Modern.az

Məşhur modelyerdən payız dəbi ilə bağlı maraqlı AÇIQLAMALAR

Məşhur modelyerdən payız dəbi ilə bağlı maraqlı AÇIQLAMALAR

Mədəni̇yyət

25 Oktyabr 2018, 08:30

Hazırda payız aylarını yaşayırıq və havaların soyuması ilə əlaqədar geyimlərimizdə də dəyişiklik etməliyik. Demək olar, hər kəs yay paltarlarını qarderobundan yığışdırıb. İlin bütün aylarında insanlar dəblə geyinməyə, libaslarını fəsillərlə əlaqələndirməyə çalışır. Ona görə, bu payızın dəbi də hər kəs üçün maraqlıdır.

Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova Modern.az-a bu payızın dəbindən danışıb. Onun sözlərinə görə, payız aylarında uzun illərdir dəbdə olan geyim formaları yenə aktuallığını saxlayacaq.


Bu il payız dəbi bizi az təəccübləndirir

 - Bəzən istifadə etdiyimiz geyim nümunələrində qeyri-adi formanın meydana gəlməsi insanı təəccübləndirir. Bir çox geyim nümunələri isə dəbə gəlir, yerini möhkəmlədir və illər keçsə də, gündəmdə qalır. Məsələn, uzun illərdir ki, geniş biçimli geyimlər dəbdədir. Bu gün də bir çox mağazalara baş çəkdikdə, belə geyimləri görürük. Üst geyimlərində, şalvarlarda, koftalarda bu dəb özünü göstərir.

Bu payız qadının incə bədən formasını nümayiş etdirən paltarlar da dəbdədir. Ümumiyyətlə, qeyd etməliyəm ki, klassik geyim növləri heç vaxt dəbdən düşmür, ola bilər, qısa müddətdə dəbdən uzaqlaşsın, amma sonra bu üslub yenidən qayıdır. 2018-ci ilin payız aylarında da klassik libaslar öz yerini qoruyub, saxlayacaq.


Rəngarənglik özünü göstərir

- Payız, qış mövsümündə adətən, tünd rənglər istifadə olunur. Son illər isə həddindən çox  rəng çaları geyimlərimizə qatılır. Müxtəlif rənglərdə geyim formalarına rast gəlirik. Məşhur brendlərin podiumlarda nümayiş etdirilməsindən əlavə, mağazlar üçün hazırladıqları geyim nümunələrini müşahidə etdikdə görürük ki, bütün rənglər istifadə olunur. Hər zaman söylədiyim kimi, qırmızı, qara, ağ və göy rənglərin çalarları geyimlərimizdə çoxluq təşkil edir. Diqqət etsəniz, əvvəllər ağ və qara rənglərin adını daha çox çəkirdik. Sonradan qırmızı, daha sonra isə göy rənglər bu siyahıya əlavə olundu. Bu rənglərin birlikdə ahəngi də geyimlərdə çox gözəl effekt verir. Ağ, qırmızı, qara və ağ, qırmızı, göy rənglərin düzgün kombinasiyası çox gözəl təqdim oluna bilər.


Hörgülərlə işlənmiş paltarlar və dəri libaslar dəbdə olacaq

- Payız dəbində hörgülərlə işlənmiş geyim nümunələri hər zaman üstünlük təşkil edir. Soyuq fəsillərin dəbi həm əllə, həm də tikiş maşını ilə toxunma geyimlərdir. Hətta bir çox geyim brendləri hörgülərdən hazırlanmış üst geyimləri, libaslar təqdim edirlər. Hörgülərlə işlənmiş geyimlər maraqlı olduğu qədər də rahatdırlar.

Həmçinin, bu payız dəri materialı olan paltarlar da dəbdə olacaq. Həm təbii dəri, həm də dəri əvəzedicilərdən hazırlanmış libaslar, lasinlər, şalvarlar geyiniləcək. Əvvəllər olduğu kimi, lak dəri ilə işlənmiş geyimlərin geniş istifadə edildiyini görürük.


Ayaqqabılar və çantalar

- 2018-ci ilin payızında ayaqqabılarda rahat modellər daha çox gündəmə gəlib. Ucu üçbucaq və yarpaqvari formada olan ayaqqabılar bu fəsil də qarderobumuzda qalacaq. Burnu yumruvari olanlar ayaqqabılar da dəbdədir. Ancaq ən çox rast gəldiyimiz model ucu yarpaqvari, döşü yastı olan ayaqqabılardır. Qeyd etdiyim kimi, bizə rahat olan ayaqqabı formaları yastıdaban və döş hissəsi enli olan modellər daha çox istifadə olunur. Qadınlarla yanaşı, kişilərin də qarderobunda sözügedən ayaqqabılar yer alır.

Çox qeyri-adi, daş-qaşlı, ayağa maraqlı formada bağlanan, üzəri fərqli bəzədilmiş ayaqqabılar da dəb maraqlısı insanların seçimləri sırasına daxildir.

Çantalara gəlincə, bütün formalarda çanta növləri bu payız dəbdə olacaq. Əvvəllər daha çox gənclərə yönəlmiş çanta növləri – çiyindən çarpaz asılan çantalar, rüqzaqlar, kiçik bel çantaları dəbdə idi. Amma son illər bu çantalar dəbdən uzaqlaşdı, yerini digərlərinə verdi. Rüqzaqların səfərlərdə istifadəsi rahat olduğuna görə, hər birimiz onları alırıq. İstənilən halda bu payız da çox böyük olmayan çantalar istifadə edilir.


Aksesuarlar dəbdən düşmür, düşməyəcək də...

- Payız qarderobunda aksesuarların da özünəməxsus yeri var. Burada hər şey – eynək, papaq, çanta, şərf, boyunbağı, qolbaq, üzük, sırğa, yaxa sancaqları və s. nəzərdə tutulur. Bütün bunlar maraqlı və gözəl təqdim olunduğundan hər zaman gündəmdədir. Biz eyni geyimləri dəfələrlə geyinə bilərik. Amma onların üzərinə fərqli, yeni aksesuarları əlavə etməklə daha maraqlı kombin etmiş olarıq.


Aysel Aslan 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür