Modern.az

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb

Aktual

19 Oktyabr 2018, 19:42

 

Bu gün Albaniyada  Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) 105 km-lik sualtı hissəsinin tikintisi üzrə işlərə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

 Qeyd edilib ki, qrafikə uyğun olaraq boru kəmərinin sualtı hissəsində işlər 2019-cu il ərzində həyata keçiriləcək.

Bu hissədə işlərə başlanması ilə əlaqədar keçirilən mərasimdə Albaniyanın baş naziri Edi Rama, ifrastruktur və energetika naziri Damian Gjiknuri, TAP-ın rəhbərliyi və digər şəxslər iştirak ediblər.Baş nazir və nazir TAP-ın strateji əhəmiyyətindən, yerli icmalara töhfəsindən danışıblar.

TAP-ın icraçı direktoru Luka Şipati bildirib ki, bu TAP-ın tamamlanması  və 2020-ci ildə əməliyyatlara başlanması istiqamətində növbəti önəmli addımdır: “Hazırda Avropada həyata keçirilən strateji ifrastruktur layihələrindən biri olan TAP yeni mənbədən qazı nəql edəcək və regionun enerji təhlükəsizliyini gücləndirəcək".

Onun sözlərinə görə, ümumilikdə TAP-ın 80%-i icra olunub”.

TAP-ın layihə direktoru Con Heynes Albaniyada bu miqyasda və böyüklükdə ilk dəfə mühəndislik işlərinin görüldüyünü vurğulayaraq bildirib ki, bu hissədə ümumi çəkisi  təxminən 100 min ton,  diametri 36 düymlük 9 min borudan istifadə olunacaq.

TAP-ın sualtı hissəsinin mühəndislik, satınalma, tikinti və quraşdırma üzrə podratçısı İtaliyanın “Saipem” şirkətidir. Bu hissəni  tikintisində təxminən 10 gəmidən istifadə olunacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

“Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı