Modern.az

“Nənəm öləndə evimiz də yetim qaldı” - Ağalar Bayramovun XATİRƏLƏRİ

“Nənəm öləndə evimiz də yetim qaldı” - Ağalar Bayramovun XATİRƏLƏRİ

Reportaj

24 Oktyabr 2018, 09:16

“Ucarın şoran torpaqlı Boyat kəndi dünyanın hər yerindən əzizdir”

Modern.az saytının “Mənim kəndim” layihəsindəki budəfəki həmsöhbətimiz kifayət qədər kövrək adamdır. Elə kövrəkdir ki, hər dəfə onu lap körpəlikdən saxlayan nənəsinin adını dilinə gətirəndə gözlərindən gilə-gilə yaş tökür. Deyir ki, nənəsi çox mələk simalı, cənnət çöhrəli bir xanım olub. Elə yeri gəlmişkən, nənəsinin adı da Mələksimadır.

Tanınmış qiraətçi, əməkdar artist Ağalar Bayramov bizə Ucar rayonunun Boyat kəndini, 1950-1970-ci illərdə orada keçən günlərini danışır. Gəlin, birgə yollanaq Ağalar müəllimin doğulub, boya-başa çatdığı Boyat kəndinə, onun uşaqlığına...

Nənə himayəsində böyüyən yetim uşaq...

 - 1954-cü ilin yanvarında Ucarın Boyat kəndində anadan olmuşam. Kiçik yaşımda valideynlərimi itirdiyimə görə məni nənəm böyüdüb. Kənd həyatı kənddə olan üçün böyük dünyadır. Böyük vətən amili vətənpərvərlik hissi harada doğulmusansa, elə oradan başlayır. Məsələn, bakılılar üçün anadan olduqları məkan doğmadır. Görürsən, fərəhlə deyirlər ki, mən içərişəhərliyəm, bakılıyam. Mənimçün də vətən anlayışı, Ucarın şoran torpaqlı Boyat kəndindən başlayır. Dünyanın çox ölkələrini gəzmişəm. Amma kəndimiz hər zaman gözlərimin qarşısındadır. Deyim, Boyatın dağı, çəməni, səfalı yaylaqları var, yox. Şoran torpaqlar, isti yerlərdir, dağı yox, çayı yox. Mən isə orada “ana” kəlməsini öyrənmişəm, ilk dəfə “ata” demişəm, orada böyürtkən yığmışam. O qədər ağrılı-əzablı günlərim keçib ki, heç vaxt unuda bilmərəm.


Evimiz bir otaq idi. Uzunluğu təxmini 7 metr, eni 4-5 metr olardı. Divarların suvağı belə yox idi. Nənəm evdə xalça hanası qurardı, xalça toxuyub, satardı. Pensiyasını da mənə xərcləyərdi. O günlərim yadıma düşəndə ürəyim sızıldayır, ilahi, mən necə günlər yaşamışam. Amma deyirlər ki, insana zərərli görünən əziyyətlər bəzən ona xeyir gətirir. Mən son 10-15 ildə tam yəqin etdim ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. İnsan heç vaxt qürrələnməməlidir ki, mən xoşbəxt yaşayıram. Aqil insan pis günə də hazır olmalıdır.


Mən orta məktəbdə oxuyanda, sinif yoldaşlarım atalı-analı, hətta imkanı yaxşı olan uşaqlar idi. Hər şeyləri var idi. Amma hərəsi bir yana dağıldı. Kimisi hələ də sərgərdan həyat keçirir. Amma mənim taleyimə bax ki, nənə himayəsində min əzab-əziyyətlə, yoxluqla böyüyən Ağalar, bu gün güzəranım qaydasındadır. Taleyə bax, ata yox, ana yox, qardaş-bacı yox, bir qoca nənənin böyütdüyü övladam. Mənim Mədəniyyət və İncəsənət Universitetində qalmağım o zaman universitetin rektoru olan Aslan Aslanovun sayəsində oldu. Beləliklə, mən bu günə gəlib çatdım. 2002-ci ilin dekabrın 24-də Heydər Əliyev mənə “Əməkdar artist”  adını verib. İnsan heç bir şeydən sarsılmamalıdır. Mən Daniel Defonun “Robinzon Kruzo” əsərini çox sevirəm. Çünki bu əsərdə müəllif insanın daim mübarizə aparmalı olduğunu, ümidini itirməməyini təlqin edir.

Füzulidən sonra, ən çox sevdiyim düha Aşıq Ələsgərdir. Bir qoşması yadıma düşdü:

Ələsgər deyər, yaxşı deyil ayə, nə?

Pünhan sirrin niyə saldın aya, nə.

Çırağın ki, ilahidən a yanə,

Ehtiyacın nədi, a yağa, yağa?!

Bu sözlərdə böyük hikmət var. İnsanın çırağı ilahidən yanarsa, nə çətinliyə düşür, düşsün o, heç vaxt sarsılmaz.

“Quzu otarırdım, əvəzində qoyun sahibləri heyvanların südünü nənəmə verirdi”

- Xatirələr deyirsiniz, ömür boyu yadımdan çıxmaz: 6 ya da 7-ci sinifdə oxuyanda kəndin quzularını otarırdım. Günə 3 manat pul qazanırdım, o çobanlığımdan. Çətin zamanlar idi. Həm o cür çətinliklə pul qazanırdım, həm də dərslərimi oxuyurdum. Nənəm kitab-dəftərlərimi çantama yığardı ki, quzuları aparanda orada oxuyum. Mənə görə, müəllimlərdən icazə alırdı, dərsə gedə bilməyəndə belə mütləq ev tapşırıqlarını hazırlayırdım. Uşaqlıqda atalı-analı uşaqlara baxıb köks ötürdüyüm günlər çox olub. Onlar cürbəcür paltarlar geyinirdilər, mən isə yay paltarını qışda, qış libaslarımı yayda geyinə-geyinə böyümüşəm. Orta məktəbdə həmişə paltarlarıma mürəkkəb dağılırdı. O zamanlar indiki kimi yığcam qələmlərimiz yox idi.

Düz bir il quzuları pulla otarmadım. Qoyun sahibi ilə razılaşmışdım, hər həftənin sonunda qoyunların bir günlük südünü sağıb, nənəmə verirdi. Nənəm o süddən, nehrə çalxalayır, qaymaq hazırlayır, yağ, pendir, qatıq edərdi. Belə dolanırdıq.


Alça oğurluğu və unudulmayan cəza...

- Mən nənəmin verdiyi tərbiyə ilə böyümüşəm. Amma hər uşaq kimi arada bir nadincliklərim də olurdu. Ən çox etdiyimiz əməllərdən biri meyvə oğurlamaq idi.  Bizim kəndin yanında Bağman kəndi yerləşir. Boyat və Bağman 60-cı illərdə bir Sovetdə idi, iki kilometr məsafəmiz var idi. Bağman kəndinə futbol oynamağa getmişdik və uduzmuşduq. Kəndə qayıdanda həyətlərin birinə girdik. Baxdıq ki, xeyli alçanı qax eləmək üçün böyük bir palazın üstünə səriblər. Palaz qarışıq, alçanı qucaqlayıb, 4 nəfər qaçmağa başladıq. Ev yiyəsi xəbər tutdu, əlində böyük bir dəyənək bizi qovmağa başladı. İnanın, canımızı güclə qurtardıq. Bu hadisə ömür boyu mənim yadımdan çıxmaz.

Sonuncu alça oğurluğum isə “Son zəng” günümüzdə oldu. 1971-ci ildə orta məktəbi bitirmişəm. Yaxşı yadımdadır, may ayının 25-də “Son zəng” günü idi. İndiki kimi məzun günü qeyd etmirdik. 4-5 nəfər sinif yoldaşımızla alçanın yetişən vaxtı olduğuna görə, alça yığmağa cumduq. Kənd sakinlərinin həyətlərində olan alçalara göz dikmişdik. Alçanı bir var, dərəsən, bir də var budaq-budaq ağaclarını sındırasan. Mən o zaman anlamırdım ki, ağaclarını budaq-budaq yolduğumuz ev sahibi niyə belə vay-şüvənlik edir. Sən demə, alçanın deyil, qırılmış budaqların dərdində imiş. Bunu nənəmə xəbər verdilər, bərk şikayət etdilər. Yanımda mənimlə alça oğurluğuna gedən yoldaşlarımın ata-anaları var idi. Onlara çox dəyib-dolaşan olmadı. Nənəm bilmədi, hirsindən mənə nə desin, neynəsin. Başımı sığallaya sığallaya mal tövləsinə saldı. İnanın, 3 saat məni o tövlədə ağlaya-ağlaya, ac-susuz saxladı. Onun dediyi sözlər, bu cəzası mənim üçün şillə, indiyə qədər unutmadığım bir dərs oldu. Mələksima nənəm o cür tərbiyə etməsəydi, mən bəlkə də, avara uşaqlara qoşular, tamam yolumdan çıxardım.

Yaşlı nənənin nəvəsinə öyrətdiyi xalq ədəbiyyatı

- Mən qiraətçilik sənətinin sirlərini nənəmdən öyrənmişəm. O, bayatıları, nağılları, ağıları, dastanları çox sevirdi. Qış vaxtı həmişə pambıq didərdi, mən isə yanında əyləşib, öyrəndiyim dastanları onunla birlikdə oxuyardım. “Əsli və Kərəm”, “Novruz və qəndab” dastanlarını, qədim nağılları, nəğmələri mən nənəmlə birlikdə oxuyub, öyrənmişəm. O vaxtı kənddə, demək olar, heç kimin evində televizor yox idi. Nənəm oxuyurdu:

Yağış yağır, güldür, güldür,

Mənim yarım hamıdan güldür,

Mən sevmişəm, dağ oğlanı,

Sinəsi yaylaq oğlanı.

Bu cür peyzaj təsvirlərini, hikmətli ifadələri o zamanlar biz yaşlılardan eşidərdik, onlardan dinləyərdik. Kənd ağsaqqalları bir yerə yığışanda uşaqlara öyüd-nəsihət verərdilər, hikmətli kəlamlar deyərdilər. Bunlarla böyüyüb, öz yolumuzu tutmuşuq. 

“Kəndə kino gəlirdi, seansı 20 qəpik...”


-
Kənd uşaqlarının o zamanlar səbirsizliklə gözlədiyi an kəndə kino gəlməsi idi. Yadımdadır, kənd uşaqları ilə toplaşıb, maraqla filmə baxırdıq. Kino üçün bileti 20 qəpiyə satırdılar. Çox vaxt nənəmə yalandan deyirdim ki, iki seriyadır, mənə 40 qəpik ver. O da çıxarıb verirdi. Amma mən artıq qalan o 20 qəpiklərimi yığıb, saxlayardım.

Orta məktəbdə oxuyanda komsomola keçmişdim. Elə bu münasibətlə ilk dəfə qalstuklu, qürurlu bir şəkil çəkdirdim (cibindəki şəkilləri çıxarıb, göstərir). Elə o ərəfədə yığıdığım qəpiklərlə ilk dəfə diyircəkli qələm aldım. Sanki özüm-özümə hədiyyə etmişdim. Qələmi o vaxtın pulu ilə 70 qəpiyə aldım. Elə bilirdim, “QAZ-24” maşını almışam. Qələmi, ilahi, necə əzizləyirdim. Gah köynəyin sinə cibinə taxırdım, gah şalvarımın  cibinə qoyurdum. Ha çalışırdım ki, təki o qələmi itirməyim.


“Boyatı 3 ağsaqqal idarə edirdi”

- Kəndimiz yığcam idi, evlər bir-birinə yaxın, sıx tikilmişdi. Elə evlər var idi ki, hətta eyvanı digərinin həyətinə baxırdı.

Yadımdadır, kəndin bir tərəfində Kərbalayi Kövsər, digər hissəsində Məmmədqulu kişi adında  ağsaqqallar yaşayırdı. Bir də mənim babamın atası, Bayraməli kişi var idi. Bu üç ağsaqqal demək olar, kəndi idarə edirdi. Kərbalayi Kövsər din adamı, Məmmədqulu kişi siyasətçi, Bayraməli kişi isə qoçu idi. Onların sayəsində Boyatı polis, milis, sahə müvəkkili – “uçasqovı” tanımazdı. Kimsə yolunu azanda, səhv iş tutanda, oğurluq, qoçuluq, özbaşınalıq edəndə, əvvəl Kərbalayi Kövsər işə qarışır, onu yoluna çəkməyə çalışırdı. Həmin adam anlamadıqda, Məmmədqulu kişi “siyasi çıxışları” ilə onu başa salmağa əlləşirdi. Heç birinin sözünə məhəl qoyulmadıqda, həmin adamı Bayraməli kişinin cənginə verirdilər. Bayraməli kişinin o adama  3-4 zopa vurmağı bəs idi ki, peşman olub, pis əməllərindən əl çəksin. Beləliklə, Boyatda sakitlik, qayda-qanun formalaşmışdı.


Bu üç ağsaqqal 70-ci illərdə dünyadan köçəndən sonra Boyatda çox şey dəyişdi. Yadıma gəlir, o illərdə Rayon Partiya Komitəsinin rəhbəri Sərxan İsmayılov mənə bir dəfə dedi ki, kəndinizdən yaman anonim məktublar gəlirdi. 80-ci illərdə Sərxan İsmayılov kənddə yaşayan Əkbər adlı bir nəfərdən anonim məktubların səbəbini soruşub. Əkbərin sözlərinə görə, Kərbalayi Kövsər, Məmmədqulu, Bayraməli kişi öləndən sonra kənd meyarını itirib.

“Müəllimlərdən – o kişilərdən dərs almışıq”

- Orta məktəb müəllimlərimin çoxu bu gün də həyatdadırlar. Məktəbimizin direktoru Alxan müəllimin 87 yaşı var. Riyaziyyat müəllimim Məhərrəməli müəllim - Allah,  ondan necə qorxurduq – indi din adamıdır. Həcc ziyarətinə gedib-qayıdıb. Ana dili müəllimimiz də yaşayır. Bir çubuğu var idi, bədənimizə çəkəndə gömgöy izi qalırdı. 93 yaşı var, Həsən müəllim, ibtidai sinif müəllimim idi. Bu yaxınlarda kəndə getmişdim, müəllimlə qarşılaşdım, ona uzağı 70-75 yaş vermək olardı. Həmişə uşaqlarla zarafatlaşar, Həsən müəllimi “Tütək səsi” filmindəki Qılınc Qurbana bənzədərdik.

Müəllimlər kənddə ən hörmətli insanlar idi. Çox qorxurduq, onlardan. Bizim nənəmlə yaşadığımız evin divarları suvaqsız idi. İldə bir-iki dəfə, xüsusilə, qış aylarında sdivarlara nazir qat çəkməli idik. Bir dəfə yadımdadır ki, nənəm məktəbə gəldi, müəllimimdən mənə icazə aldı ki, Ağalar gəlsin, evimizi suvasın, tək bacarmıram. Təbii ki, o zamanlar kənddə hər kəs bir-birinin halından xəbərdar idi, icazə də verirdilər bizə. Amma müəllimə hörmət o qədər böyük idi ki, nənəm kimi yaşlı qadın belə müəllimdən icazə almağı özünə borc bilirdi.


Fransız dili müəllimimiz Hüseyn müəllimin şillələrini, Məhərrəməli müəllimin riyaziyyat dərslərini, Qulaməli müəllimin öyrətdiyi fizika nəzəriyyələrini hələ də unutmamışam.


Tənəffüsdə top tapmayanda çürümüş heyva ilə futbol oynayırdıq. Bir dəfə idman müəllimi bizi yığıb dedi ki, komandalara bölünün, futbol oynayın. Baxdıq ki, top yoxdur. Müəllimə etiraz edəndə, sərt bir ifadə ilə “bir az əvvəl heyva cecəyi ilə futbol oynayırdınız, nə oldu ki, top axtarası oldunuz?” dedi. Kor-peşman, təzədən heyva cecəyi ilə oynamağa davam etdik.


Biz həmin illərdə çox oxuyurduq. Sovet dövrü elm-təhsil baxımından, irəlidə idi. Mən orta məktəbi bitirəndə cəmi 2 dənə “4” qiymətim var idi. Qalanı “5”lə bitirmişəm.


Mən oxuduğum Mədəni Maarif Texnikumuna daha çox pulla qəbul olunurdular. Mən isə ora imtahan verdim, özüm keçdim. Bundan əvvəl isə Bakı Dövlət Universitetinin Ədəbiyyat fakültəsinə, axşam şöbəsinə imahan vermişdim. Ədəbiyyatın yazılı və şifahi imtahanından keçsəm də, tarixdən kəsildim. Cəmi bircə döyüşün, “Qrünvald” döyüşünün tarixini oxumamışdım, qismətimdən də elə o düşdü imtahana. Kəsilməyimin səbəbi də bu oldu.


“Nə məktub, baxışdan-baxışa sevirdik”

- Orta məktəbdə oxuyanda hər kəsin ilk məhəbbəti olur. Mən isə müəllimimin qızına aşiq idim. Açıq deyim, o illərdə kənddə qayda-qanun var idi, məktublaşmaq, danışmaqmı olardı?! Uzaqdan-uzağa, baxışdan-baxışa sevmişik. Amma mənim heç kimim yox idi, əsgərlikdən gələn kimi evlənə bilmədim. Qohumlarım isə həmin vaxt məni başqa biri ilə evləndirmək istəyirdilər. Mən buna razı olmadım və nənəm rəhmətə gedəndən sonra, baş götürüb, Bakıya gəldim. Çox şey oldu, keçdi. Odur-budur, həmin qızdan xəbərim olmayıb. Heç kəndə gedəndə də qarşılaşmamışam. Ancaq hər gün efirdəyəm, yəqin ki, ilk məhəbbətim, televiziyadan məni görür.


“Ata-anası olmayan, evin tək övladını əsgər aparmırdılar, amma məni apardılar”

- 1971-ci ildə orta məktəbi bitirəndə nənəmi tək qoymayım deyə, Bakıya oxumağa gələ bilmədim. Ona görə Göyçayda texniki peşə məktəbini bitirdim. Həmin vaxt o peşə məktəbi bir illik açılmışdı və qızlar da təhsil alırdı. Onu bitirən kimi, həmin peşə məktəbində kiçik baytar həkimi peşəsini də oxudum. 1 il sonra, bu ixtisasımı da bitirən kimi Göyçayda baytarlıq idarəsində işləməyə başladım. Evimizə - nənəmin yanına gedib-gəlirdim. 1974-cü ildə əsgər getdim.

O gün heç yadımdan çıxmaz. Sovet dövründə də evin tək övladı olan, ata-anası rəhmətə getmiş uşaqları əsgər aparmırdılar. Məni də aparmaq istəmirdilər. Amma soyadı Mədətov olan bir hərbçi mənim əsgərliyə getməyimə israr etdi və nənəmə qəyyumluq haqqında kağızı olmadığını əsas gətirdi.

1976-cı ildə hərbi xidmətdən qayıdanda isə nənəm can üstə idi. Qismətə bax ki, yaxşı əsgər olduğuma görə, məni bir ay tez tərxis etmişdilər. Hərbidən qayıtdığım həmin gün dünən kimi ağlımdadır. Nənəm xəstə yatağından ayağa durdu, qollarını açıb, mənə sarı gəldi, boğuq səslə, “bala, gəldinmi?” deyə bildi. Elə qısa müddət sonra Mələksima nənəm bu dünyadan köçdü.

1977-ci ilin dekabrında Bakıya gələndə ilk olaraq fəhlə işlədim. Artıq 1978-ci ildə qəbul keçirilən vaxt sənədlərimi Bakı Dövlət Universitetinə təqdim etdim, dediyim kimi kəsildim. Daha sonra Mədəni Maarif Texnikumuna qəbul oldum və 1980-ci ilə qədər orada təhsil aldım. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. O gündən, bu günə qədər həmin ali məktəbdəyəm.

“Novruz bayramına iki ay əvvəldən hazırlaşırdıq”

- Boyatda ən təmtəraqla keçirilən bayram Novruz olurdu. 2 ay əvvəldən bütün kənd Novruza hazırlaşırdı. Uşaqlar yumurtaları yığır, boyamaq üçün hazır saxlayırdılar. Elə olurdu ki, yumurtalarımız az olurdu, qonşunun hinindən yumurtalar oğurlayırdıq. Toyuqlara düyü yedirdərdik ki, yaxşı yumurtlasın. Tonqallar qalayardıq hər çərşənbədə. Lopa atardıq, papaq atıb, bayram sovqatı yığardıq. İndi kəndlərdə bayram ab-havası yoxdur. Sanki dekorativ bayramlar qeyd olunur.

Kənddə bayramı yaşayan, təmtəraqla qeyd edən tək uşaqlar deyildi. Yadımdadır ki, qadınlar, kişilər, orta yaşlı insanlar bir yerə yığışıb, yumurta döyüşdürərdi. Biz uşaqlar isə onların yan-yörəsində oyanayardıq, söhbətlərinə, hikmətli məsləhətlərinə qulaq asardıq.

Uşaqlığın sevimli oyunları...

- Daha çox çilingağac və ənzəli oynayırdıq. Neçə dəfə çilingağac oynayanda yoldaşlarımıza xəsarət yetirmişik, ağac gözünə, başına dəyənlər az olmamışdı. Ən çox oynadığımız oyunlardan biri də futbol idi. Qonşu kənddən yığılan uşaqlarla yarışırdıq. Zərdab rayounun Məlikumudlu kəndi bizim kəndə çox yaxın idi. Kolxoz sədri bizi yığıb, o kəndin uşaqları ilə futbol oynamağa göndərirdi. Bir dəfə, yadımdadır ki, 0:5 hesabı ilə uduzduq və kor-peşman kəndə geri qayıtdıq. Birinci dəfə deyildi uduzurduq, amma o qədər pərt olmuşduq ki... İki kəndin arası təxmini 3 kilometr idi və aranı kəsən kanal var idi. Kanalı keçəndə Məhərrəm adlı dostumuz qayıtdı ki, əmioğlu, bu biabırçılıqla biz kəndə qayıda bilmərik. Gəlin, özümüzü kanala ataq, ölürüksə, kişi kimi ölək. Biz məğlubiyyətimizi də bu cür, zarafata salıb, sarsılmırdıq.   

Bütün oyunlar öz yerində, futbolu çox sevirdim. Nənəm mənim üçün futbol ayaqqabısı almışdı. Elə əziz idi ki, ayaqqabını geyinəndə sanki kənd mənə dar gəlirdi.

Boyatın el məclisləri

- Çox kəndlərdə toylarda bəy oğurlamaq adəti var idi. Amma bizim kənddə nədənsə, bu adət olmazdı. Toyun ən maraqlı, mənalı cəhəti bütün el-obanı bir yerə toplaması idi. Hər kəs toylarda aşıqların dastanlarına böyük maraqla qulaq asardı. Yadımdadır ki, Şilyan kəndindən olan Aşıq Fərhad var idi. Onu toylara dəvət edirdilər. Həmin illərdə nə səsgücləndirici, nə də musiqi aparatları var idi. İlahi, yaşlı qadınlar, Mələksima nənəm özü, bir yerə yığılıb onun dastanlarını necə dinləyirdilər. Tək aşıqlarla, saz havaları ilə keçməzdi toylarımız. Kənd camaatı qara zurnanı da sevirdi, dinləyirdi.

Toydan əvvəl toyaxşamları olardı. Toy camaatı, qohum-əqrəba yığışardı iş bölgüsü edərdi. Hərə öz işini bilirdi, qarışıqlıq olmazdı. Mən kənd toylarında o qədər ofisiantlıq etmişəm ki... Həmişə bölürdülər, Ağalar, filan stollara sən baxırsan.


O vaxtı kənd camaatını pambıq  yığımına aparırdılar deyə, toylar ən çox oktyabr, noyabr aylarında, pambıq yığımı yekunlaşanda başlayırdı. Toyda ən yadda qalan məqamlardan biri də bəy tərifləri olurdu. Toya yığışan qadınlar bəyin qoluna yaylıq bağlayardılar. Çox qəribədir ki, bəy tərifi deyiləndə, dastanlar oxunanda bir nəfərdən səs belə çıxmazdı, diqqətlə qulaq asardıq.

Xoş o insanın halına ki, ağrılı, acılı olsa da xatirələri var. Mənim üçün məşəqqətli keçməsinə baxmayaraq, Boyatda keçən uşaqlığım çox əzizdir.

Ömür xatirəyə dönər ya dönməz

İllərin izi var, xatirələrdə

Keçən əyyamların, ötən illərin

Dadı var, duzu var xatirələrdə.

 

 O zaman əkmişdim, indi biçirəm

Bir körpü salmışdım, üstdən keçirəm.

Çörəkdi yeyirəm, sudur, içirəm

Qismət var, ruzu var xatirələrdə.

Baxtımı sınadım atdığım zərnən,

Nələrnən yaşadım, Allah, nələrnən...

Yenə qucaqlaşdım xatirələrnən,

Bir eşqin közü var xatirələrdə.

 

Yıxdı yengələri yeli həsrətin,

Yapışdı yaxamdan əli həsrətin,

Ağlımı uçuran dəli həsrətin

Əriməz buzu var xatirələrdə.

Xəyala gələnlər nə dadlı gəlir,

Xəyala nə gəlsə, qanadlı gəlir.

Baxıram, Boyatdan bir atlı gəlir,

Yolların tozu var xatirələrdə.

 

Yanan ocaqların od-ənən oğlu

Çiçək pərvanəsi çöl-çəmən oğlu,

Bir torpaq dəlisi, bir vətən oğu

Elə bu Ağaların özü var xatirələrdə.

 

Mən Boyatdan çıxanda, Bakıya gələndə, it damına bənzəyən, başımı əyib, qapısından içəri keçdiyim bir evdə yaşamışam. O evimin videosunu çəkmişəm, saxlayıram.  Oğluma, qızıma hərdən həmin videonu göstərib, ibrət dərsi götürmələrini istəyirəm.

 

“Boyatda camaatını aldadanlar da var idi”

- Kənddə yaxşı insanlar çox idi. Dediyim kimi, ağsaqqalların sözü keçirdi, ab-hava fərqli idi. Amma qazanc hərisliyinə qapılan, el-obanı aldatmağa çalışan insanlar da var idi. Heç yadımdan çıxmaz, təxmini 60-cı illərdə SSRİ-də, o cümlədən Azərbaycanda yağ qıtlığı yaşanırdı. 3 manat 60 qəpiyə satılırdı yağ. Amma kəndimizdə yaşayan bir ailə, yağ alıb, kəndə gətirir, 4 manat 20 qəpiyə satırdı. Bu öz yerində, amma bir kiloqram yağa 10 qram marqarin vurur, 10 qramını da çəkidə kəsirdilər. Kənd camaatını cahil, savadsız düşünüb, belə aldatmağın isə axırı heç yaxşı qurtarmır.

Pambıq yığımından qaçan məktəblilər...

- Bütün məktəbli dostlarımla bərabər, mən də pambıq yığımına getmişəm. Günə 80-90 kiloqram pambıq yığardım. Öyrəşmişdim artıq. Amma pambıqdan qaçdığımız günlər də olurdu. Hər dəfə də briqadirlərə yaxlanırdıq. Sahədən gələndə üzümüzə toz qonurdu. O illərdə kənddə hamam da olmazdı. Vedrə ilə suyu başımızdan, aşağı töküb yuyunardıq.


Bir onu bilirəm ki, insanın çəkdiyi zəhmət heç zaman itmir. Boyatda dolanmaq üçün öyrəndiyim pambıq yığımı şəhərdə yaşayanda mükafat almağıma səbəb oldu. 1977-ci ildə texnikuma qəbul olunanda, pambıq yığımına göndərmişdilər bizi. Şəhər uşaqları günə 2-3 kilo pambıq yığanda, mən 10 günə 1 ton pambıq yığmışdım. Beləliklə, kəndin kolxoz sədri mənə radio hədiyyə etdi. Üstəlik, tələbə yataqxanasında işə düzəldim. Həm qazancım olurdu, özümü dolandıra bilirdim, həm də artıq yavaş-yavaş hörmət qazanmağa başlamışdım. Həmin illərdə yataqxanada qalan tələbələrin əksəriyyəti qızlar idi. Valideynlər Bakıya gələndə, qızlarını yataqxanaya yerləşdirəndə mənə tapşırıb gedirdilər.

Uşaq vaxtı nənəm məni taxıl biçininə də göndərirdi. Taxıl biçilirdi, yerdə başaq qalırdı. Yayın cırhacırında, 45 dərəcə istidə, yığıb evə gətirirdim. Nənəm onu ağacla döyürdü, qaba yığıb, sovururdu və buğdasını ayırırdı. O başaq sayəsində qış tədarükü üçün 6-7 kisə buğdamız olurdu.


“Dağ görməmişik, amma o şoran düzənlikdən elə bitkilər yığırdıq ki...”

- Silkan deyirlər, biz tərəfdə. O bitkidən həm dovğa, həm də kətə bişirirdik. Yazda, mart, aprel ayında uşaqlarla bir yerə yığışıb, silkan yığmağa yollanırdıq. Dağ yerində olduğu kimi növbənöv bitkilər – kəklikotu, qazayağı, qulancar olmazdı Ucar torpaqlarında.

Odun üçün yulğun yığardıq. Aran rayonlarında indi də evlərin qabağında yulğun kolları var, amma heç kim onu yolmağa cəsarət etmir. Çünki yulğunun içində ilanlar yatır. Amma biz o bitkini uşaqlıqda yığıb, qışda yandırmaq üçün saxlayardıq.

Dostluq...

- Boyatda orta məktəbi birlikdə oxuduğumuz sinif yoldaşlaımızla indi də əlaqə saxlayırıq. Amma orada məndən yaşca böyük, Muxtar adlı dostum var. O, mənim ən yaxın uşaqlıq dostumdur. Elə kənddə yaşayır, bələdiyyədə vergi yığımına baxır. Artıq 70 yaşı var. Kənddə ən çox oturub-durduğum dostlarımdan biri də məktəbimizin direktoru Alxan müəllimin oğlu Fikrət Hüseynovdur. Fikrət isə məndən bir yaş kiçikdir. O, İcra Hakimində müxtəlif vəzifələrdə çalışıb. Amma çox sadə insandır. İndi Əmlak Məsələləri Dövlət Komitəsində kadrlar şöbəsində quru maaşa çalışır.

Fikrət və Muxtar ən sədaqətli dostlarımdır. Nənəm təzəcə rəhmətə gedəndə, Fikrət bizim evə - yanıma gəlirdi, tar çalırdı, məni ovundururdu. Üstəlik, özü ilə evlərində bişən azuqədən yığıb gətirirdi ki, birlikdə yeyək. İndi də iki-üç gündən bir onunla əlaqə saxlayırıq.

“Kənddə evim olmasa da, Boyata gedirəm”

- Deyə bilmərəm, Boyata çox tez-tez gedirəm. Amma elimdən-obamdan ayrı da düşməmişəm. Elə bu günlərdə kənddə qonşumun qızı rəhmətə gedib, qırx mərasiminə gedəcəyəm.

Boyata gedəndə ilk ziyarət etdiyim yer qəbirstanlıqdı. Nənəmin qəbrini ziyarət edirəm. Öldüyü gündən 2000-ci ilə kimi nənəmin qəbri uçuq-sökük idi. Əlimə pul gələndə onun qəbrini bərpa etdirdim, üzərinə şəklini vurdurdum. Təəssüf ki, müsahibədə dərc etmək üçün Mələksima nənəmin şəklini sizə verə bilməyəcəyəm, tapa bilmədim.


Boyatda uşaqlığımın keçdiyi həyətdə ev yoxdur. Köhnə bir otalı evimiz uçub-dağılıb. Boş torpaq qalıb. Evimizin yanında məscid var. 1953-cü ildə həmin məscid Narınc adlı kolxoz sədri tərəfindən tikdirilib. İndi də kənd camaatlı Narınc xanıma rəhmət oxuyur. Mən həyətimizə gedəndə məscidi də ziyarət edirəm.

Kəndlə bağlı xatirələrimdən çoxu elə məsciddə Məhərrəm ayında, Aşura günündə şahid olduqlarımdır. 60-70-ci illərdə kəndlərimizdə dini xurafat var idi, insanlar “Qasım otağı” hazırlayır, şəbih vururdular. Biz uşaqları da məscidə aparırdılar. İndi bizim dörümüzdə olan məscidin mollaları rəhmətə gediblər, yerini cavanlar tutub.

Etiraf edirəm ki, böyüdüyüm ocaqdan, o həyətdən keçəndə indi də balaca uşaq kimi hönkür-hönkür ağlayıram. Uşaqlığımda mənim o ocaqdan başqa heç nəyim yox idi.

(O qədər hüznlənir ki, müsahibimin gözləri dolur. Sanki ata ocağındaymış kimi gözündə yaş gilələnir)

Bu duyğular, xatirələr sözlə ifadə olunacaq deyil. Mənə deyirlər ki, Boyatdakı həyətində ev tikdir. Amma orada əmim yox, dayım yox, qardaş-bacım da yoxdur. Övladlarım isə kənddə yaşamağa meylli deyillər. Evi kimin üçün tikim?

““Nənə hardasan?” deyib, hönkürdüm”

- Nənəm öləndən 5 ay sonra mən Ucardan çıxdım. 3 ay keçməmiş ilk dəfə Boyata qayıtdım. Dostum Muxtar özünə toy edirdi, mən isə onun soldışı idim. Muxtarın sözünü yerə sala bilmədim, toyda iştirak edib, həmin gecə Bakıya qayıtmalı idim. Mehdi adlı dostumuzla sözləşmişdik ki, toydan çıxanda məni evimizin həyətindən götürsün. Mən Mehdini gözləyəndə, Mələksima nənəmin hələ nəfəsinin getmədiyi evimizin yanında elə dərin hüznə qapıldım ki... Ürəyimdən bir gizilti keçdi, kaş nənəm evin qapısını aralayıb, çıxaydı... İlahi, evin sütunlarına sarılıb, hönkür-hönkür necə ağlamışam, bir Allah bilir. Elə bil dünya başıma fırlanırdı. “Nənə hardasan?” deyib, hönkürdüyüm hələ də yaddaşımdadır.


Boyatın ziyalıları

- Boyatın Bakıda yaşayan, tanınmış ziyalıları o vaxt gənclərə əl tuturdular. Adil və Nadir müəllimlər var idi, mən onları sonradan – 17-18 yaşımda tanımışam. Kəndə gedib-gəlirdilər, tələbələrə kömək edirdilər. Adil müəllim Texniki İnstitutda çalışırdı.

Boyat ziyalılarından Əməkdar mədəniyyət işçisi Ağaqulu Niftəliyevin o zamanlar mənə dəstəyi olmuşdu. Ağaqulu müəllim 70-ci illərdə “Kommunist” qəzetində müxbir idi, qələmi ilə seçilən jurnalistlərdən idi. 1979-cu ildə texnikumu bitirəndə mənə təyinatı öz rayonumuza verdilər. Dedilər ki, təyinat yerində işləməsən, ali məktəbə sənəd verə bilməzsən. Sən demə, bu, yalan imiş. Rayonun Mədəniyyət Şöbəsinin müdiri isə məni öz kəndimizə deyil, başqa kəndə göndərməyə çalışırdı. Bakıya gələndə Ağaqulu Niftəliyevə problemimi dedim. O vaxtı “Kommunist” qəzetində müxbir işləmək, indiki icra başçısı vəzifəsindən də yüksək idi. Onun yardımı ilə məni öz kəndimizə təyinata göndərdilər.

Bundan başqa, Qızlar Gimnaziyasının rektoru, professor Ağarəhim Rəhimov kəndimizdə çox gənclərə yaxşılıq edib, hər zaman arxa-dayaq olub.


“Kənddə yaşayan kəndin həsrətini nə bilsin ki...”

- Hər dəfə Boyata gedəndə quzu otarmağım, naxıra getməyim yadıma düşür. Dostum Fikrətlə zəngləşirik, Bakıda yaşadığına görə o da mənim kimi kənd üçün darıxır. Bir dəfə dedim ki, gəl kəndə gedək, camaata qoşulaq, mal nobatına yollanaq. Bircə gün də olsa, kəndin naxırını otaraq. Fikrətin də ağlına batdı, xoş qarşıladı. Amma dedi, kənddə deyəcəklər ki, bunlar özlərindən hoqqa çıxartdılar. Kənddə yaşayan kəndin həsrətini nə bilsin ki...

 

(Ağalar müəllimin telefonu zəng çalır, fon musiqisi - həzin tar səsi eşidilir. Tarın sədaları altında xəyallara dalan Ağalar Bayramovun dilinə şeir düşür)

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı...
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!


Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng baxçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da “yehərləyib” mindiyim boz daş...
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;

Meyl edər yarpıza, umaca Ənvər!

Ay quzu otaran balaca Ənvər,

Nə yaxşı görüşdük, nə yaxşı yenə

Aysel Aslan  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi