Modern.az

Gömrük hansı kitabların ölkəyə buraxılmasına “YOX” deyir

Gömrük hansı kitabların ölkəyə buraxılmasına “YOX” deyir

Ədəbi̇yyat

18 Oktyabr 2018, 11:05

Son illər ölkəmizdə kitaba marağın artırlması, xüsusilə gənclərin kitab oxumağa diqqətini cəlb etmək məqsədilə müxtəlif addımlar atılır.

 

Yeni kitab mağazaları, “bookcafe”lər, kitab mərkəzləri açılır. Bununla bərabər, insanların internet vasitəsilə xarici ölkələrdən istədikləri kitabı sifariş etməsi üçün də əlverişli imkanlar yaradılıb.

 

Lakin bütün dövrlərdə olduğu kimi, XXI əsrdə də bəzi dünya ölkələrində, o cümlədən Azərbaycanda çap edilməsi, saxlanması və yayılmasına məhdudiyyət qoyulan bəzi kitablar var. Xüsusilə, bəzi dini ədəbiyyat nümunələrinin qadağan olunduğu, istifadəsinin məhdudlaşdırıldığı hər kəsə məlumdur.

Ölkəyə gətirilən kitabların gömrük keçid məntəqəsində xüsusi yoxlanışı həyata keçirilir.

 

Proses barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov danışıb.  

O bildirib ki, ölkə ərazisinə idxal olunan kitablara gömrük nəzarəti “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın tələblərinə əsaslanır.

Eyni zamanda Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın müddəalarına əsasən həyata keçirilir.

“Dini etiqad azadlığı haqqında” qanuna görə, dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.

 

Lakin dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir”.

 

"Qanun" nəşriyyatının direktoru, tanınmış naşir Şahbaz Xuduoğlu isə Azərbaycana gətirilməsi, burada çapı və yayılması qadağan olunan bədii ədəbiyyat nümunələrinin olmadığını söyləyib. O qeyd edib ki, yalnız dini ədəbiyyata aid kitabların ölkəyə gətirilməsi, nəşr edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaq lazımdır:

“Hər hansı kitabla bağlı müraciət etdikdə, komitə bizə razılıq verir.

 

Xarici ədəbiyyat nümunələrindən də qadağan edilənlər olmayıb. Amma yalnız bir kitab, xaricdə tərcümə etdirib, Bakıya gətirmək istədiyimiz “Şərq ağacını sevən rus” kitabı gömrükdə saxlanılır. Bu, alman yazıçısı Olqa Qreznovanın romanıdır. Kitabın qaytarılması, nəşrinə icazə ilə bağlı məhkəməyə müraciət etdik və məhkəmə Gömrük Komitəsinin lehinə qərar çıxartdı. Kitabın sərhəddən keçirilməməsinin səbəbi Bakıda törədilmiş 20 Yanvar hadisəsi ilə bağlılığıdır. Olqa Qreznova Bakıda, yəhudi ailəsində dünyaya gəlib. Bir müddət Bakıda yaşayan müəllif, 20 Yanvar hadisələrinin canlı şahidi olub. Artıq Almaniyaya köçəndən sonra bu xatirələrini roman halına salaraq, kitab yazıb. Əslində, qeyd etdiyim kimi, “Şərq ağacını sevən rus” romandır və fakt deyil. Amma bu kitab gömrükdən buraxılmadı”.

 

Ş. Xuduoğlu vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablardan, erməni müəlliflərin əsərlərindən qadağan edilən olmayıb:

 

“Sadəcə xüsusi, milli ədavəti qızışdıran kitablara məhdudiyyət var.

Biz ölkəyə gətirdiyimiz kitabın məzmunu haqqında əvvəlcədən gömrük işçilərinə məlumat veririk. Əgər dərindən ekspert rəyinə ehtiyac görürlərsə, nüsxələri götürüb, rəy üçün göndərirlər”.

 

Aysel ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir