Modern.az

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi

Aktual

23 Oktyabr 2018, 23:39

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanla Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Aloysio Nunes Ferreiranı təbrik edib. XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov qeyd edib ki, son illərdə iki ölkə arasında bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm təməl qoyulub.

 

Nazir Azərbaycan və Braziliya arasında genişlənən ticarət və iqtisadi əlaqələrin ikitərəfli tərəfdaşlığa müsbət təsir göstərdiyini və gələcək illərdə bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.

 

Məktubda nazir E.Məmmədyarov Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipindən çıxış edərək, Braziliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov 1993-cü ildə Braziliyanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü zamanı Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında dəstəyini xüsusi vurğulayıb və bunun ölkələrimiz arasında dostluq və əməkdaşlıq ruhunun bariz nümunəsi olduğunu qeyd edib.

 

Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda Azərbaycan Hökuməti və Xalqını iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib və 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından etibarən, xüsusilə Bakıda və Braziliada səfirliklərin açılmasından sonra ikitərəfli və çoxtərəfli səviyyələrdə dialoqun gücləndirildiyini qeyd edib. Nazir 2017-ci ildə özünün Bakıya səfərini xatırladaraq bunun Braziliya xarici işlər nazirinin Azərbaycana ilk səfəri olduğunu və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusi vurğulayıb.

 

Nazir Aloysio Nunes Ferreira 2016-cı ildə Azərbaycan ilə imzalanmış Ticarət və investisiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu kimi digər təşəbbüslər ilə yanaşı, birgə əməkdaşlığın Azərbaycanın Braziliyaya ixracı da daxil olmaqla, ikitərəfli ticarəti daha da artıracağına dair əminliyini ifadə edib.

 

Azərbaycan və Braziliya arasında diplomatik münasibətlər 21 oktyabr 1993-cü ildə qurulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu