Modern.az

Badamdarda vəziyyət gərgindir – uçqunlar artıb

Badamdarda vəziyyət gərgindir – uçqunlar artıb

18 Oktyabr 2018, 11:20

"Yağıntılardan sonra Bakının sürüşmə zonalarındakı aktivlik artıb".

 

Bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

 

Ə.Qaralov deyib ki, Badamdar şossesindəki sürüşmə zonasında aparılan son monitorinqin nəticələrinə əsasən hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb:

 

“Səhər ərazidə olduq. Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadır. Yuxarı hissədə, fərdi yaşayış evlərin hasarları yerləşən hissədə uçqunlar, gərginlik davam edir”.

 

Evlərdən birinin divarının uçmasına dair mətbuatda gedən məlumatlara gəlincə, Ə.Qaralov bunun qeyd olunan ərazidə baş vermədiyini vurğulayıb:

 

“Dünən səhər saatlarında Bayıl amfiteatrı, Buxta küçəsindəki 9 nömrəli ev uçub. Bu qeyd olunan sürüşmə ərazisinə daxil deyil. Bayılın amfiteatrında meyllilik 40 dərəcədir.

 

1950-ci illərdə bütün yamac boyu tearraslar düzəldilib və boş torpağın üzərində çox sıx məskunlaşma olub. Tikilən evlərin əksəriyyəti boş torpaqlar üzərindədir. Həmin ərazi sürüşmə zonasına daxildir. Bu ilin yaz mövsümündə ərazidə aktivlik müşahidə olundu, xırda uçqunlar baş verdi. Təxminən 23 evdə qəzalı vəziyyət yaranmışdı. Dünən səhər saatlarında uçan ev də həmin ərazidə yerləşir. Uçqun tipli sürüşmə nəticəsində çökən evin qonşuluğundakı evlərdə də deformasiyalar müşahidə olunur”.

 

Ə.Qaralov bildirib ki, hazırda Zığ sürüşmə sahəsində, Nübar qəsəbəsində, Masazırda Zəli gölü deyilən yerdə də sürüşmə, gərginlik davam edir:

 

“Eyni zamanda, subasma olan ərazilər-Şuşa şəhərciyi, Zabrat, Savalan yaşayış massivi, Binəqədidə Məlik Aslanov, daş karxanasında da gərginlik qalmaqdadır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir