Modern.az

Uşaqların həyatında oyunun rolu

Uşaqların həyatında oyunun rolu

19 Oktyabr 2018, 12:32

İlkin Kazımlı

Empati Psixoloji Sağlamlıq Mərkəzinin direktoru

 

Uzaq keçmişimizdən bu günümüzə qədər uşaqların həyatında oyunun müstəsna rolu barədə maraqlı fikirlər formalaşdırılıb. Hətta müqəddəs kitabımız Quran-i Kərimdə də bu barədə yazılıb. Məsələn, bir hədisdə deyilir ki, kiçik yaşlı uşağı olan kəs uşağın xatiri üçün onunla uşaqlaşmalıdır.
 Dahi Platon uşaq oyun ilə böyüməlidir fikrini irəli sürmüşdü.

XVll əsrin əvvəllərində uşaq psixologiyasının dərinliklərini öyrənən filosof Jan Jak Russo (1762-1830) oyunun mühüm və əsaslı əhəmiyyəti haqqında maraqlı fikirlər söyləyib. O, uşaqların öz dünyasını, hərəkət və davranışlarını dərk etməsində, eləcə də təhsil prosesində məqsədyönlü oyunun əhəmiyyətini xüsusi vurğulayır, oyun terapiyasının əhəmiyyətindən bəhs edir.
“Uşaqlığa  hörmət göstər, onu yaxşı və ya pis şəkildə mühakiməyə tələsmə. Həyatın gedişatına müdaxilə etməzdən əvvəl nə olacağını gözlə.Uşaqlıq səbəblərin yuxusudur” deyən filosof fikirlərini elmi şəkildə əsaslandırır.


Məşhur alman pedaqoqu Fröbel 1837-ci ildə Almaniyada “Kindergarden” adlı uşaq baxçası yaradır və burada  eksperimentlər apararaq uşaqların həyatında oyunun nə qədər böyük rolu olduğunu əsaslandırır. O, “İnsanların təhsili” adlı kitabında  yazır ki,hər bir oyunun daxilində şüurlu və şüursuz məqsədlər mövcuddur.  F.Fröbel oyunun məzh psixoloji tərəflərini araşdırır. Onun nöqteyi-nəzərincə ”uşaqlığın ən yüksək inkişafı oyundur, çünki bu uşağın ruhunda nələrin baş verdiyinin sərbəst ifadəsidir. Uşaqların oyunu sadəcə bir hərəkət deyildir və bir çox mənalarla doludur”.

 XIX əsrdə yaşamış məşhur Amerikan sosioloqu David Reismanın da oyun haqqında fikirləri maraq doğurur. O, qeyd edir ki, ”uşaqlardakı pozuqluqlar yetkin yaşa çatanda özünü daha çox  biruzə verir. İnsanın özünə nəzarəti, özünü dəyərləndirmə və qiymətləndirməsi, ümumilikdə oyun oynama texnikası ilə qurulur.Oyun oynamaq böyük  əhəmiyyət daşıyır,bu isə uşaqların oyun zamanı daha yaradıcı olması ilə bağlıdır. Oyun zamanı intellekt səviyyəsi artır,məntiq güclənir və s. Oyun oynama bir növ təcrübə xarakteri daşıyır.Hər zaman yaradıcı olan insan daha çox nailiyyət əldə edə bilər”

Oyunun uşaqların inkişafındakı rolu, oyun terapiyasının əhəmiyyəti barədə hər bir valideyinin bilməsi çox vacibdir.

Oyun nədir və onun haqqında nələri bilməliyik?

Hər hansı bir məqsədə yönəlmiş və yönəlməmiş,qaydalı və ya qaydasız şəkildə reallaşdırılan, lakin hər vəziyyətdə uşağın istəyərək və xoşlayaraq etdiyi fiziki, koqnitiv, emosional və sosial vəziyyət oyunun əsasıdır.

Oyunla əlaqəli bəzi xüsusiyyətləri diqqətinizə çatdırırıq:

Oyun uşaqlarda zehni və fiziki fəaliyyəti artırır;
Oyunun qaydaları dəyişə bilər ,lakin bunu iştirakçıların   qəbul etməsi vacibdir;
Oyun gündəlik işlərin xaricində baş verən və maddiyyat güdməyən bir fəaliyyətdir;
Oyun limitləndirilmiş bir zaman və müəyyən bir məkanda keçirilir;
Oyunda aktiv fəaliyyət şərtdir;
Oyun bəzi zamanlarda çox böyük diqqət tələb edir;
Oyun müstəqil rahat bir vəziyyət yaradır;
Oyun uşaqların sosiallaşmasına şərait yaradır;
Oyun hər zaman uşağın maraq dairəsini özünə cəlb edir və  beyni aktivləşdirir;
Uşaq oynayarkən sevinc və həyəcan hissi yaşayır;
Oyun prosesində uşaqlarda yaradıcılıq, özgüvən, qarşı tərəflə empatiya hissi kimi xüsusiyyətlər formalaşır;
Uşaq oyun zamanı qaydalara əməl etməyi, səmimiyyəti, problemlərin həll yollarını tapmağı, diqqətini cəmləməyi, cəmiyyətdəki rolunu, məsuliyyəti, razılığa gəlməyi, özünü ifadə etmə bacarığını, qərar verməyi və nəticələrlə razılaşmağı öyrənir.

Ümumiyyətlə bir çox eksperimentlərə görə oyun uşağı tanımada istifadə olunan ən uğurlu metodlardan biridir. Çünki uşaq oyun zamanı sərbəst olur, daxilindəki duyğu və emosiyaları rahat şəkildə biruzə verir. Onun hansı psixoloji  vəziyyətdə olması, situasiyalara necə reaksiya verməsi məhz oyun zamanı üzə çıxır. Uşağın yaradıcılıq imkanlarını ortaya çıxarmaqda oyunun  rolu böyükdür. Oyun oynayarkən  uşaq özünü yaxşı tanımağa başlayır, çətin vəziyyətdən çıxış yolunu  tapmağı bacarır, özünə inam hissi formalaşır, özünü qiymətləndirmə yüksəlir.

Oyuncaqlar uşaqların həm psixi, həm də fiziki inkişafı üçün çox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsilə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir. Belə bir sual yarana bilər ki,bəs uşaqlar hansı yaş dövründə hansı oyuncaqlarla oynamalıdırlar?
İlk 1-ci aylığında, yəni çağalıq dövründə uşağın görməsi zəif olur, yanlız səsə və əlvan rənglərə həssaslıq göstərir. Diqqətini hər hansı bir əşya üzərində cəmləşdirə bilmir, yalnız anasının üzünə və ya hərəkət edən, səs salan əşyaya baxa bilir. Bir ayının tamamında körpənin başı üzərində  rəngbərəng, səs salan oyuncaqlar asmaq lazımdır. Bu şəkildə  oyuncaqlara baxmaq  görmə qabiliyyətini yaxşılaşdıracaq.


İkinci ayında oyuncaqlar nisbətən aşağıda, körpənin toxuna biləcəyi səviyyədə asılmalıdır ki, onları hiss edə bilsin. Çünki insanın ən həssas reseptorları barmaq ucundadır.Oyuncaqların gigiyenik baxımdan təmizliyi diqqətə alınmalı yeniləri ilə əvəzlənməlidir ki, körpə onlardan bezməsin.


Üç aylığında əl əzələləri hələ yaxşı inkişaf etmədiyinə görə bu dövrdə çağa oyuncaqları əlləri ilə saxlaya bilmir, lakin  götürməyə can atır, yəni ətrafı əllləri ilə öyrənir. Buna görə də bu yaş dövründə uşaqlara yumşaq və rezin oyuncaqlar vermək lazımdır. Oyuncaqların fərqli formada olmalısı məqsədəuyğundur.

4-5 aylığında başının üstündəki  oyuncaqlar körpəni qıcıqlandırmağa başlayacaq. Çünki  oyuncaqları tutmaq istəyəcək və əli çatmayanda  narahat olacaq. Bu zaman  oyuncaqlar uşağın yaxınında olmalıdır ki, istədiyi zaman oynaya bilsin. 4-5 aylıqdan artıq uşaq asanlıqla oyuncağa tərəf əyilir, onu götürür və hətta “dadına” da baxır.

Oyun uşağın zehni, emosional, fiziki və psixi inkişafına müsbət təsir göstərir.
Uşaq oyun zamanı ətrafda olan yaxşı vərdişləri mənimsəyir, pis vərdişlərini tərgitməyə başlayır. Həmçinin qaydaları öyrənir, dostları ilə əlaqələr qurur, ətraf aləmlə bağlı fikirləri formalaşır, özündə cəmiyyətə uyğun rollar formalaşdırır, qarşısındakı insana hörmət etməyi öyrənir, yeniliyi, dəyişikliyi qəbul edir və məsuliyyət götürmə kimi sosial davranışları mənimsəyir. Uşaq doğru-yanlış, gözəl-çirkin, yaxşı-pis, haqlı-haqsız kimi düşüncələri və əxlaqi anlayışları məhz oyun zamanı öyrənir, bunları sınaqdan keçirir və özünə uyğun şəkildə mənimsəyir.


Şəxsiyyətin formalaşlmasında oyunun müstəsna rolu var. Oyun prosesində uşağın emosiyaları dəqiqləşir, bacarıqlarının fərqində olur. Oyun passiv, özünə güvəni az olan uşağı aktivləşdirir, cəsarətləndirir. Oyun qərar vermək, analitik düşünmə, problem həll etmə bacarıqlarını inkişaf etdirir. Uşaq özünə güvənməyi öyrənir, başqalarının haqlarına hörmətlə yanaşır və kollektiv iş görmə bacarığı formalaşır.


Oyun zamanı uşaq ətraf aləmi kəşf edir, məntiqi fikirləri irəli sürməyi, seçim etməyi, səbəb-nəticə əlaqələrini qurmağı, diqqətini toplamağı, məqsədə çatmağı öyrənir, böyüklük, şəkil, rəng, ölçü, kiloqram, həcm, zaman, məkan, məsafə, qalaktika və s. İlə bağlı olan informasiyaları mənimsəyir. Eyni zamanda oyun uyğunlaşdırma, sıralama, sinifləndirmə, analiz, sintez, dəyərləndirmə, problem həll etmək kimi zehni keyfiyyətləri qazanmada uşağa yardımçı olur. Oyun oynayarkən uşaq düşünmə, dərk etmə, analiz etmə, qavrama, müqayisə etmə, fikir irəli sürmə, uzaqgörmə kimi fəaliyyət içərisində olur.

Uşağın emosional inkişafında da oyunun rolu əvəzsizdir. Oyun zamanı onlar xoşbəxtlik, dostluq, sevinc, empatiya hissi, qayğı bəsləmək, sevmə, sevilmə, güvən hissi və bir çox emosional halları öyrənirlər. Oyun uşaqlarda aqressiyanı azaldır. Uşaq oyun vasitəsilə yaşadığı emosional vəziyyəti ortaya qoyur və həll yollarını tapmağı öyrənir, onu narahat edən vəziyyətlərin fərqinə varır və həmin vəziyyətlərdən uzaqlaşmağın yollarını axtarıb kəşf edir, ailədə və ətrafında gördüyü bütün yaxşı keyfiyyətləri özündə tətbiq edir.


Nitqin inkişafında da oyun əvəzsiz rol oynayır. Oyun zamanı uşaq yeni sözlər öyrənir, deyilən fikirləri anlayır, emosiya və düşüncələrini sərbəst şəkildə ifadə edir, sözləri birləşdirib mürəkkəb cümlələr qurur, fikirlərini yaşıdları  ilə bölüşür ki, bu da nitqin inkişafını sürətləndirir.
Oyun uşağa fiziki və psixi olaraq da müsbət təsir edir. Oyun uşaqlarda qan dövranını sürətləndirir, qan beyinə  rahat şəkildə çatır və bununla da uşaq oksigen azlığından əziyyət çəkmir və sağlam düşüncəyə malik olur.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlarda olan bir çox psixoloji problemlər oyun terapiyası vasitəsilə aradan qaldırılır.

Psixoloqlar Oyun Terapiyası sayəsində uşağın problemləri aşkarlanır, emosiyaları üzə çıxır. Bundan sonra uyğun terapiya metodu seçilir. Oyun terapiyası uşaqların özlərini ifadə edə biləcəkləri, riskli ola biləcəkləri, sosial qanunları və harada necə hərəkət etməyi öyrənə biləcəkləri və yaşadıqları məsələlər ilə başa çıxa bilmə yollarını kəşf edə biləcəkləri güvənli bir mühit yaradır. Oyun terapiyası xüsusi oyuncaqlardan istifadə üsulu ilə tətbiq edilir. Bu zaman terapevt və uşaq birlikdə oyun oynamağa başlayır. Burada terapevtin ilk vəzifəsi uşağın nəsə etməsini gözləməsidir. Uşaq ehtiyac duyduğu güvən əlaqəsini hiss etməyə başladıqda terapevt uşağı oyuna dəvət edir. Uşaq özünü tam sərbəst hiss edəndə hər iki iştirakçı (terapevt və uşaq) fərqli oyuncaqlardan istifadə edərək oyununu qurur. Oyun prosesində terapevt uşağın bütün səhvlərini şərtsiz olaraq qəbul edir və onunla uyğun terapiya keçir. Uşaq oyun oynayan zaman rahatlayır və özünü daha sərbəst hiss edir. Məhz bu zaman uşaq  öz xəyal qırıqlıqlarını görür və  onları bərpa etməyə çalışır. Bu da təbii olaraq özgüvəni artırır. Problemləri ilə üzləşməyən uşaqlar onları həll edə bilməzlər. Uşağın yaşadığı travma onu inkişaf mərhələsində ilişdirib ləngidə bilər. Terapevt bu istiqamətdə işləyərək uşağın növbəti inkişaf mərhələsinə keçməsinə kömək edir. Oyun terapiyası uşaqlarda narahatçılıq, qorxu, özünə inamsızlıq utancaqlıq, təcavüzkarlıq, cəmiyyətdə, məktəbdə qeyri-etik hərəkətlər etmək, yuxu, yemək, tualet vərdişləri və s. problemlərin aradan qaldırılması üçün mütəxəssislərin tez- tez istifadə etdiyi terapiya texnikasıdır. Oyun terapiyası  mədə və baş ağrılarından şikayət edən, fiziki aktivliyi olmayan, depressiya halı yaşayan, dost qazanmaqda çətinlik çəkən, yaşıdları, qardaş- bacıları ilə tez-tez dalaşan, başqalarına zorbalıq edən və ya başqaları tərəfindən zorbalıq görən, özünü müdafiə etməyi bacarmayan, xüsusilə  oyun oynamağı bilməyən və oyuna həvəs göstərməyən  uşaqlar üçün istifadə edilən ən ideal üsuldur.

Əziz valideynlər, oyuna və oyuncaqlara uşaqları məşğul edən sadə bir əyləncə kimi baxmayın. Övladlarınızın hərtərəfli inkişafı üçün oyunlar və oyuncaqların xüsusi əhəmiyyətini diqqətdə saxlayaraq, yaşa uyğun düzgün seçim edin. Uşaq hansı yaşda hansı oyunlara cəlb edilməlidir, bunu bilmək çox önəmlidir. Övladlarınız passiv həyat tərzi keçirir, yaşıdları, dostları ilə oynamağa meyl göstərmirsə, ünsiyyətdən qaçır, daha çox təklikdə oynamaq istəyirsə, mütəxəssisdən məsləhət alın. Nəzərə alın ki, yaxşı və pis olan hər şeyin təməli uşaqlıqdan qoyulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?