Modern.az

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir

22 Oktyabr 2018, 16:56

Deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası dəyişdirilir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsinə (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələyə baxılması qaydası) dəyişiklik təklif olunur.

Dəyişikliklərə görə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam Komissiyasına göndərir. İntizam Komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir.  Pozuntu halları rəydə öz əksini tapdıqda, Milli Məclisin sədri həmin deputatın mandatdan məhrum edilməsi ilə bağlı İntizam komissiyasının rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.

Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatdan imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, deputat bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin sədri həmin deputatın mandatdan imtina etdiyi iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına  göndərir.

 

Mövcud qanunvericilik isə aşağıdakı kimidir:

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunla nəzərdə tutulmuş başqa hallarda onun səlahiyyətləri itirilir. Daxili Nizamnamədə və “Milli Məclisin deputatının statusu haqqında” Qanunda nəzərdə tutulmuş hallarda Milli Məclisin İntizam Komissiyasının rəyinə Milli Məclisin növbəti iclasında baxılır.

İntizam Komissiyası bu məsələyə baxarkən deputatın səlahiyyətlərinin itirilib-itirilməməsi barədə öz qənaətini söyləyir.

 

Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat səlahiyyətlərinin itirilməsi məsələsi qaldırılan deputatın iştirakı ilə baxır. İclasda iştirak edən deputatlar yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və İntizam komissiyasının üzvlərinə suallar verə bilər, deputat səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat səlahiyyətlərinin itirilməsi barədə qərar qəbul edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı