Modern.az

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR

22 Oktyabr 2018, 16:07

Azərbaycan və dünya klassiklərinin əsərləri cəzaçəkmə müəssisəsinə hədiyyə olunub.

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşları - Mübariz Göyüşlü, Aygün Səfərova, Habil Əliyev, Günel Əhədova və yazar, filosof Rövşən Abdullaoğlu 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində kitab hədiyyə aksiyası keçiriblər. Ziyarət zamanı MEK fondlarında olan Azərbaycan, dünya klassiklərinin seçilmiş əsərləri və s. bu kimi kitablar cəzaçəkmə müəssəsinə hədiyyə olunub.

Modern.az xəbər verir ki, bu barədə MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbənin müdiri Mübariz Göyüşlü 18 oktyabr münasibətilə hər kəsi təbrik edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının və Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsinin 100 illik yubileyindən, 1991-ci ildə yenidən müstəqilliyi əldə etməyin üstünlüyündən bəhs edib. Ötən hər il Azərbaycanın daha da inkişaf etdiyini söyləyən M.Göyüşlü müxtəlif sahələrdə, o cümlədən cəzaçəkmə müəssisələrində bunun bariz nümunəsini gördüklərini deyib. O, tədbir keçirilən 11 saylı cəzaçəkmə müəssisəsindəki şəraitin Avropa standartlarına uyğunlaşdırıldığını qeyd edərək bunu yüksək dəyərləndirib. M.Göyüşlü MEK-in fəaliyyətindən, kitab hədiyyə aksiyalarından, tədbirlərdən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihəsindən bəhs edib.

Yazar, filosof Rövşən Abdullaoğlu hər bir insanın həyatında fitri məna və hədəf axtarışının olmasından, bu mənanı tapmaqda kitabların rolundan bəhs edib. Həyatlarındakı informasiya boşluğunu mütaliə vasitəsilə doldura biləcəklərini vurğulayıb, kitabların simasında gözəl dost qazanaraq tənhalıqdan azad olmağın mümkünlüyündən danışıb. Xüsusilə çətin həyat şəraiti ilə üzləşmiş insanların mənəvi səbat tapması, keçmişə deyil, gələcəyə baxması üçün mütaliənin əvəzsiz təsiri olduğunu deyib. Yazar cəzaçəkmə müəssisələrində mütaliə təbliğatının artması istiqamətində önəmli addımlar atılmasının çox sevindirici hal olduğunu qeyd edib. Daha sonra oradakı oxuculara imzalı kitablar hədiyyə olunub. İmza mərasimi zamanı oxucularının səmimi təəssüratlarını dinləyən yazar onlara cəzaçəkmə müəssisələrindən aldığı oxucu məktublarının da nə qədər dəyərli olduğunu söyləyib.

Sonda məhkumlar arasında “Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda müsabiqə keçirilib, qaliblərə kitablar hədiyyə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir