Futbol üzrə Azərbaycan Premyer Liqasındaı II dövrəyə start verilib. Modern.az xəbər verir ki, VIII turun açılış matçında “Qəbələ” doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qol 14-cü dəqiqəyə təsadüf edib. Ceyms Adeniyi komandasını hesabda önə çıxarıb. İkinci qol isə 57-ci dəqiqədə vurulub. Stiven Monroz hesab arasındakı fərqi artırıb.
Ceyms Adeniyi 77-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. 90+4-cü dəqiqədə Kvame Karikarı qonaqların təsəllini qoluna imza atıb.
Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 8-ə yüksəldərək, 5-ci pillədə qərarlaşıb. Premyer Liqada ilk məğlubiyyətini alan “Neftçi” isə 19 xalda qalıb.
"Report"un məlumatına görə, oyun ərəfəsində "Qəbələ" və "Neftçi" azarkeşləri arasında qarşıdurma olub. Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib. Qonşu perpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiət olunan insident sonradan daha da böyüyüb. Nəticədə tərəflər bir-birilərinə yandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib. Toqquşma aradan qaldırılsa da, tərəflərin söz atışmaları sonradan da davam edib.
Daha sonra isə "Neftçi"nin kapitanı Emin Mahmudovla "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə arasında insident baş verib. Referi Rəhim Həsənov Azərbaycan millisinin hər iki futbolçusuna sarı vərəqə göstərib. Sonradan Xəlilzadə simulyasiyaya yol verməsi səbəbindən daha bir sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, günün digər matçında “Qarabağ” “Səbail”i qəbul edir. Tura sabah keçiriləcək “Sumqayıt” – “Sabah” və “Keşlə” – “Zirə” matçları ilə yekun vurulacaq.