Modern.az

Böyük azərbaycanlılar - Əvəzsiz Müslüm

Böyük azərbaycanlılar - Əvəzsiz Müslüm

24 Oktyabr 2018, 11:29

Xatirə Sadiq


Bu kateqoriyaya daxil olan şəxsiyyətlərin bənzəri yoxdur. Müslüm Maqomayevin böyüklüyü ondadır ki, müəllimlik etmədən məktəb yaradıb. Bu gün dünyada, o cümlədən Azərbaycanda bir çox bariton və tenor onun üslubunda oxumağı xoşlayır, repertuarına tez-tez müraciət edir. Amma, yəqin, bir çoxları razılaşar ki, onların heç birində Müslümün səsindəki cazibə, məlahət, zəhm və yumşaqlıq yoxdur! Onun səsi dilimizdəki bütün gözəl sözlərə (ecazkar, füsünkar, əsrarəngiz, əzəmətli...) layiqdir.

Opera və estrada müğənnisi, müsiqiçi, bəstəkar, rəssam, heykəltəraş, aktyor, aparıcı, araşdırmaçı yazar... Bu sadalanan peşələrın hamısına Müslüm Maqomayev mükəmməl yiyələnmişdi. Əsl istedadlı şəxs kimi, Müslüm həmişə sadəlik və təvazökarlıq mücəssəməsi olub. Özü demişkən, çox utancaq idi. Yaxşı rəqs edə bilmirdi, maneraları bəzən, yumşaq desək, qıvraq görünmürdü. Amma səhnə mədəniyyəti o qədər yüksək idi ki, həm sənətkar kimi, həm də insan kimi çox böyük mənəvi zənginliyə malik olması dərhal nəzərə çarpırdı.

Sovetlər dönəmində yaşayan xalqların, respublikaların siyasi quruluş baxımından taleyi acınacaqlı idi. İşğala məruz qalmış Azərbaycan xalqı da bu mənada istisna deyildi. Amma müsiqi sarıdan bəxtimiz həqiqətən gətirmişdi. Dahi Üzeyir bəyin təməlimi qoyduğu bəstəkarlıq məktəbinin və konservatoriyanın yetışdirdiyi görkəmli bəstəkarların və müsiqiçilərin sayəsində çox gözəl əsərləri və səsləri dinləmək xöşbəxtliyinə malik olmuşduq. Onlardan biri də klassik Azərbaycan bəstəkarı Müslüm Maqomayev (baba) idi. Üzeyir bəyin yaxın silahdaşı olan bəstəkar Müslüm Maqomayev “Şah İsmayıl”, “Nərgiz” kimi möhtəşəm operaların, yüzlərlə xalq mahnısı və rəqsinin simfonik versiyalarının müəllifi idi.

Vaxtsız ölümündən sonra onun ocağında istedadlı adaş nəvənin yetişməsi bu nəsil üçün, yəqin ki, ikiqat xoşbəxtlik idi. Hərçənd, Müslüm babası kimi opera əsərləri yaratmadı, amma fantastik və əsrarəngiz səsi, mahnı janrında bəstələdiyi əsərləri və şöhrətinin iri miqyası ilə babasını xeyli arxada qoydu. Səsinin zənginliyi ona həm opera, həm də estrada səhnələrində çıxış etmək imkanı verdi. Üstəlik, üzünü görmədiyi babasının “Şah İsmayıl” operasında əsas partiyanı ifa etməklə sənətdə övladlıq borcunu yerinə yetirdi.

19 yaşında ikən Dünya Gənclərinin və Tələbələrin Helsinkidəki Festivalında oxuduğu əzəmətli “Buhenvald harayı” ilə hər kəsi həyəcanlandıran və heyran edən Müslüm bir anda özü də məşhurlaşdı, ölkəsi Azərbaycanı da dünyaya bir daha tanıtdı. Bir il sonra Azərbaycanın Moskvada keçirilən mədəniyyət və incəsənət günlərindəki möhtəşəm ifası ilə isə gənc və çəlimsiz Müslüm doğma xalqının necə böyük istedadlı, zəngin zövqlü və yüksək qabiliyyətli peşəkar musiqiçilər yetişdirdiyini bir daha nümayiş etdi.

Müslümün yaşadığı dönəmdə istər opera, istərsə də estrada səhnəsində rəqabət çox güclü idi. Zamanın standart çərçivələrinə sığmayan Müslüm estrada səhnəsini seçməklə milyonların sevimlisinə çevrildi. Onun ən böyük cəhətlərindən biri də özünəməxsusluğu, fərqli tərzi idi. O, Frenk Sinatraya şöhrət gətirmiş “My way”ə (“Yolum”) Müslüm avazı və əzəməti bəxş etdi. “Fiqaro” operasında Fiqaronun ariyasını, “Bella çao” partizan mahnısını italiyalılardan, “Вдоль по Питерской” rus xalq mahnısını ruslardan da gözəl, möhtəşəm, bənzərsiz oxudu.

Onun Azərbaycan əsərlərinə də münasibəti bu cür idi. Uzun illər dahi Üzeyir bəyin “Sənsiz” və “Sevgili canan” romansları Bülbülün, Tofiq Quliyevin “Zibeydə” mahnısı” isə Rəşid Behbudovun üslübünda oxunurdu. Müslüm bu əsərlərə də başqa nəfəs və avaz gətirdi. Onun “Sənsiz”i də, “Sevgili canan”ı da, “Zibeydə”si də bənzərsizdir! Müslüm tərzindədir. Tamamilə ayrı aləmdir! Əsl sənətkar yanaşması da elə budur.

Əsrarəngiz səsi onu haralara aparmadı ki?! İtaliyanın məşhur “La Skala”sından tutmuş Fransanın “Olimpiya” konsert salonuna, Helsinki festivalından “Sopot” müsabiqəsinə... Amerika, Kanada, Fransa, Polşa, Bolqarıstan, İran kimi ölkələrin tamaşaçıları Müslümün səsinə heyran qalırdılar.

Və nə yaxşı ki, Azərbaycan Televiziyasının “Qızıl Fondu”nda Müslüm Maqomayevin unikal kadrları var. AzTV onun bütün həyatını əks etdirən bir neçə filmi ərsəyə gətirməklə, verdiyi konsertləri lentə köçürməklə xalqımıza böyük müsiqi xəzinəsi bəxş edib. Azərbaycan Radiosunun isə Müslüm Maqomayevlə tamamilə ayrı bağlılığı var. Axı Müslümün babası Azərbaycan Radiosunun musiqi siyasətinə rəhbərlik edən şəxs olub və onun bəstələdiyi “Radio marşı” bu gün də efirdən səslənməkdədir.

Müslüm Maqomayev bəşəri insan idi. O, SSRİ kimi hüdudsuz, qapalı və qaranlıq bir ölkənin çərçivəsinə sığmırdı. Parisin “Olimpiya” salonunda uğurlu konsertlərindən sonra ona Fransada qalmaq təklif olunmuşdu. Hətta Müslüm bu təkliflə əlaqədar ona ayrılmış mənzilə də getmişdi. Lakin bu addımının onu boya-başa çatdırmış doğma əmisinin başına hansı dəhşətli oyunlar açacağını düşünəndə, həmin fikirdən vaz keçmişdi və o, SSRİ-yə geri qayıtmışdı. Bu, Müslüm Maqomayevin necə vicdan sahibi olmasından xəbər verirdi.

Müslüm bütöv şəxsiyyət idi. Əlləri Azərbaycan xalqının qanına batan M.Qorbaçovun dönəmində keçmişin təftişinə başlanılmışdı. Sənətkarların bir çoxu SSRİ-nin və Azərbaycanın keçmiş rəhbərlərinin arxasınca danışırdı. Amma heç bir media nümayəndəsi bu mövzuda Müslümdən hər hansı açıqlama ala bilmədi...

Müslüm vətənpərlikdən bəsit danışmazdı. Bəstələdiyi “Azərbaycan” mahnısını təkrarsız ifa etməklə doğma vətəninə olan böyük məhəbbətini göstərdi. Təsadüfi deyil ki, bu əsər müasir ölkəmizin müsiqili rəmzinə, vizit vərəqəsinə çevrilib.

Maraqlıdır ki, milliyyətçilikdən kənar olan Müslüm Maqomayev erməni məkrilə hələ Dağlıq Qarabağ problemi başlayandan öncə rastlaşmışdı. O, mahnılarını ifa etdiyi Moskvada yaşayan erməni mənşəli bəstəkar Arno Babacanyana xeyli populyarlıq gətirmişdi. 1980-ci illərin ortalarında Babacanyan qəfildən Müslümlə əməkdaşlığı dayandırdığını və onun mahnılarını yalnız öz oğlunun ifa edəcəyini bildirir. İtirən isə, əlbəttə, A.Babacanyan olur. Çünki oğul Babacanyanın oxuduğu mahnılar dinləyicilərin rəğbətini qazanmır və unudulur...

Deyirlər ki, Müslüm Maqomayev kimi dahi sənətkarlar hər əsrdə meydana gəlmirlər. Amma nə yaxşı ki, dünyanın Azərbaycan adlı pəncərəsinin önündən çılğın olduğu qədər istedadlı, istedadlı olduğu qədər də məsum bir Müslüm Maqomayev keçib və bizi öz şirin səsinə qonaq edib...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir