Modern.az

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?”

22 Oktyabr 2018, 16:44

“Əgər hansısa sahədə pambıq yığılmırsa, yaxud iddia edildiyi kimi çürüyürsə, bu, fermerin günahı, səriştəsizliyidir”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov sosial şəbəkələrdə “pambıq tarlada çürüyür” fikirlərilə bağlı aparılan müzakirələrə münasibət bildirərkən deyib.


O qeyd edib ki, pambıq əkini kifayət qədər gəlirli sahədir, ölkədə yüzlərlə fermer pambıq əkərək, kifayət qədər qazanc əldə edir:

“Cənab Prezidentin tövsiyə tapşırığı əsasında ötən ay Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri pambıq emalı müəssisələrinin rəhbərləri ilə görüş keçirdi və nəticədə emal müəssisələri ilə xam pambığın alış qiymətinin 50 manat artırılması haqqında qərar qəbul olundu. Yeni qiymətlərə əsasən, emal müəssisələri birinci növ pambığın bir tonunu 650 manatdan alır. Bundan başqa, dövlət emal müəssisələrinə təhvil verilmiş hər ton pambığa görə 100 manat subsidiya ödəyir. Hər hektardan orta hesabla 30 sentner məhsul yığılırsa, bu, təxminən 2250 manat pul deməkdir. Kim bu qazancdan imtina edib, pambığı sahədə çürüdər? Buna görə ya pambığın sahədə çürüməsi iddiaları yanlışdır, ya da fermerin biznes təfəkkürü yoxdur”.

 

Nazirlik rəsmisi deyib ki, vətəndaşların əllə pambıq yığımına maraq göstərməməsinə gəldikdə, bu iş məcburi deyil:

“Sahibkar, təsərrüfat sahibi elə qiymət təklif etməlidir ki, insanlar əllə yığıma maraq göstərsinlər. Dövlətin pambıq əkininə görə subsidiya verməsinin əsas səbəblərindən biri fermerin əllə yığıma xərclədiyi vəsaitin əvəzini qarşılamaqdır. Bu vəsaiti yığıma sərf etməyib, pambığı sahədə çürütmək məntiqsizlikdən başqa bir şey deyil. Eyni zamanda, bir məsuliyyətsiz fermerin məntiqsiz hərəkətini ümumiləşdirmək düzgün deyil. Beyləqan rayonunun pambıq sahələrində bu il məhsuldarlıq kifayət qədər yüksəkdir, sosial şəbəkələrdə bunu təsdiqləyən, fermerlərin çəkib paylaşdığı onlarla videolar var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!