Modern.az

Daha bir dəb içimizdə dolaşır

Daha bir dəb içimizdə dolaşır

21 Oktyabr 2018, 10:33

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Hər birimizin olmasa da, çox adamın doğum günü şənliklə qeyd olunur. Əvvəllər belə tədbirlər, hətta nişan, toy şənlikləri xudmani şəkildə, evlərdə təşkil olunardı. Qohum-əqraba, dost-tanış, uzaq başı qapıbir qonşular yığışardı, olub-qalannan bişirilərdi, deyib-gülmək, rəqslər yaddaşlara hopardı. Unudulmaz doğum günü kimi hafizələrdə qalardı.

İndi adamların başı işə-gücə elə qarışıb ki, doğum günləri yada düşmür. Bu hamı  üçün belə deyil.

Götürək xalq, əməkdar müğənniləri. Onlar yavaş-yavaş ad günləri keçirmək üçün televiziya studiyalarını seçirlər, daha doğrusu, elə bil kirayəyə götürürlər, ev sahibi kimi özlərini istədikləri kimi aparırlar. Studiyalar isə nəyə görəsə onlara məmnuniyyətlə xidmət göstərirlər. Doğum gününü keçirmək istəyən müğənni, artist yaxın həmkarlarını studiyaya dəvət edirlər. Həvəslə gəlirlər. Həm doğum gününü keçirən adamı, həm də özlərini təbliğ edirlər. Səbəbkara dəstə-dəstə güllər, əklillər, səbətlər, tortlar, şirniyyatlar göndərilir, layiq oldu-olmadı təriflər söylənilir.

Artıq studiyada doğum günü keçirmək dəb alıb. Ən çox da “Xəzər” studiyasında “5-də5” verilişində onlara gözəl şərait yaradılır. Verilişin adını başa düşməyənlər elə bilirlər ki, veriliş ancaq doğum gününü qeyd etmək üçün yaranıb. Bu verilişdə studiyada çoxlu tamaşaçı da əyləşir. Milyonlarla televiziya tamaşaçısından fərqli olaraq onlar studiyada onun-bunun doğum gününün şahidi (iştirakçısı yox) olurlar. Səbəbkarlar, yaxınları əvvəlcə onlarla görüşür, ahıllarla – ağbirçəklərlə, kiçik yaşlılarla şənlənmələrini bölüşür, sonra özləri mahnılar oxuyur, rəqs edir, səbəbkarınşəninəsağlıqlar deyirlər, qədəhlər qaldırırlar, mərtəbəli tortlar kəsilir , əvvəl səbəbkar, sonra onun qonaqları musiqiçilər  dadırlar. Heç tamaşaçılar arasındakı yaşlılar, uşaqlar yada da düşmür. Ana qucağındakı körpələrə bir dilim tort, bir alma belə qıymırlar. Bəyəm bu tortu, mer-meyvəni öz evinizdə yeyə bilməzdiniz? Və ya doğum gününü gərək televiziya studiyasında keçirəsiniz?


Mən bu yazıda həmin səbəbkarların, onlara bu şəraiti yaradanların adlarını çəkmək istəmirəm. Bu başqa mövzudur, sağlıq olsun! ...


Belə davam etsə bütün xalq-əməkdar sənətçilər növbəyə dayanmalı olacaqlar. Axı, Azərbaycanda nə qədər xalq-əməkdar  müğənni –artist var! Hələ müəllim, mühəndis, inşaatçı... əməkdarları da bura əlavə etsək  heç verilişin adı kimi onların 5-də 5-nə növbə çatmayacaq. Medallılar, ordenlilər də yada düşə bilərlər...Bir də ki, hələlik ad gününə şirin təamlar gətirilir, adları çəkilən və çəkilməyən tamaşaçılar tərəfindən tortlar, gül səbətləri, hədiyyələr göndərilir. Bu gün-sabah studiyada səbəbkarın ayağı altında qoyun-quzu da kəsiləcək, kabab bişiriləcək, tüstüsü studiyadakı tamaşaçılara yönəldiləcək, ətini isə şişə çəkərək, kababını səbəbkarlar, onların qonaqları yeyəcəklər.


Ayıbdır! Bu əsl israfçılıqdır, görməmişlikdir!


Görəsən, Milli Teleradio Verilişləri Şurası, belə hallara məsul qurumlar buna necə baxırlar?   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...