Modern.az

Bizimkilər - Gənc baş redaktor: “Jurnalistə 400 manat maaş vermək doğru deyil” - FOTOLAR  

Bizimkilər - Gənc baş redaktor: “Jurnalistə 400 manat maaş vermək doğru deyil” - FOTOLAR   

29 Oktyabr 2018, 10:46

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Bu layihə - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı Mətbuat.az saytının baş redaktoru Tural İsmayılovdur.

 

Tural İsmayılov 1991-ci il yanvarın 30-da Qazax şəhərində anadan olub. Orta təhsilini Ağstafa rayon İbrahim Həsənov adına Qaçaq Kərəm kənd orta məktəbində alıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə ixtisasına qəbul olunub. 2012-ci ildə məzun olduqdan sonra həqiqi hərbi xidmət çəkib. Bir sıra KİV-lərlə əməkdaşlıq edib. Hazırda Mətbuat.az saytının baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

- Necə oldu ki, jurnalistikaya gəldiniz? 

- Hərbi xidmətdən tərxis olunandan sonra müxtəlif sahələrdə çalışmışam. Amma media ilə əməkdaşlığım tələbəlik illərindən olub. Konkret işçi olmamışam, amma kənardan yazılar yazmşam, köşə yazıları ilə çıxış etmişəm. Daha sonra Azad Azərbaycan Teleradio şirkətində (ATV) işləmişəm, bu müddətdə paralel olaraq Azvison.az saytı ilə əməkdaşlıq etmişəm. Son olaraq da Mətbuat.az saytına dəvət olunmuşam. Öncələri burada redaktor kimi çalışmışam, daha sonra 3 ay baş redaktor əvəzi olmuşam və bu ilin oktyabr ayından isə rəsmi olaraq Mətbuat.az saytının baş redaktoruyam.

Manera.az ədəbiyyat portalında da bir il redaktor kimi fəaliyyət göstərmişəm.

 

- Sizin özünüz də gəncsiniz, gənclər jurnalistika sahəsində irəli getmək üçün hansı addımları atmalıdırlar?

- Mən düşünürəm ki, media xüsusi spesifik sahələrdən biridir. Burada istedad çox önəmli rol oynayır. Yaş kriteriyalarından asılı olmayaraq, istənilən adamın yaxşı qələmi, jurnalistika bacarığı, yaradıcılıq meylləri varsa, o, mediada kifayət qədər uğur qazana bilir. Media, jurnalistika mənim üçün işdir. Mən Yazıçılar Birliyinin üzvüyəm, müxtəlif uşaq hekayələri, şerlər və esselər müəllifiyəm. Jurnalistika mənim işim olsa da, mən ona iş kimi yanaşmamışam. Ədəbiyyat sevgimlə jurnalistika sevgim paralel olub. Başqa sahələrdə çalışa bilməmişəm. 2014-cü ildə özəl şirkətlərin birində çox yüksək əməkhaqqı ilə işləyirdim. Amma gündəlik işə gedib-evə gəlmək dilemması sıxıcı olduğu üçün özəl şirkətdə aldığım maaşın təxminən 60 faiz aşağısına razılaşıb media sahəsinə keçmişəm. Çünki medianı sevirdim, yavaş-yavaş işləyirdim, yazılarımla diqqət cəlb etməyə başlamışam. Təbii ki, məni birdən-birə sayta redaktor təyin etməyiblər. Yazılarım, müsahibələrim maraqla qarşılanıb, ona görə də Mətbuat.az-dan təklif gəldi və mən dəyərləndirdim. Manera.az ədəbiyyat portalında da bir il redaktor kimi fəaliyyət göstərmişəm. Orda rezonans doğuran müsahibələrim var idi, 20-30 min oxunurdu. Jurnalistika elə sahədir ki, istedadı olanlar tez bir müddətdə inkişaf edə bilir və media üçün yüksək postlarda təmsil olunurlar.

- Adətən yaşlı jurnalistlər gənc jurnalistlərin işini bəyənmir, bu nədən irəli gəlir?  

- Mənim fikrimcə, burada yaşlı-gənc məsələsindən çox jurnalistika ilə məşğul olan adamların kimliyinə baxmalıyıq: onlar  həqiqətən jurnalistikanın tələb etdiyi adamlardımı? Sualı bu kontekstdə dəyərləndirsək, daha doğru olar. Bu yaxınlarda efirdə də bununla çox ciddi mübahisələr etdim. Bir neçə verilişə dəvət elədilər, özümüz də Mətbuat.az-ın canlı yayımlarında, yazılarımızda bu məsələyə toxunuruq. Jurnalistikanın peşəkarlığı və eyni zamanda “reket” jurnalistikaya qarşı mübarizə hər zaman müzakirə mövzumuzdur. Biz həqiqi həmkarlarımızı digər “həmkarlarımız”dan ayırmağı bacarmalıyıq. Mən düşünürəm ki, jurnalistikada yaş kateqoriyasının fərqi yoxdur. Adam tanıyıram ki, hansısa bir domen alır, özü üçün bir sayt açır. Ölkədə media azadlığının, azad media və azad internet imkanlarının geniş olması çox müsbət şeydir. Amma həm də belə neqativ tendensiyalar var ki,  hərə bir domen alır, sayt açır, saytın isə jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Baxırsan yaşlı-başlı redaktordur, adi Facebook statusunda çox ciddi səhvlər buraxır, hərf sözünü hərif, film sözünü filim kimi yazır və s. ciddi səhvlər edir. Bunu məndən yaşca böyük və kiçik olan baş redaktor da yaza bilər. Hərf səhvlərini hamı edə bilər, amma çox ciddi məntiqi səhvlər var ki, jurnalistlər bu məsələlərdə diqqətli olmalıdır. Ona görə peşəkarlıq baxımından jurnalistikada həqiqi əziyyəti olan, böyük işlər görən, ad çıxaran, bizdən böyük həmkarlarımızın müəyyən irad və təklifləri ilə razıyam. Amma ola bilər ki, adamın 45-50 yaşı var, jurnalist vəsiqəsi var, saytını və ya qəzetini öz dost-tanışından başqa heç kim tanımır, yazı yazmaq qabiliyyəti yoxdur. Elə adam durub gənclərə necə irad bildirə bilər? Azərbaycan mediasında hal-hazırda gənc olsa da, kifayət qədər işıqlı, uğurlu jurnalistlər  var. Sayları  o qədər çoxdur ki, adlarını çəkməklə bitməz. Yaşı çox olsa da, jurnalistikada iz qoya bilməyən jurnalistlərin gəlib gəncləri bəyənməməsi, irad bildirməsi qəbul edilən deyil.

 

- Sizin özünüzə nəyə görə irad bildiriblər?

- Mənim özümlə bağlı tənqid ola bilər ki, hansısa cümlədə söz səhvi, hərf səhvi ilə bağlansın. İş prosesinin gərginliyi ilə bağlı durğu işarəsi qoymaya bilərəm. Mən dil məsələsində çox həssasam. Bizim xalqımız Azərbaycan dilinə, öz doğma dilinə ana dili deyir, yəni dilimizi anamız qədər müqəddəs hesab edirik. Ona görə, dil məsələsində çox həssas olduğum üçün bizdə gedən xəbərdə, mənim yazdığım fikirlərdə, adi bir Facebook postunda belə durğu işarəsi səhvi və ya başqa səhvlərlə bağlı irad bildirənlər haqlıdırlar. Bu artıq “tələsirdim”, “yol gedirdim” kimi bəhanələrə sığmır, sən özün bu məsələ ilə bağlı həssaslıq göstərirsənsə, özün də buna mükəmməl əməl etməlisən.

- Sosial şəbəkələrin jurnalistikaya təsirləri olurmu?

- Əlbəttə olur. Xüsusən onlayn mediaya sosial şəbəkələrin təsiri çox böyükdür. Çünki, televiziyalardan və qəzetlərdən fərqli olaraq onlayn media və sosial şəbəkələr eyni platformanın məhsuludur. Belə olduğuna görə, xüsusən bizim kimi sayt işçiləri üçün sosial şəbəkələr önəmli rola malikdir. Sosial şəbəkələrin onlayn mediaya çox müsbət təsir imkanları var. Sosial medianın özü həm də xəbər platformasıdır. Tanınmış adamların paylaşdığı post, şəkil saytlarda xəbər ola bilir.

 

- Bəzən bir sıra saytlar qeyri-ciddi xəbərlərlə, yalan başlıqlarla önə çıxır...

- Xəbər saytları reklam bazarından asılı olduğu üçün və reklamlarla maliyyəşdiyinə görə, onlar oxucu toplamaq üçün müəyyən addımlara əl atırlar. Amma mən düşünürəm ki, jurnalistika üçün iki böyük bəla var-  biri şişirdilmiş  başlıqlar, ikincisi ilə yalan başlıqlardır. Təbii ki, başlıqda biraz yaradıcılıq olmalıdır, maraqlı olmalıdır. Dünyanın hər yerində olan saytlara baxsaq görərik ki, başlıqlarla xüsusi olaraq işlənilir. Mən bir çox xarici redaktorların başlıqla işləməsilə maraqlanmışam, bəzən olur ki, bir saat məşğul olurlar başlıqla. Bu normal bir şeydi. Amma bir il əvvəl hansısa hadisə baş verib, o hadisəni “Şok - Bakıda bina yanır” şəklində  yalan başlıqla vermək, xırda mahiyyətli məsələni şişirdib təqdim etmək doğru deyil. Bu səhvləri bir çox jurnalistlərimiz edir, bəlkə biz də edirik, ola bilər ki, məqsədli şəkildə etmirik. Şişirdilmiş başlıq oxucu gətirdiyi kimi, həm də oxucuları saytdan uzaqlaşdırır.

- Bu sahə ilə bağlı reallaşdırmaq istədiyiniz layihələr varmı?

- Mənim “Kosmos” adlı bir media layihəm var idi. Bilirik ki, bunu Karl Saqan Qərb mətbuatında eləmişdi. Dünyanın hər yerində  şou tipli xəbərlər çoxluq tərəfindən daha çox sevilir. Mən də istərdim ki, Kosmosa aid elmi, intellektual bir veriliş açım. Bununla bağlı bir neçə kanalda işləyən dostlarımla məsləhətləşdim, sponsor tapmaq məsələsi ortaya çıxdı. Düşündüm ki, kanallar buna maraqlı olmayacaq, ona görə heç müraciət etmədim və Mətbuat.az-da layihəni reallaşdırmağa başladım. Kosmosla, astrofizika ilə maraqlı olan adamları dəvət edirəm və müzakirə açırıq. Digər layihə isə “Mətbuat katibləri” layihəsidir. Bu layihədə dövlət və özəl qurumların mətbuat xidməti rəhbərini müsahibəsini təqdim edirik. İctimaiyyətlə əlaqədar olan şəxsləri cəmiyyətə tanıtdırırıq. Xəyalə xanım layihəni çox uğurla icra edir. 4-5 layihəm var, onları yavaş-yavaş reallaşdırıram.

- Jurnalistikada kimi özünüzə örnək görürsünüz?

 - Televiziyalarda, qəzetlərdə, saytlarda bir çox professional var ki, mən onlardan örnək götürmüşəm. Belə peşəkarlar çoxdur, ad  çəkmək mənim üçün çətindir. Onlardan biri mənim müəllimim dediyim, hər zaman dəstək olan, jurnalistikada ilham aldığım həm yaxşı jurnalist, həm də dost kimi insanın yanında olmağı bacaran, insana qiymət verən obyektiv insanların başında Azvision.az media qrupun rəhbəri Vüsal Məmmədov dayanır. Vüsal Məmmədovu özümə kumir hesab edirəm. Modern.az saytı da mənim sevdiyim və gündəlik oxuduğum saytlardandı, saytın rəhbəri Elşad Eyvazlı da özümə nümunə götürdüyüm peşəkarlardandır. Bundan başqa Bəhruz Quliyev, Vüqar Rəhimzadə var, bu dediyim adamlar media generallarıdır. Bu siyahını uzatmaq olar. Bir çox saytın baş redaktorlarının gördüyü işi, professionallığını bəyənirəm.

 

- Mediada gənclərin işini stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır?

- İlk növbədə maaş artımı məsələsi olmalıdı. Bir müxbiri sosial müxbir kimi işə götürüb ona gündəlik 5-6 mövzu verib, lazım olanda hansısa bazarda ərzaqların qiyməti ilə bağlı reportaja göndərirsən. Həmin jurnalistə 400 manat maaş vermək doğru deyil. Jurnalistika həm elmi əməkdir, həm də gərgin işdir. Demirəm maaşlar Türkiyədəki qədər yüksək olmalıdır, amma bəzən bizdə jurnalistlərə, hətta böyük iş yükü olan jurnalistlərə verilən maaş yaxın ölkələrdə, Türkiyədə bir köşə yazarına verilən qonorardan azdır. Gəncləri stimullaşdırmaq üçün mediada maaşlar yüksək olmalıdır. Azərbaycan Dövlət Televiziyasında, “Azərbaycan” qəzetində və bəzi yerlərdə maaşlar yüksəkdir. Amma müstəqil media qurumlarında maaşlar ürəkaçandırmı? Bu sual adamı düşündürür. Media qurumlarında peşəkarlar olmalıdır ki, gənclər onlara baxıb media sahəsinə həvəslənsinlər. Dediyim məsələlər həll olsa düşünürəm ki, gənclərdə jurnalistikaya maraq artacaq.

 

- Sonda sizin əlavə etmək istədiyiniz məqam varmı?

- Modern.az saytına təşəkkür edirəm. Modern.az saytı illərdir Azərbaycan mediasında obyektiv, dürüst, yalan başlıqlardan uzaq şəkildə fəaliyyətini davam etdirir. Mən sizinlə həmkar olmaqla yanaşı,  həm də sizin oxucunuzam. Oxucu olaraq da Modern.az saytına bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram. 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı