Modern.az

AzTV Ukraynada mükafat aldı

AzTV Ukraynada mükafat aldı

24 Oktyabr 2011, 16:06

Oktyabrın 19-20-də Kiyevdə «TEFİ-Sodrujestvo»nun Birinci Beynəlxalq Televiziya Festivalı keçirilib.

«Rusiya Televiziya Akademiyası» Fondunun və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondun təşəbbüsü ilə keçirilən telefestival MDB-nin yaradılmasının 20 illiyinə həsr olunub. 11 ölkənin qatıldığı televiziya bayramında Ermənistan maliyyə çətinliyi üzündən iştirak edə bilməyib.

Azərbaycanı «Toğrul Nərimanbəyov» və «Eyni səma altında» filmlərilə təmsil edən «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin (AzTV) proqramı festivalda böyük maraq doğurub. Bunu xüsusilə qeyd edən münsiflər heyətinin üzvləri - «RTA» fondunun prezidenti Mixail Şvıdkoy, tanınmış musiqişünas və televiziya aparıcısı Svyatoslav Belza, Moskva Bədaye Teatrı məktəb-studiyasının rektoru, professor Anatoli Smelyanski, MDU-nun professoru Yana Poplavskaya, «Birinci» kanalının aparıcısı Arina Şarapova və başqaları AzTV-nin proqramını yüksək qiymətləndiriblər. Onlar təqdim olunan filmlərin bədii ideyasının, rejissor-operator işinin, texniki göstəricilərinin mükəmməl səviyyədə olduğunu, Azərbaycan Televiziyasının MDB məkanında ən güclü telekanallardan biri hesab edildiyini söyləyiblər. Beləliklə, AzTV yeni yaradıcılıq formalarının axtarışı və orijinal vizual qərara görə «TEFİ-Sodrujestvo»nun mükafatına layiq görülüb.

«Azərbaycan Teleradio Verilişləri» QSC-nin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, telefestivalda Azərbaycanı «Mədəniyyət» kanalının direktoru Cəmil Quliyev, AzTV-nin bədii rəhbəri Etibar Babayev, rejissorlar Oqtay Babazadə və Elnur Məmmədov təmsil ediblər. Nümayəndə heyətinin başçısı Cəmil Quliyev Azərbaycan Televiziyasının bu festivala dəvət olunmasına və onun proqramına verilən yüksək qiymətə görə təşkilatçılara QSC rəhbərliyi adından təşəkkürünü bildirib. O, bu tədbirin ənənə halını alaraq gələcəkdə də MDB ölkələrinin teleşirkətləri arasında dostluq və əməkdaşlığa mүsbәt təsir edəcəyinə əmin olduğunu ifadə edib.

Festivalın mükafatına Azərbaycandan başqa Ukrayna, Belorus, Rusiya və Özbəkistan layiq görülüb.

«TEFİ-Sodrujestvo»nun növbəti telefestivalının keçiriləcəyi məkan gələn ilin may ayında müəyyənləşdiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir