Modern.az

Mehriban Əliyeva: "Yeni dünya nizamının formalaşması çox çətinliklərlə müşayiət olunacaq"

Mehriban Əliyeva: "Yeni dünya nizamının formalaşması çox çətinliklərlə müşayiət olunacaq"

Mədəni̇yyət

26 Oktyabr 2011, 22:02


Oktyabrın 26-da UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyası öz işinə başlayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyanın işində iştirak edib.
Dünyanın 193 ölkəsindən nümayəndə heyətlərinin, bir sıra ölkələrin dövlət və hökumət başçılarının, təşkilata üzv olmayan ölkələrin müşahidəçilərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi sessiya çərçivəsində “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumu keçirilib.
Macarıstan Prezidenti Pal Şmit, Qabon Prezidenti Əli Bonqo Ondimba, Kot-d-İvuar Prezidenti Alasana Uatara, Qrenadanın Baş naziri Tilman Tomas və Beninin Baş naziri İren Kupaki də bu Forumun əhəmiyyətinə toxunaraq dünyada mövcud problemlərin həlli baxımından onun mühüm müzakirə məkanı olduğunu bildiriblər.
Modern.az AzərTAc-a istinadən bildirit ki, Mehriban Əliyeva Liderlər Forumunda çıxış edib.
Azərbaycanın birinci xanımı deyib ki, bəşəriyyətin gələcəyi sülh mədəniyyətini formalaşdırmadan və davamlı inkişafı təmin etmədən həqiqətən mümkün deyil.

- Hazırda biz olduqca mürəkkəb dünyada yaşayırıq. Bir tərəfdən, o, yeni texnologiyaların tətbiqi və müasir elmin sürətli inkişafı ilə xarakterizə olunur. Əgər əvvəllər təbii resurslar zənginliyin yeganə mənbəyi sayılırdısa, indi insanların özü müasir ideya və texnologiyaların təşəbbüskarı kimi yeni mənbə rolunu oynayırlar. Lakin təbii sərvətlərdən fərqli olaraq, insan təfəkkürü hüdudsuzdur. “İnsan kapitalı” termini artıq metafora deyildir. Təfəkkür və zənginlik bir məfhum kimi götürülə bilər.
Digər tərəfdən, dünyada dərin maliyyə böhranı yaşanır və bir çoxları bunu daha ciddi sistematik böhranın əlamətləri kimi görür. Hazırkı qloballaşma hamımızı qlobal dünyanın sakinlərinə çevirib. Lakin əfsuslar olsun ki, biz, eyni zamanda, heç vaxt görünməmiş dərəcədə bir-birimizdən ayrıyıq. İqtisadiyyat aləmi bunun sosial ədalət və qlobal etika kimi ideallardan nə qədər uzaq olduğunu nümayiş etdirir.
Əfsuslar olsun ki, dözümsüzlük, ksenofobiya və ədavət bu bölünməni daha da dərinləşdirir. Dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşir. Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına çəkir.
Müharibə və münaqişələr milyonlarla insanları məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir. Ölkəmiz – Azərbaycan üçün münaqişə və onun nəticələri sadə sözlər yox, acı həqiqətdir. On minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər birimizin ən böyük ağrısı olaraq qalır. Bu münaqişə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün yaranması ilə nəticələnmişdir. Böyük sayda tarixi və memarlıq abidələri, məktəblər, muzeylər və kitabxanalar işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilib. Ekspertlərin hesablamalarına görə, əgər münaqişələrin qarşısı alınmasa, onların nəticəsində XXI əsrdə 150 milyondan artıq qadın və uşaq həyatını itirə bilər. Həmin müharibələrin əksəriyyəti ədavət və dözümsüzlüyün təşviqi ilə başlanmışdır.
Lakin bu mənfi təsirə baxmayaraq, mən gələcəyə nikbinliklə baxıram. Biz bu hədələri sivil dialoq vasitəsilə aradan qaldırmalıyıq. Məhz bu, elə indi bu zalda qaldırılmış bir çox məsələləri təhlil etmək imkanını yaratmış bir qədər əvvəl Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumun məqsədini təşkil edirdi. 39 ölkənin nümayəndələrini bir araya gətirən bu forum çərçivəsində çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, biotexnologiya və etik problemlər, iqtisadi inkişaf modelinin humanitar aspektləri, sosial media və yüksək texnologiyalar, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələlər müzakirə olunmuşdur. Forum iştirakçıları beynəlxalq təşkilatları, o cümlədən UNESCO-nu “bəşəriyyətin müsbət inkişafının qorunması və davam etdirilməsi məqsədilə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real çərçivəni yaratmağa” çağıran Bakı Bəyannaməsini qəbul etmişlər. Bu, sülh mədəniyyətinin qurulması üçün fundamental əhəmiyyət kəsb edir.
Hörmətli iştirakçılar.
Aydındır ki, yeni dünya nizamı artıq formalaşır və bu proses bir çox çətinliklərlə müşayiət olunacaqdır. İnanıram ki, qloballaşmanın humanitar aspektləri olduqca vacibdir. Bu mənada, insan sivilizasiyasının taleyi üçün məsuliyyətimizin dərk edilməsi mühüm məsələdir. Səmimi dialoq, xoş məram, üzləşdiyimiz problemlərin daha yaxşı qavranılması və qarşılıqlı anlaşma özümüz və gələcək nəsillər üçün çətinliklərin uğurla aradan qaldırılmasında lazım olacaq vasitələrdir.
Hörmətli xanım baş direktor, əziz dostlar.
Yekun olaraq, mən forum çərçivəsində hamınıza maraqlı və məhsuldar müzakirələr arzulayıram.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir