Modern.az

Ölkənin qazlaşdırılması üçün yeni magistral qaz kəməri çəkilir

Ölkənin qazlaşdırılması üçün yeni magistral qaz kəməri çəkilir

8 Dekabr 2009, 20:48

ARDNŞ ölkə ərazisinin tam həcmdə qazlaşdırılması, vətəndaşların təbii qaza olan tələbatının daha dolğun ödənilməsi məqsədi ilə yeni, güclü magistral qaz kəmərlərinin inşası istiqamətində apardığı işləri sürətləndirib. Modern.az ARDNŞ-ə istinadən xəbər verir ki, oktyabrın 1-də “Neftqaztikinti” Tresti ümumi uzunluğu 47 kilometr olacaq Səngəçal-Qazıməmməd qaz kəmərinin inşasına başlayıb. Ötürücülük qabiliyyəti sutkada 5-6 milyon kubmetr təşkil edəcək bu kəmər 1020 millimetrlik borularla çəkilir. Qeyd etmək lazımdır ki, Trest iki il bundan əvvəl də eyni marşrutla qaz kəməri çəkib. Ancaq mövcud tələbatın ödənilməsi üçün sürətləndirilmiş rejimlə ikinci magistral qaz xəttinin tikilməsinə ehtiyac yaranıb. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Yaxın yarım ili əhatə edəcək I mərhələdə magistralın 23 kilometrlik hissəsi tikiləcək. Artıq boruların 9 kilometri qaynaq edilərək quraşdırılıb, 4 kilometri isə qazılmış xəndəyə düzülüb. Hazırda layihənin tərkib hissəsi kimi bu kəmərin 23-cü kilometrindən “Qalmaz” qaz kompressor stansiyasına diametri 700 mm olan borularla şaxələndirilmiş yeni kəmər də inşa edilir. Artıq bu sahədə də xeyli işlər görülüb. Kəmərin 15 kilometri qaynaq edilib, bunun 11 kilometri xəndəyə salınıb. Obyektlərin tikinti sahəsində 200-dən artıq işçi çalışır. Qaz kəmərinin I növbəsinin və “Qalmaz”a qədər çəkiləcək şaxəni nəzərdə tutulan vaxtda - 2010-cu ilin mart-aprel ayında, təhvil vermək nəzərdə tutulur.

ARDNŞ-dən bildirilib ki, bu işlərin başa çatması ilə “Qalmaz” yeraltı qazsaxlama anbarına vurulan qazın həcmi demək olar, 2 dəfə artacaq. Layihənin 2010-cu ildə başlanması planlaşdırılan ikinci mərhələsində Səngəçal-Qazıməmməd qaz kəmərinin Qazməmmədə qədər olan 24 kilometrlik hissəsi inşa ediləcək. Qazıməmməd “Azəriqaz” İstehsalat Birliyinin qəbul və paylama sistemlərinin yerləşdiyi iri qovşaq mərkəzidir. Ölkənin əsas təbii qaz “arteriyaları” məhz buradan şaxələnmiş kəmərlər vasitəsilə şimala və cənuba, şərqə və qərbə “mavi yanacaq” nəql edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir