Modern.az

Komissiya daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü aşkarladı

Komissiya daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü aşkarladı

23 Oktyabr 2018, 12:10

Azərbaycan Prezident İlham Əliyevin 19 mart 2018-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar əvvəllər itkin düşmüş yaxınları barədə müəyyən səbəblərə görə bilərəkdən məlumat verməyən şəxslər hazırda sir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına çoxsaylı müraciətlər edirlər.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, müraciətlər Komissiyanın İşçi qrupu tərəfindən diqqətlə öyrənilərək araşdırılır və görülmüş işlər barədə vətəndaşlar məlumatlandırılır. Bu səbəbdən son aylar ərzində əlavə olaraq 13 nəfərin qeydiyyatdan kənarda qalması faktı aşkarlanaraq itkin düşmüş şəxs kimi Komissiyada qeydiyyata alınıb. Həmin şəxslər intensiv hərbi əməliyyatların getdiyi 1992-1993-cü illərdə itkin düşmüş Azərbaycan vətəndaşlarıdır. Hazırda Dövlət Komissiyasında 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçir.

Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid siyahının dəqiqləşməsi işi yekunlaşdıqdan sonra hazırda əsir və girovluqdan azad edilmiş şəxslərə aid siyahının dəqiqləşməsi işi aparılır. Araşdırmaların gedişində əsir-girovluqda olması və azad edilməsi faktı aşkarlanmış şəxslər müəyyənləşərək müvafiq qaydada qeydiyyata alınıb. Beləliklə, girovluqdan azad edilmiş şəxslərin sayı artaraq 1480 nəfər təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir