Modern.az

Azərbaycanda bəzi vətəndaşları qan verməyə məcbur edən SƏBƏB açıqlandı  

Azərbaycanda bəzi vətəndaşları qan verməyə məcbur edən SƏBƏB açıqlandı   

Hadisə

22 Oktyabr 2018, 08:49

“Mərkəzi Qan Bankının balansında ötən il 83 min donor olub. Cari ildə isə bu rəqəm 90 minə çatacaq”.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, institutun Mərkəzi Qan Bankına müraciət edən könüllü donorların sayında ilbəil artım müşahidə olunur:


“Ötən il Aşura mərasimlərində 4 minə yaxın insan qanvermə aksiyalarında iştirak etmişdi. Bu il isə 5539 nəfər qan verib. Əvvəlki illərə nisbətən hər il könüllü donorların sayı artır. Bizdə xüsusi dövlət proqramı qüvvədə olduğuna görə, qan verən donorlar ancaq könüllülərdir. İnstitutun xüsusi briqadaları respublikanın bütün rayonlarına gedərək, icra hakimiyyətlərinin, bələdiyyələrin köməyi ilə qangötürmə prosesi həyata keçirirlər. Qan vermək istəyən könüllü donorlar elə rayonlardaca qan verirlər. Briqadalarımız həmin qan ehtiyatını Bakıya gətirir və biz onları müayinələrdən keçiririk. Komponentlərə ayrılan qanlar ehtiyacı olan şəxslərə verilir. Bundan əlavə, Qan Bankına könüllü müraciət edən şəxslərə də bəhs etdiyimiz qaydada xidmət tətbiq edilir.

Azərbaycan talassemiya xəstələri dövlət proqramı çərçivəsində pulsuz müayinə və müalicə olunurlar. Bu xəstələrə müasir müalicə metodlarının tətbiq edilməsi ilə yanaşı, mütəmadi qan komponentlərinin köçürülməsi də pulsuz həyata keçirilir. Mərkəzi Qan Bankının balansında olan qan ehtiyatı talassemiya xəstələrinə pulsuz verilir.

Qeyd etməliyəm kimi, Bakı şəhərində yerləşən müxtəlif şirkətlər, SOCAR kimi iri müəssisələr bizə müraciət edərək, talassemiya xəstəsi olan insanlara kömək etmək istədiklərini bildirirlər. İşçilərimiz vaxtaşırı həmin şirkətlərə gedərək, donorlardan qan götürür və Mərkəzi Qan Bankına gətirirlər”.

Yeri gəlmişkən, qanvermə aksiyalarında iştirak etmiş bir çox könüllü Modern.az-ın əməkdaşı ilə söhbətlərdə etiraf ediblər ki, bu vasitə ilə həm də təhlükəli xəstəliklər, viruslarla bağlı müayinələrdən pulsuz keçmiş olurlar. Yəni adi vaxtlarda xəstəxanalarda məsələn, hepatit virusuna yoluxub-yoluxmadığını öyrənmək üçün qan analizinə görə yüksək məbləğ ödəmək tələb olunur. Amma könüllü qanvermələrdə iştirak edənlərdən götürülən qanları məcburən  analiz edirlər ki, təhlükəli virusların olub-olmadığı aydınlaşsın. Bəzi vətəndaşlar məhz buna görə könüllü qanverməyə getməli olduqlarını deyirlər.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva da belə halların olduğunu inkar etmir. Z.Əlimirzəyevanın sözlərinə görə, qan verən donorlar bunun sayəsində həm də təhlükəli xəstəliklər, viruslarla bağlı müayinələrdən keçmiş olurlar:

“Könüllü donorlarımızın artmasının səbəblərindən biri də qan verməyin onların orqanizmi üçün xeyirli olmasıdır. Bununla bərabər, alınan qanlar analizlərdən keçirildiyindən, donorlar müxtəlif xəstəlikləri barədə də xəbərdar olurlar. Bu proses digər tərəfindən dispanserizasiyadır”.

 

Aysel Aslan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!