Modern.az

AQTA maarifləndirir - Çörəklə bağlı bunları bilmək vacibdir  

AQTA maarifləndirir - Çörəklə bağlı bunları bilmək vacibdir   

24 Oktyabr 2018, 13:25

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Çörəklə bağlı bunları bilmək vacibdir” adlanır.


Çörək və çörək-bulka məmulatları bazarının strukturu müxtəlif ölkələrdə fərqlidir. Avropada çörək istehsalı sektoru iqtisadi baxımdan gəlirli sahələrdən biri hesab olunur. Təkcə bunu qeyd etmək kifayətdir ki, Avropa İttifaqında 2 milyondan çox insan bu sahədə çalışır. Eyni zamanda, çörəyin istehlak vərdişləri Avropa İttifaqına daxil olan 27 ölkədə müxtəlifdir. Xüsusilə, Avropada un və un məmulatlarının istehlakının 79%-ni çörək tutur. Əksər ölkələrdə isə ildə adambaşına düşən çörək istehlakının miqdarı 50 kiloqramdır. Ən yüksək istehlak Bolqarıstanda – təxminən 95 kq, ən az istehlak isə İngiltərədə - təxminən 32 kq civarındadır. 2020-ci ildə artan dünya əhalisinin sayına paralel olaraq qlobal çörək bazarının 215 milyard dollara çatacağı gözlənilir.

Çörək alarkən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır. Yaxşı bişmiş çörəyin üstü qırmızı, alt hissəsi isə düz və açıq rəngdə olmalıdır. Çörəyin üzəri qabarıq və şişkin olmamalıdır. Bütün hissələrin görünüşü eyni və üst hissəsi yanıq olmamalıdır. Çünki üzəri yanmış çörək yüksək temperaturun təsiri ilə tez və yarımçıq bişir, daxili hissəsi isə tam bişməyərək çiy qalır, bu isə, öz növbəsində, doğru həyata keçməmiş istehsal prosesindən xəbər verir. Çörək yumşaq və elastik olmalıdır.

Çörəyi istehlak etmək qədər vacib digər məqam, optimal saxlanma şəraitinin yaradılması və saxlama qaydalarına əməl olunmasıdır.

  1. Əgər çörək bir neçə gün ərzində istehlak olunacaqsa, yaxşı olar ki, onu soyuducuda saxlayasınız. Bu kiflənmənin qarşısını almaq üçün vacibdir. Dondurucuda saxlanan çörək daha uzun müddət istehlaka yararlı olur. Xüsusilə qeyd etmək lazımdır ki, dondurucudan çıxarıldıqdan sonra istehlak olunan çörəklər, dondurulmadan saxlanan çörəklərdən daha yumşaq və istehlaka yararlıdır.

  2. Çörəyin qapalı çörək qablarında, sərin, qaranlıq və quru yerdə saxlanması daha məqsədəuyğundur.

  3. İsti çörəkləri tam soyuduqdan sonra sellofana yerləşdirmək lazımdır, əks halda çörəyin kiflənməsinə şərait yaratmış olarıq.

  4. Paketlənmiş çörəyin hamısı istehlak olunmayıbsa, qalan qismini elə paket içərisində saxlamaq tövsiyyə olunur.


Bir sıra ölkələrdə çörək israfının qarşısının alnması üçün aşağıdakı tədbirlər həyata keçirilir:

İstehsalın tələbata müvafiq qaydada həyata keçirilməsi;

Rəf ömrü uzun olan keyfiyyətli çörək istehsalının artırılması;

Satış obyektlərində çörəklərin uyğun şərtlər altında saxlanılması;

Çörəyin bişirilməsi ilə satışı arasında məsafənin mümkün qədər minimuma endirilməsi;

Daha az qrama malik, kiçik həcmli çörək istehsalının artırılması;

İctimai iaşə obyektlərində, kafe və restoranlarda dilimlənmiş və ya kiçik dəyirmi çörəklər şəklində istehlaka təqdim olunması;

Eyni zamanda, kafe və restoranlarda menyuya uyğun çörək sifarişinin olması və ya artıq qalan çörəklərdən daha sonra istifadə olunacaq menyuların hazırlanması;

Satılmayan çörəkləri qurudaraq daha sonralar başqa qidaların hazırlanmasında istifadə edilməsi;

“Self service” (özünəxidmət) məkanlarında çörəyin başda deyil, yeməklərdən sonra yerləşdirilməsinə diqqət edilməsi;

Orta dərəcədə bayat çörəklərin aşağı qiymətə satışının həyata keçirilməsi.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?