Modern.az

Misir Mərdanov Prezidentin sərəncamı BARƏDƏ: “Daha səylə çalışmalıyıq”

Misir Mərdanov Prezidentin sərəncamı BARƏDƏ: “Daha səylə çalışmalıyıq”

18 Oktyabr 2018, 11:14

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

 

Bu sərəncamla 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.

Modern.az saytı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərindən bir neçəsi ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışıb.

 

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyir ki, əmək haqlarının qaldırılması alimlər üçün həm də məsuliyyətdir.

 

“Alimlərin əmək haqlarının qaldırılması haqqında verilən sərəncam çox böyük diqqətdir. Mən də cənab prezidentimizə minnətdarlığımı bildirirəm. Eyni zamanda bu, Azərbaycan alimlərinin üzərinə qoyulmuş böyük məsuliyyətdir. Biz əmək haqqının bu qədər artmasını özümüzə borc bilərək Azərbaycan elminin inkişafı və tanıdılması istiqamətində daha səylə çalışmalıyıq. Çalışmalıyıq ki, bütün sahələrdə olduğu kimi, elm sahəsini də dünyada tanıdaq. Ona görə də bütün alimlərin adından cənab prezidentə minnətdarlığımı bildirirəm”

 

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Təhsin Mütəllimovun sözlərinə görə, alimlərimizə bu cür diqqət olmamışdı.

 

“Cənab prezidentimizə təşəkkür edirəm. Allah onun ömrünü uzun etsin. Alimlərin əmək haqlarının qaldırılması barədə verən qərar zəhmətkeş insanlar üçün böyük işdir. Bundan sonra daha da yaxşı çalışacağıq. Əmək haqlarımızın qaldırılması bizə əlavə imkanlar yaradacaq. Xəbəri eşidəndə çox sevindim. Alimlərimizə bu cür diqqət olmayıb. Çox sağ olsun. Bu həm də diqqətdir. Cənab prezident alimlərimizə diqqət yetirib”

 

AMEA-nın həqiqi üzvü, tanınmış heykəltəraş Ömər Eldarov da prezidentin sərəncamını yüksək qiymətləndirib.

 

“Alimlərin maddi durumunun yaxşılaşdırılması onların daha da əzmlə çalışması deməkdir. Bunu ancaq alqışlamaq olar. Alimin pulu çox olarsa, o daha yaxşı işlər ortaya qoyar”

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?