfə artmış, modul tipli elektrik və qaz-kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Gənclər Evi, Boks Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 2 yaşayış binası inşa olunmuş, dənizkənarı park-bulvar kompleksi salınmış, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Evi əsaslı təmir edilmiş, 30 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, Astara şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, “Astara-1” kiçik su elektrik stansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri emal müəssisələri yaradılmış, 10 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.

Sərəncamda qeyd edilir ki, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3,0 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

 

***

 

Prezident İlham Əliyev Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500,0 (beş yüz) min manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi