Modern.az

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev

16 Oktyabr 2018, 14:05

Bu gün məşhur “91-lər”in (91 tanınmış ziyalı) mərhum dövlət başçısı Heydər Əliyevə müraciət etdiyi tarixin 26 ili tamam olur. 1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular. 

Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə belə demişdi:

““91-lər” - onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”. 

 

Məşhur “91-lər”in üzvü olmuş sabiq deputat Südeyf İmamverdiyev həmin günlə bağlı Modern.az-a danışıb.

 

O bildirib ki, Heydər Əliyevi hakimiyyətə gətirmək ən düzgün addım idi.

 

“1992-ci ilin bu günü idi. Yaşananlar kino lenti kimi gözümün önündən keçir. Bu gün isə 26-cı ili tamam olur. Həmin ərəfələrdə respublikada ictimai-siyasi mühit son dərəcə ağır idi. Ölkəni hərc-mərclik bürümüşdü. Hakimiyyətdə olan  Xalq Cəbhəsi və Müsavat birliyi ölkəni inkişaf etdirmək əvəzinə, dağıdıcı istiqamətdə fəaliyyətini artıraraq cəmiyyətə təzyiq göstərirdi. Ölkənin bir tərəfində separatçılıq, o biri tərəfdə müharibə gedir, ağır vəziyyət hökm sürür, kəndlərimiz, şəhərlərimiz viran olmuşdu. Belə bir vəziyyətdə biz ziyalılar bir araya gəlib  ölkəyə təfəkkür sahibinin gətirilməsini lazım bildik. O dövrdə özünü təfəkkür sahibi  kimi təsdiq etmiş Heydər Əliyev idi. Onu hakimiyyətə gətirmək ən düzgün düşüncə idi”.

Südeyf İmamverdiyevin sözlərinə görə, nə yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olublar.

 

“Böyük bir həyat yolu keçmiş, özünü  nəinki Azərbaycanda, bütün SSRİ-də dövlət idarəçilik sistemində təsdiq etmiş, böyük hörmət qazanmış Heydər Əliyevin hakimiyyətə gəlməsi, ölkəni azad, xalqımızın inkişafını təmin edə bilərdi. Ona görə də biz ziyalılar bir araya gəldik və Heydər Əliyevə müraciət etmək qərarı verdik. Bu zaman Heydər Əliyevə müraciət etdik və o da bizim müraciətimizə müsbət cavab verdi. Daha sonra Yeni Azərbaycan Partiyası yarandı.

 

Bu partiyanın yaranması da ölkədə elə bir əks-sədaya səbəb oldu ki, sönmüş düşüncələr fərqli səmtə yönəldi, canlanma baş verdi. Bir daha deyirəm. Nə yaxşı ki, o zaman  məşhur “91-lər” yarandı və biz Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq. Özümü çox xoşbəxt hesab edirəm”

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir