Modern.az

Trampın müşaviri Məmmədyarovla Qarabağ məsələsini müzakirə etdi -  YENİLƏNİB

Trampın müşaviri Məmmədyarovla Qarabağ məsələsini müzakirə etdi -  YENİLƏNİB

24 Oktyabr 2018, 15:36

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun görüşü keçirilir.

 

Modern.az xəbər verir ki, bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin “Tvitter” səhifəsində məlumat verilib. 

 

Xatırladaq ki, Bolton daha əvvəl Rusiyada olub. O, regional səfər çərçivəsində Ermənistan və Gürcüstana da gedəcək.

 

***

 

Xarici İşlər Nazirliyi görüş barədə məlumat yayıb. 

 

Nazirlikdən Modern.az-a bildiirlib ki, Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirərək bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini qeyd edib.  

 

Elmar Məmmədyarov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

 

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Öz növbəsində, C.Bolton Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.

 

Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.

 

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran nazir Elmar Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıblar.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparlıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir