Modern.az

Azərbaycanda əhali niyə nağdsız ödənişə alışa bilmir?..  

Azərbaycanda əhali niyə nağdsız ödənişə alışa bilmir?..   

18 Oktyabr 2018, 09:28

Son illər ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Bununla belə hələ ki ölkədə nağdsız ödənişlərin kütləviləşməsi baxımından ciddi irəliləyiş müşahidə olunmur. İqtisadçıların fikrincə, nağdsız ödənişlərlə bağlı üstünlük Beynəlxalq Bank və Kapital Bankın plastik kartlarındadır. Çünki əhaliyə pensiya, maaş və təqaüdlərin verilməsi əsasən bu banklar vasitəsilə həyata keçirilir.

Bu barədə Modern.az-a danışan Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov bankın nağdsız hesablaşmaları artırmaq üçün gördüyü tədbirlərə toxunub. Onun sözlərinə görə, kart istifadəçilərinin buna marağını artırmaq üçün aksiya və endirimlər tətbiq edilir:

“Kapital Bankın 3 milyondan artıq müştərisi, plastik kart sahibi vardır. Bu isə bazarın böyük hissəsi deməkdir. Hər regionda təmsil olunduğumuza görə, əyalətlərdə də kart sahiblərimizin sayı rəqib banklara nisbətdə çoxdur. Ölkə başçısının nağdsız ödənişlərə keçid, bunun stimullaşdırılması ilə bağlı qərarından sonra bank olaraq, sözügedən istiqamətdə addımları gücləndirdik. Bir sıra aksiya və kampaniyalar təşkil edilib. İl ərzində baş tutan aksiyalarımıza minlərlə insan qoşulur.

Bir neçə həftə əvvəl Kapital Bank tərəfindən təqdim olunan “QR Pay” layihəsi kart sahiblərinə əvəzsiz imkanlar vəd edir. Belə ki, bu sistemin tətbiqi insanların kartlarını cibində gəzdirməsinə belə ehtiyac yaratmır. Hər kəs istifadə etdiyi smartfonlara “Bir Bank” tətbiqetməsini yükləməklə, rahat onlayn ödəniş edə bilər. Sözügedən sistem yalnız Kapital Bank kartları üçün deyil, digər bank kartları üçün də keçərlidir. İstifadəçilər üçün rahat və təhlükəsiz hesablaşma imkanı yaradan “QR Pay” layihəsinin təkmilləşdirilməsi istiqamətində işlərimizi davam etdiririk. Bundan əlavə, nağdsız ödənişlərin artırılması üçün kart istifadəçilərinə endirimlərimiz, güzəştlərimiz daha da artırılacaq”.

Bank hüquqi üzrə ekspert Əkrəm Həsənov isə nağdsız ödənişlərin iqtisadi şəffaflığı təmin etdiyini xatırladıb. Onun sözlərinə görə, bununla korrupsiya, vergidənyayınma halları azalır:

“Vətəndaşlar isə nağd pula öyrəşiblər. Plastik kartın balansındakı məbləğ nağlaşdırılanda heç bir vəsait tutulmadığına görə, insanlar vəsaitlərini nağd saxlamağa üstünlük verirlər.

Nağdsız hesablaşmaları stimullaşdırmağın ən yaxşı üsulu bir neçə il müddətində vətəndaşların nağdsız ödənişlərə görə, Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması, yaxud bu vergi faizinin aşağı salınmasıdır. Bu gün istənilən mağazadan, supermarketdən nə isə alanda 18 faiz ƏDV çıxılır. Yəni nağdsız ödənişlərin heç də hamısı mağazaya çatmır. Bu isə özünü müxtəlif məhsulların qiymətlərində göstərir. Yaxşı olar ki, bir neçə il müddətinə nağdsız ödənişlərin ƏDV-si ilə bağlı güzəştlər olunsun. O zaman istehlakçılar kartla ödəniş edəniş etməyə maraq göstərəcəklər. Cəmi 2-3 il belə imkan yaratmaqla, istehlakçıları nağdsız ödənişə alışdırmaq olar”.

Aysel Aslan  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!