Modern.az

Müstəqillik günün mübarək, Azərbaycan!

Müstəqillik günün mübarək, Azərbaycan!

Ədəbi̇yyat

18 Oktyabr 2018, 11:22

Mehman QAYIBOV

Bu günlərdə mübarizələrlə dolu şanlı tarixə malik xalqımız öz dövlət müstəqilliyinin 27-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Azadlığı, müstəqilliyi uğrunda şəhidlər vermiş, çətinliklərə sinə gərmiş qəhrəman xalqımızın bu günü böyük coşqu ilə  bayram etməyə mənəvi haqqı vardır!

 Tale elə gətirmişdir ki,  ötən əsrdə Azərbaycan xalqı iki dəfə öz müstəqillik ideyasını  reallaşdıra bilmişdir. Əgər, 1918-20-ci illərdə Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmamışdırsa, XX əsrin sonunda yenidən öz müqəddəs istəyinə - istiqlalına qovuşan azərbaycanlılar bu dəfə öz sınanmış oğlu Heydər Əliyevin dühası  sayəsində müstəqil dövlətçiliyini qoruyub saxlamağa, onu əbədi və dönməz etməyə nail oldu!   

Bu nailiyyətin əldə edilməsində müstəqilliyimizin memarı Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi illərdə həyatın bütün sahələrində  qazanılmış uğurlar bugünkü müstəqilliyimiz üçün möhkəm zəmin yaratmışdır.

Ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində SSRİ adlı böyük bir məkanda cərəyan edən hadisələr bu imperiyanın tezliklə süquta uğrayacağından xəbər verirdi. Məhz bu hadisələrin məntiqi nəticəsi kimi SSRİ-yə daxil olan müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yarandı. Yaranmış tarixi şəraiti düzgün dərk edə bilməyən o dövrkü respublika rəhbərlərinin mövqeyini Heydər Əliyev belə səciyyələndirirdi: “Onlar hələ fikirləşirdilər ki, biz müstəqil dövlət olmalıyıq, ya yox.”

Belə bir vaxtda Naxçıvanda yaşayıb fəaliyyət göstərən Heydər Əliyev heç nədən çəkinməyərək 1990-cı ilin noyabrın 17-də  Muxtar Respublikanın Ali qanunvericilik orqanında doğma Azərbaycanımızın üçrəngli bayrağını qaldırdı. Bu hadisə Azərbaycanın öz müstəqilliyinə doğru sürətlə irəliləməsinin parlaq nişanəsi idi. Ancaq  Moskva və onların Bakıdakı əlaltıları hər vəchlə Sovetlər İttifaqını saxlamağa çalışırdılar. Bu məqsədlə 1991-ci il martın 7-də Ali Sovetinin xüsusi sessiyasında Sovetlər İttifaqının saxlanılması üçün referendum keçirilməsi müzakirəyə çıxarıldı. Həmin sessiyada Heydər Əliyev çıxış edərək bildirdi: “Sovetlər İttifaqı dağılır və dağılacaqdır. Azərbaycan heç bir yeni ittifaqa girməməlidir və Sovetlər İttifaqının saxlanması ilə əlaqədar olan referendumda iştirak etməməlidir.”

Ancaq Azərbaycan rəhbərliyi respublikada gedən proseslərdən düzgün nəticə çıxarmayaraq həmin il martın 17-də referendum keçirdi. Qeyd etmək istəyirəm ki, o vaxtlar Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərirdi. Onun və onunla həmfikir olanların iradəsi nəticəsində Naxçıvanda referendum keçirilmədi. Tarix xalqımızın böyük oğlu Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi. 1991-ci ilin oktyabrın 18-də doğma Azərbaycanımız XX əsrin əvvəlində əldə etdiyi müstəqilliyinə yenidən qovuşdu.

O günlərdə - tarixin dönüş məqamında belə bir addımın atılması bütün Azərbaycan xalqının taleyində keyfiyyətcə yeni mərhələnin – müstəqillik dövrünün başlanğıcı oldu. Qarşıda isə bizi mübarizələrlə dolu keşməkeşli bir yol gözləyirdi.

Ulu öndər haqlı olaraq qeyd edirdi ki, “əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətindir.” Müstəqillik yoluna  qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu.  Təəssüflər olsun ki, müstəqilliyinin ilk illərində o dövrkü rəhbərlik üzərinə düşən məsuliyyəti tam dərk edə bilmir, siyasi səbatsızlıq nümayiş etdirirdi.

Ümumiyyətlə, 1991-1993-cü illər müstəqillik tariximizə keşməkeşli, dövlətçiliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi dövr kimi daxil oldu. Taleyin xalqımıza bəxş etdiyi imkanlardan düzgün istifadə etməməsi nəticəsində müstəqil dövlətimiz süquta uğramaq ilə üz-üzə qaldı.

Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 15-də ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi, dünya şöhrətli Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Onun ölkənin Ali qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında keyfiyyətcə yeni dövrün başlanğıcı oldu. Bu qayıdış sözün həqiqi mənasında Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu. Heç də təsadüfi deyildir ki, sonralar ölkənin Milli Məclisi 15 iyun gününün Azərbaycan xalqının Milli qurtuluş günü elan edilməsi haqqında qərar qəbul etdi.

Bu tarixi qayıdışdan sonra ölkədəki xaos və anarxiya qısa zamanda aradan qaldırıldı. Separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlətçilik prinsipləri tədricən bərpa olundu. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Parlamentə, yerli özünüidarə orqanlarına demokratik seçkilər keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Söz və mətbuat azadlığının etibarlı təminatı üçün qanunvericilik bazası yaradıldı. İqtisadiyyatın dirçəldilməsi üçün konkret tədbirlər həyata keçirilməyə başladı. Sənayedə, kənd təsərrüfatında islahatlar aparıldı. Torpaq kəndliyə verildi. Özəlləşmə reallığa çevrildi.

Ölkəmizin beynəlxalq strukturlarla əməkdaşlığın genişləndirilməsi üçün məqsədyönlü, ardıcıl siyasət aparıldı. Milli qanunvericilik Avropa standartları səviyyəsinə qaldırıldı.

Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı. Azərbaycana investisiya axını başlandı.

Bəli, Heydər Əliyev ideyalarının gücü ilə Azərbaycan sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində qətiyyətli addımlar atdı. Bu barədə Heydər Əliyev deyirdi:


“Biz bütün bu çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq”.

Sonrakı mərhələdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurlu davamı üçrəngli bayrağımızı zirvələrə yüksəltdi. Bunun məntiqi nəticəsi kimi Azərbaycan böyük dövlətlərin yüz illər ərzində keçdiyi yolu müstəqilliyimizin 27 ili ərzində  qət edərək böyük nailiyyətlərə imza atdı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft strategiyasının reallaşmasına imkan yaratdı. Məhz bu reallığın məntiqi nəticəsi kimi möhtərəm Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi siyasəti sayəsində Azərbaycan regionda lider dövlətə çevrilərək bütün beynəlxalq layihələrdə uğurla iştirak edir.

Müstəqil Azərbaycanımız artıq özünün gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirmiş bir ölkədir. Ölkədə neft və qeyri-neft sektoru sürətlə inkişaf edir. Ordu quruculuğu prosesində əldə olunan nailiyyətlər düşmənlərimizi təşvişə salır.

 Bu gün regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində qazanılan uğurlar  ümumilikdə, ölkənin simasını tamamilə dəyişmişdir. Təhsildə, səhiyyədə, mədəniyyətdə köklü dəyişikliklər baş vermişdir. Hər il yüzlərlə yeni məktəb, tibb müəssisələri, parklar, idman kompleksləri istifadəyə verilir.  Ölkənin enerji və ərzaq təhlükəsizliyi təmin olunmuş, yeni iş yerləri açılmışdır. Bu gün ölkə ərazisində çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb.

Bütün bunlar qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın, dövlətimizin mənafelərinə xidmət edən yolda uğurla irəliləməsinin parlaq təzahürüdür. Heç şübhə yoxdur ki, bu illər ərzində Azərbaycanımızın qazandığı nailiyyətlər gələcək nəsillərin daha firavan, xoşbəxt, azad yaşaması üçün möhkəm təməl rolu oynayacaqdır.

Müstəqillik günün mübarək Azərbaycan!

Bayramın mübarək Azərbaycan!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı