Modern.az

«Azərbaycan mətbuat tarixi antologiyası» nəşr olunub

«Azərbaycan mətbuat tarixi antologiyası» nəşr olunub

Mədəni̇yyət

26 Oktyabr 2011, 17:07

«Azərbaycan mətbuat tarixi antologiyası» kitabının II cildi nəşr olunub. Kitabda Azərbaycan mətbuatı və jurnalistikasının inkişaf tarixini və onun elmi-nəzəri prinsiplərini əks etdirən materiallar toplanıb. Azərbaycanın ictimai-mədəni həyatı, sosial-siyasi təkamülü, demokratikləşmə, söz azadlığı, vətəndaş cəmiyyəti və müstəqil dövlət quruculuğu uğrunda mübarizəsində əsaslı rol oynayan «dördüncü hakimiyyət»in - mətbuat və jurnalistikanın təşəkkülü və inkişafını işıqlandıran antologiya media işçiləri, tədqiqatçı alimlər, bakalavr, magistr və doktorantlar, habelə ictimai fənlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitabı nəşrə hazırlayanlar və elmi redaktorları Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev və kafedranın müəllimi Nəsiman Yaqubludur. Redaksiya heyətinə isə Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov daxildir.
«Azərbaycan mətbuat tarixi antologiyası» kitabının I cildi 2010-cu ildə işıq üzü görüb.

«Başqa dilim, elim var mənim»

Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədlinin transliterasiya və tərtib etdiyi «Başqa dilim, elim var mənim» kitabı işıq üzü görüb. Kitabda daha çox tarixçi və türkoloq kimi məşhur olan Məhəmmədtağı Zehtabi oxuculara şair kimi təqdim olunur. Ədibin vətəndən ayrı düşdüyü, mühacirətdə yaşadığı illərdə qələmə aldığı şeirlər bu nəşrdə təqdim edilib. M.Zehtabinin bu şeirləri şairin Aşqabad, Bakı, Berlin, Bağdad şəhərlərində yaşayıb fəaliyyət göstərdiyi 1947-1978-ci illərdə yazılıb.
Kitabda şeirlər tarixi xronologiya əsasında sıralanıb. Ön söz və çətin anlaşılan sözlərin izah və şərhi oxucuya bələdçilik edir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub