Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, yarmarkaya ümumilikdə 120 ton bal çıxarılıb və bu günə qədər anbarlardan yarmarkaya 107 ton bal verilib: “Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik. Anbardakı bal arıçıların sifarişi əsasında onlara verilir. Yarmarkanın ilk günündə satış üçün anbardan arıçılara 30 ton bal verilmişdi, indi isə bu rəqəm 107 tona çatıb. Aradakı fərqi və gündəlik satış həcmini nəzərə alsaq, iki həftə ərzində sərgi-satış yarmarkasında 70 tona yaxın balın satıldığını söyləyə bilərik. Təbii ki, bu rəqəmlər nisbidir və dəqiq satış həcmi yarmarkanın yekununda məlum olacaq”.
Vüqar Hüseynov bildirib ki, vətəndaşlar arasında yarmarkaya maraq böyükdür və bu satışın həcminə müsbət təsir göstərir.
Vüqar Hüseynov bu il keçirilən yarmarkada iki mühüm nəticəyə nail olduqlarını bildirib: “Müxtəlif nəticələr var, yarmarkanın təşkili və gedişatı ilə bağlı məsələlər tədbir başa çatdıqdan sonra daha geniş təhlil olunacaq. Amma iki nəticə dəqiqdir, iki məsələdə real nəticəyə nail ola bilmişik. Birincisi, satışa keyfiyyəti aşağı olan bal nümunələrinin çıxarılmasının qarşısı qəti şəkildə alınıb, vətəndaşlar yarmarkada yalnız və yalnız xalis, təmiz baklın satıldığına əmin ola bilərlər. İkincisi, əvvəlki illərdə keçirilən yarmarkalarda ən böyük problemlərdən biri tədbir keçirilən ərazinin yaxınlığında, küçələrdə, səki üzərində, metro girişlərində saxta bal alverçilərinin vətəndaşlara ucuz qiymətə keyfiyyətsiz məhsul təqdim etməsi idi. Bu il biz bu problemin həllinə nail ola bildik. Saxta bal alverçilərinin vətəndaşları aldatmasının qarşısını almaqda Daxili İşlər Nazirliyinin böyük rolu olub və bu prosesdə bizimlə birgə iştirak edən polis əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk”.
KTN rəsmisi bu il yarmarkanın Azərbaycan Arıçılar Assosiasiyası ilə əmkdaşlıq formatında keçirildiyini xatırladıb: “Yarmarkanın uğurlu təşkilində verdiyimiz bu qərarın da böyük rolu olub. Əsl arıçılar hər bir məsələdə bizdən köməklərini əsirgəməyiblər. Hesab edirik ki, növbəti illərdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığı daha da genişləndirməyə ehtiyac var”.