Modern.az

Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasını qanunsuz saydı - Əhaliyə çağırış edildi

Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasını qanunsuz saydı - Əhaliyə çağırış edildi

İqtisadiyyat

25 Oktyabr 2018, 15:49

Son günlər bir sıra kütləvi informasiya vasitələri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur.

Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, heç bir elmi əsaslara söykənmədən, həmin məhsullardan istifdə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir.
 

Məsələ ilə bağlı QTA mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirib. Məlum olub ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlayıb.

 

“Məlumat üçün bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir”-deyə məlumatda qeyd olunub.

 

Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün QTA-ya nümunələr təqdim edib və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlayıb:

“Qeyd olunanlar “Yeyinti məhsulları haqqında” Qanunun (maddə 7) kobud şəkildə pozulmasıdır. Bununla bağlı, Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülüb. Heyvanlardan alınan qan və süd nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilib".

 

Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu insanlar arasında çaşqınlığa gətirib çıxarır:

 

"Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl, bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur. İstehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur. 

Hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil”.

 

QTA tərəfindən qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir, aparılan araşdırmaların nəticəsi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir