Modern.az

"Kanadadakı Güney Azərbaycandan olanların çoxu özünü iranlı sayır"

"Kanadadakı Güney Azərbaycandan olanların çoxu özünü iranlı sayır"

Müsahibə

27 Oktyabr 2011, 12:25

Hüseyn Türkel: “Öz milli mənsubiyyətini, vətədaşı olduğu dövlətə mənsubiyyətdən üstün tutmayanları Azərbaycan diasporu saymaq düzgün deyil”

Kanadanın Toronto şəhərində yaşayan Hüseyn Türkel Modern.az saytına müsahibə verib.

- Öncə oxucularımıza özünüz barədə məlumat verərdiniz. Nə vaxtdan Kanadada yaşayırsınız, hansı fəaliyyətlə məşğulsunuz?

 - 1974-cü ilde Güney Azerbaycanın Sarab şəhərində anadan olmuşam. İlkin və orta təhsilimi Sarabda, ali təhsilimi isə Təbrizdə və daha sonra Kanadada almışam.
Yeniyetmə yaşlarımdan milli düşüncəyə yiyələnmiş, milli hüquqlarımız uğrundan siyasi mübarizəyə qatılmışam. 1992- 1997-illərdə Təbriz Universitetinin Türk Öyrənci Hərəkatının öncül fəallarından, Azərbaycanın bağımsızlığı və bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Yeni Birlik Təşkilatının qurucularından olmuşam. 1997-ci ildə “etnik ixtişaşların” təşkilində, PanTürkizmdə və İranın milli təhlükəsizliyinə qarşı qəsddə ittiham olunaraq həbs edilmişəm.1998-ci ilin avqust ayında Qüzey Azərbaycana sığınmışam. Qüzeyə mühacirət etdikdən qısa müddət sonra böyük öndər Elçibəyin təqdimatı ilə Bütov Azərbaycan Birliyi Mərkəzi Şurasının üzvü seçilmişəm. “Azadlıq” radiosunda və “Amerikanın Səsi” radiosunda jurnalist olaraq çalışdığım müddətdə Güney Azərbaycanın boğulmuş harayını dünyanın diqqətinə çatdırmağa çalışmışam. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təsisçilərindən olmuşam və bir neçə il bu qurumun Azərbaycan və Quzey Amerika təşkilatlarına başçılıq etmişəm. 2007-ci ildə Çöhrəqanlı ilə ciddi fikir ayrılığı səbəbi ilə mən və bir qrup fəalla birlikdə GAMOH-dan ayrıldıq. 2005-ci ilin sonunda ikinci dəfə mühacirətə getmək zorunda qaldıq və Kanadanın Toronto şəhərinə mühacirət etməli olduq. Populist təbliğatdan kənar müstəqil hüquqçu kimi fəaliyyət göstərirəm. Daha öncə Kanadanın İmmiqrasiya və Qaçqınlar İdarəsində çalışmışam. Burada Hüquq- Məhkəmə və Tribunal Nümayəndəliyi üzrə təhsil almışam. Yuxarı Kanada (Ontario) Vəkillər Kollegiyasının üzvüyəm və yenicə Turan Hüquq Xidmətləri adlı öz hüquq məsləhətxanamı açmışam. Ailəliyəm, iki övladım var.

- Turan Hüquq Xidmətlərini yaratmaqda məqsədiniz nədir?

- Bu mənim şəxsi hüquq məsləhətxanamdır. Turan Hüquq Xidmətlərini yaratmaqda məqsəd təbii ki, buradakı insanlar yüksək səviyyəli hüquqi yardım göstərməkdən ibarətdir. Turan Hüquq Xidmətləri əsasən Maliyə İddiaları, Cinayət Hüququ, İmmigrasiya Hüququ, İş və Məşqulluq, Yol Nəqliyat Hadisələri və Siğorta Hüququ, İnsan Haqları, Ontario Əyalət Xətaları və bu kimi səhələr üzrə bütün Kanada vətəndaşlarına və kanadada yaşayan insanlara hüquqi yardım göstərməkdədir. İmmigrasiya Hüququ sahəsindəki xidmətlərimizi isə təkcə Kanadalılara və Kanadada yaşayan qeyri-Kanadalılara aid deyil. Bu sahə üzrə biz həm də xarici vətəndaşlara o cümlədən Güney Azerbaycan, İran, Türkiyə, və Azərbaycan Respublikası və sayir ölkələrin vətəndaşlarına hüququ yardım göstəririk. Kanadaya mühacirət etmək istəyən, burada təhsil almaq və ya işləmək və ya burada biznes fəaliyyət qurmaq istəyənlərin hüquqi problemlərini həll etməyə çalışırıq.

- Kanadada – Torontoda nə qədər azərbaycanlı yaşayır? Buradakı azərbaycanlılar ən çox Güney Azərbaycanı təmsil edir, yoxsa Quzeyi?

- Bir sıra məlumatlara görə buradakı Azərbaycanlıların sayı hardasa 20 mindən artıqdır. Amma onların çox kiçik bir bölümü fəaldır. Burada Azərbaycan konsertlərinə 100-200 adam çətin toplaşır. Hansısa mitinqə və etiraza isə 50 adamı toplamaq olduqca çətindir. İnsanlar burada həm öz şəxsi həyatlarına qapılmaq zorundadırlar. Bu isə onları ictimai həyatdan bir qədər uzaqlaşdırır. Buradakı Azərbaycanlıların çoxu əsasən Güneydən olanlardır. Güneydən olan Azərbaycanlılar əsasən İrandakı İslam İnqılabından sonar buralara gələn insanlar olduğundan onlara hələ də köhnə dövrün siyasi-ictimai düşüncələri hakimdir. Quzey Azərbaycandan və Güney Azərbaycandan milli düşüncəyə yiyələnmiş insanlar buralara son bir neçə ildə gəlməyə başlayıblar.

 - Söhbətlərimiz zamanı demişdiniz ki, onların az bir hissəsi özünü azərbaycanlı sayır...

- Burada yaşayan azərbaycanlılar əsasən İrandakı İslam İnqilabı ərəfəsində Kanadaya köçmüş insanlardır. Vətənlə əlaqələri tam kəsildiyinə görə isə düşüncələri 30-40 il əvvəldə qalıb. Yəni çoxu özünü İranlı sayır, bəziləri evində ingiliscə-farsca danışır və ümumiyyətlə milli hisslərə sahib deyillər. Bilindiyi kimi Azərbaycançılıq və Azərbaycan təməlli siyasi-ictimai düşüncə tərzi yenidir. Güneydə hazırkı milli hərəkat əsasən 90-cı illərin əvvəlllərindən Azərbaycan Cümhuriyyətinin müstəqilliyindən sonra bir daha bərpa olunub. Bundan sonra mühacirətə gedən insanların çoxu təbi ki, kifayət qədər milli şüurlu insanlardırlar və təbii ki yalnız onları Azərbaycan diasporası saymaq mümkündür. Bir sözlə, öz milli mənsubiyyətini, vətədaşı olduğu dövlətə mənsubiyyətdən üstün tutmayanları Azərbaycan diasporası saymaq düzgün deyildir.

- Torontoda yaşayan azərbaycanlılar əsasən hansı sahələrdə çalışırlar? Kanadadakı azərbaycanlılar təşkilatlanıblarmı?

- Buradakı Azərbaycanlılar müxtəlif peşə sahələri üzrə çalışırlar, professional sahələrdə çalışanların sayı təssüf ki, o qədər də çox deyil. Əsasən yeni gəldiklərinə görə hər kəs qürbət ölkədə necə deyərlər öz şəxsi sorunları ilə baş-başa qalır. Bir sıra diaspora təşkilatları fəaliyyət göstəririr amma ümumiyyətlə pərakəndəlik höküm sürür təssüf ki! Azərbaycanlıların toplana biləcəyi bir diaspora mərkəzi və ya böyük bir cəmiyyət yoxdur. Bildiyimə görə rəsmi dairələrin yardımı ilə 3-4 il öncə bir yer kirayələnmiş və hansısa bir Azərbaycan diaspora qurumuna verilmişdi, amma şəxsi ixtilaflar və eşitdiyimə görə hansısa maliyə mübahisələri nədəni ilə həmin cəmiyyət də dağılıb və indi azərbaycanlıların burada hər-hansı bir toplanacaq yeri yoxdur.

- Diaspora təşkilatlarının tədbirlərinə qatılırsınızmı, onların işində bir töhfəniz olubmu? Diaspor təkilatlarımızın fəaliyyəti sizi qane edirmi?

- Mövcud parçalanmalara hansısa formada qatılmaq istəmədiyimdən və başqa bir sıra subyektiv və obyektiv səbəblərə görə mən şəxsən bir-başa diaspora fəaliyəti ilə məşğul olmuram. Amma keçirilən müxtəlif tədbirlərə qatılmağa, onlara dəstək verməyə çalışıram. Təssüf ki, keçirilən tədbirlərin sayı çox az olur. Bəlkə ildə 1-2 tədbir keçirilir, bizlər də təbi ki, həmin tədbirlərə qatılmağa çalışırıq. Bir sıra çalışmalar var, amma qane-edici səviyyədə deyil.

- Kanadada Azərbaycanı tanıyırlarmı?

- Ümumiyyətlə ermənillərin 10 illər boyunca əleyhimizə apardıqları əks-təbliğat həm də yerli toplumum xristian olması nəticəsində Türklərə qarşı təsəvvür bir mənalı deyil. Təbii ki, artıq Azərbaycanla bağlı yavaş-yavaş insanlarda fikir formalaşır. Buranın insanlarının tarix-coğrafiya üzrə bilgiləri çox məhdudur. Onlar əsasən Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumatlar və ya proqramlardan asılı vəziyyətdədirlər . Yəni Azərbaycan haqda təsəvvür qərb mətbuatında yayılan mənfi və ya müsbət xarakterli xəbərlərə uyğun formalaşır. Amma ümumiyyətlə yerlilərə Azərbaycanlı olduğunu deyəndə “O ölkə haqda heç eşitməmişəm” kimi reaksıyalara indi daha az rast gəlinir.

- Azərbaycan həqiqətlərini Kanada cəmiyyətinə çatdırmaq üçün hansı işləri görürsünüz?

- Burada yaşayan milli düşüncəli insanların çoxu kimi mən də təbi ki, hər yerdə olsam, istər təhsil ocaqlarında, istər iş yerlərində Azərbaycanın azadlığı və bütövlüyü ilə bağlı ideallarımızın təbliği ilə məşğul oluram. Azərbaycanla bağlı həqiqətləri olduğumuz hər yerdə dilə gətiririk. İlişgidə olduğumuz yerli insanlara, siyasilərə və media mənsublarına təbii ki, Qarabağ və Güney Azərbaycanla bağlı həqiqətləri çatdırmağa çalışırıq. Ancaq bu yalnız şəxsi müstıvidə olur.

- Güneylə bağlı fəaliyyətiniz davam edirmi?

- Hər-hansı siyasi partiyanın üzvü olmadığımdan çalışmalarım yalnız şəxsi fəliyyətlərə məhdudlaşır. Güney Azərbaycanda millətimizin hazırkı durum, İran rejiminin apardığı anti-Türk siyasəti, milltimizə qarşı assimilassiya planları və bu kimi məsələlər barədə müxtəlif dairələrə , siyasət və bilim adamlarına, ictimai-siyasi fəallara bilgilər vermək, müxtəlif beynəlxalq təşkilatlara o cümlədən hüquq müdafiə qurumlarına mövcud insan haqları pozuntuları ilə bağlı məlumat çatdırmağa çalışıram.

- Kanada mətbuatı ilə münasibətlərinizi necə qurursunuz? Bu ölkənin mətbuatında Azərbaycanla bağlı informasiyalara rast gəlinirmi?

- Kanada mətbuatında şəxsən tanıdığım müxtəlif adamlar var, amma təssüf ki, mətbuatda erməni nüfuzu faktoru olduqca güclüdür. Unutmayaq ki, Kanada xristian ölkəsidir. Bunlar bizim zənn etdiyimiz qədər də xoş görülülü insanlar deyillər. Bundan başqa dünya mətbuatında Azərbaycanla bağlı tez-tez mənfi xəbərlər yayılır. Ona görə də Azərbaycanla bağlı həqiqətləri burada yerli mətbuatda dərc etdirmək olduqca çətindir. Ayrıca, məncə bizlər də bu məsələ ilə çox ciddi və ardıcıllıqla məşqul ola bilmirik. Bunun özünün də ciddi səbəbləri var. Kanada mətbuatında Azərbaycanla bağlı yazılara demək olar ki, rast gələ bilməzsən. Çünku Azərbaycan Kanada üçün o qədər də maraqlı deyil.

- Sizcə Azərbaycanı dünyada tanıtmaq üçün hansı işləri görmək lazımdır?

- Məncə ilk öncə Azərbaycan müsbət xəbərlərin qaynağına çevriliməlidir. Bu özü-özlüyündə ən böyük təbliğatdır. Məsələn İMF Azərbaycanda iqtisadi inkişaf göstəricilərinin yüksək olduğu haqda raport yayanda istər-istəməz bu Azərbaycan üçün böyük təbliğ olur. Təbii ki, xoşa gəlməz xəbərlər isə tam əsk-təbliğat vasitəsinə çevrilir.
Xaricdə isə Azərbaycanlıların bir araya gələ biləcəyi və məqsədi yalnız və yalnız Azərbaycanın təbliği olan Azərbaycan Evləri və Ana Dili Məktəbləri qurmaqdan böyük iş ola bilmız. Şükürlər olsun artıq dövlətimizin hazırkı resursları bunu etməyə imkan verir. Niyə də Kanadanın böyük şəhərlərində, ABŞ-da, Avropanın Strasburq, Paris, Stokholm, Berlin, Brussel və digər şəhərlərində Azərbaycan evləri olmasın?! Bu məsələni 5-10 milyon dollarla etmək olar. Məncə biz diplomatik korpuslarımızla yanaşı, necə deyərlər xalq diplomatiyası deyilən imkanlarından da istifadə etməyə başlamalyıq. 
 Diaspora fəaliyyəti siyasətdən və şəxsi münasibətlərdən tam seçilməlidir. İnsanları siyasi düşüncəsindən asılı olmadan, iqtidar-müxalifət demədən, güney-quzey dəmədən bir araya gətirə biləcək inklusiv  bir quruma ehtiyac var. 
 Siyasi ədəbiyyatımız dəyişməlidir: Özünü azərbaycanlı sayan insanlara “İranlı”, “Gürcüstanlı”, “Ermınistanlı”, “Rusiyalı” və s. deyib onları özümüzdən itələməməliyik.
 Avropada və Amerikada KİV-lə əlaqələr qurmağa ciddi fikir vermək lazımdır. Bu sahə ilə məşğul olan mütəxəssis insanlara ehtiyac var. 
 Ümumiyyətlə diasporaçılıq professional bir sahəyə çevrilməlidir. Bu məsələ ilə həvəskarcasına deyil, professional olaraq məşğul olmaq lazımdır. Kimlərinsə işi və peşəsi diasporaçılıq və Azərbaycanın təbliği olmalı, qarşılarında bəlli hədəflər qoyulmalı və hesabat tələb olunmalıdır. Gözləsək ki, kimsə boş vaxtında bu işlərlə məşğul olacaq, ciddi sonuclar əldə etməyəcəyik,.Nəzərə alaq ki, mühacirlər ümumiyyətlə sıfırdan başlayan insanlardır. Burada gecələr işləyən, gündüzlər təhsil alan insanlar tanıyıram. Yəni buralarda insanların boş vaxtı olmur.

- Qarabağ probleminin, Güney Azərbaycan məsələsinin həlli Kanadadan necə görünür? 

- Qarabağ probleminin həlli milli birliyə və qanunun aliliyinə əsaslanan güclü dövlət, güclü iqtisadiyyat və eyni zamanda güclü ordudan asılıdır. Buna nail olsaq bəlkə də Qarabağı müharibə olmadan da azad etmək olar. Azərbaycanın iqtisadiyatın inkişafi və hərbi büdcəmizin Ermənistanın bütövlükdə dövlət büdcəsindən çox olması faktı bölgədəki siyasi-iqtisadi və hərbi balansın bizim xeyirimizə dəyişdiyini göstərir. Təbii ki, Rusiya amili bu məsələnin çözümünü çox çətinləşdirir, amma bütövlükdə ümumi göstəricilər bizim xeyirimizədir.
Güney Azərbaycanda milli azadlığımızın əldə olunması uğrunda ciddi mübarizə gedir. İran ətrafında beynəlxalq mühasirə də get-gedə sıxlaşır. Güneydəkı milli hərəkat güclü və genişdir, amma təssüf ki, nə daxildə nə də xaricdə hərəkata siyasi xətt verə biləcək ciddi təşkilat yoxdur. Biz bir araya gəlib, təşkilatlanar və ciddi bir qüvvə olaraq özümüzü ortaya qoyarsaq Güney Azərbaycanın da azadlığı əlçatmaz bir arzu deyildir.

- Kanadada erməni diasporunun fəaliyyəti genişdirmi?

- Erməni diasporası olduqca güclüdür. Onlar bir əsrdən çoxdur buralarda oturuşublar. Əzabkeş obrazı yaratdıqlarına görə ciddi dəstək qazanıblar. Bu, Quzey Amerikada insanlarin çoxunun xristiyan olması ilə bir-başa bağlıdır. Yəni ermənilər bunların necə də olsa xristiyan qardaşlarıdır. Erməni kilisələrınə ciddi maliyyə dəstəkləri edilir. Ermənilərin immiqrasiya, yerləşmə, təhsil, işlə təmin olunmaları və güclənməsinə ciddi dəstək verirlər. Bundan başqa, ermənilər parlamentə millət vəkilləri göndərə biləcək, yüz minlərlə ölçülən seçici qüvvəsinə sahibdirlər. Aktiv seçici kütləsinə sahib olduqlarına və eləcə də xristiyan olduqlarına görə bir sıra ölkələrdə. o cümlədən Kanada Parlamentində “soyqırım” iddialarını qəbul etdirə biliblər.

-Kanadada azərbaycanlılara məxsus qəzet, jurnal varmı?

- Ümumiyyətlə qəzet yoxdu. Daha öncə bir həftəlik çıxırdı. Ancaq təssüf ki, bildiyimə görə artıq çıxmır.

Aqil ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir