Modern.az

Deputat Elçin Quliyev: “Millət vəkili seçicisinin danışan dili, görən gözü olmalıdır” - MÜSAHİBƏ  

Deputat Elçin Quliyev: “Millət vəkili seçicisinin danışan dili, görən gözü olmalıdır” - MÜSAHİBƏ   

Parlament

6 Noyabr 2018, 11:08

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elçin Quliyev Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Elçin müəllim, özünüz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirik.

- Mən – Elçin Quliyev Bəybala oğlu 1960-cı ildə Sabirabad rayonunda anadan olmuşam. Orta məktəbə də orada getmişəm. 1977-ci ildə orta məktəbi bitirib, sovet dövründə  Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsinə daxil olmuşam və 1981-ci ildə həmin institutu bitirmişəm. Daha sonra isə 1981-ci ildən əmək fəaliyyıtinə başlamışam. 1981-1983-cü ilədək hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra 1999-cu ilədək bank sektorunda müxtəlif vəzifələrdə çalışmışam. 1999-cu ildən 2006-cı ilədək vergi orqanlarında rəhbər vəzifələrdə işləmişəm. 2006-ildən 2015-ci ilədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif  vəzifələrdə çalışmışmaqla,  2010-cu ildən 2015-ci ilə qədər həmin komitədə Aparat rəhbəri vəzifəsində işləmişəm. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. Ailəliyəm və iki övladım var.

 

- Necə oldu ki, deputatllığa namizədliyinizi irəli sürdünüz?

- Deputatlığa namizədliyim 2015-ci ildə  Yeni Azərbaycan Partiyası tərəfindən 63 saylı Sabirabad şəhər I seçki dairəsindən irəli sürülüb.

 

- Hər bir deputat namizədliyini irəli sürərkən, seçki platformasında verdiyi vədlər olur. Təbii ki, sizin də seçicilərinizə vədləriniz olmamış deyil. Bilmək olarmı bunlar hansı vədlər idi və nə dərəcədə yerinə yetirə bilmisiniz?


- Namizədliyim irəli sürüləndən sonra secicilərlə görüşlərdə partiyanın ümumi seçki platformasından çıxış etmişəm, qarşıya qoyulan hədəflərə uyğun olaraq istiqamət götürmüşəm və seçicilərimlə səmimi görüşlər, fərdi qaydada qəbullar keçirmişəm. Çalışmışam keçirdiyim görüşlərdə secicilərimi narahat edən məslələrə müsbət cavab verim və onların problemlərinin həlli üçün imkanım daxilində köməklik göstərim. Deputatlıq fəaliyyətim dövründə partiyamızın qarşımızda qoyduğu istiqamətlərə əsaslanaraq vətəndaşlara verdiyim vədləri yerinə yetirmək üçün lazımı tədbirlərin həyata keçirilməsinə maksumum dərəcədə çalışmışam.

 

- Seçicilər tərəfindən Sizə daha çox hansı məsələlərlə bağlı müraciətlər olur? Müraciətlər öz həllini tapırmı?

- Təbii ki, bu gün bütün deputatlara olduğu kimi mənə də təmsil etdiyim rayonda olan problemlərlə və digər məsələlərlə bağlı müraciətlər olur. Çalışıram ki, əlimdən gəldiyi qədər olunan müraciətlərə maksimum şəkildə kömək edim. Əgər həmin məsələlərin həlli imkanım daxilində deyilsə, aidiyyatı orqanlar qarşısında məsələni qaldırım.   
İnsanların daha çox qaldırdığı məsələlərin əksəriyyəti isə məişət problemləri ilə bağlı olur. Müvafiq mərkəzi icra himiyyəti və yerli icra strukturları ilə qarşılıqlı etimad əsasında qaldırılan məsələlərin həllinə nail oluruq. Elə məsələlər var ki, onları həll etmək imkan daxilində deyil. Ancaq imkan daxilində tez-tez seçicilərimlə görüşlər keçirirəm. Rayonda olduğum müddətdə isə maksimum şəkildə çalışıram ki, seçicilərimin mərasimlərimdə iştirak edirəm. Hal-hazırda köməkçim YAP Sabirabad rayon Təşkilatında fəaliyyət göstərir və vətəndaşların  müraciətlərini dinləyir və seçiçilərimlə lazımi görüşləri təşkil edir.

         

- Ölkənin sosial, iqtisadi və siyasi həyatında deputatın rolunu necə görürsünüz?

-  Deputat heç də təkcə seçildiyin bölgənin, dairənin təmsilçisi olmaq demək deyil, o, həm də Azərbaycan vətəndaşının, Azərbaycan seçicilərinin bütövlükdə parlamentdəki səsi, tribunası deməkdir. Millət vəkili bütövlükdə ölkəsinin taleyi ilə bağlı, yəni onu maraqlandıran, onu narahat edən məsələlərin həllində ən öndə olmalıdır. Həm seçicisini parlamentdə ləyaqətlə, həm də ölkəsini, dövlətini beynəlxalq arenada, üzv olduğu beynəlxalq qurumlarda layiqincə təmsil etəmlidir. Seçicisinin, xalqının, dövlətinin danışan dili, görən gözü olmalıdır. Millət vəkili bütün məsələlərdə və sahələrdə ölkəsinin, dövlətinin inkişafına öz töhfəsini verməlidir, yaxasını kənara çəkib, "bu, mənə aid deyil", deməməlidir...

 

- Parlamentə ilk dəfə seçilən yeni deputatların çox az qismi mediaya açıqdır. Bəzi jurnalistlər sizi də mətbuatla təmas qurmayan millət vəkilləri sırasında görür. Bunun səbəbləri nədir? Deputat niyə mediadan çəkinməlidir ki?

- Hesab edirəm ki, heç bir deputat mediadan çəkinməməlidir. Tez-tez sosial şəbəkələr vasitəsilə paylaşımlar edirəm.  Həmçinin, dövlət qəzetlərində və ayrı-ayrı mətbuat orqanlarında yazılarım dərc edilir. Ona görə də hesab edirəm ki, mənə mətbuata qapalı biri demək olmaz. Mənə ən çox müraciət olunan media orqanları “Azərbaycan” və “Xalq qəzeti”dir. Bundan əlavə, saytlarda çalışan jurnalistlər də mənə suallarını ünvanlaya bilirlər. Çalışıram ki, mənə ünvanlanan suallara cavab verim. Ona görə də mən özümü mediaya bağlı hesab etmirəm. “Deputat niyə mediadan çəkinməlidir” sualını isə düzgün qəbul etmirəm. Bu gün respublikamızda gedən bütün ictimai, siyasi, iqtisadi məsələlərdə deputatlar birbaşa iştirak edirlər. Təbii ki, o öz fəaliyyətini də mediada işıqlandırmalıdır.

 

- Adətən millət vəkilləri ilə yerli icra hakimiyyətləri, bir sıra dövlət orqanları və məmurlar aralarında soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Hesab edirəm ki, deputatla yerli icra hakimiyyəti orqanları, digər icra strukturları arasında heç bir problem ola bilməz. Deputat xalqın seçdiyi, ona etimad göstərdiyi biridir. Müvafiq icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri də ölkə başçısının sərəncamı əsasında vəzifəyə təyin olunmuş şəxslərdir. Deputatlar, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, məmurlar bir yumruq olaraq Azərbaycan dövlətinə, prezidentinə və xalqına xidmət etməlidirlər. Nəinki mənim, heç bir deputatın heç bir məmurla, yeri icra hakimiyyəti orqanlarının başçıları ilə heç bir problemi olmamalıdır.

 

- Milli Məclisdə təmsil olunan deputat həmkarlarınızla münasibətlər necədir?

- Təbii ki, normal. Necə də olmalıdır ki?! Bütün həmkarlarımla normal, səmimi münasibətlərimiz var. Aralarında hətta, dostluq, yoldaşlıq etdiklərim də var. Yəni, bütün həmkarlarıma hörmətlə, ehtiramla yanaşıram, təbii ki, onlar da mənə eyni münasibəti sərgiləyirlər. Yəni, hamısından razıyam.

 

- Elçin müəllim, parlamentin plenar iclası yaxın günlərdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq. Yeni büdcədən gözləntiləriniz nədir? Təklifləriniz varmı?

- Artıq 2019-cu ilin büdcə zərfi Milli Məclisə daxil olub. Noyabrın 5-dən etibarən həmin sənədlərə parlamentin komitələrində baxılır. Bundan sonra isə plenar iclasa çıxarılacaq. Qanun layihələrinə 3 oxunuşda baxılacaq. Daha sonra isə səvermə yolu ilə yeni ilin dövlət büdcəsi qəbul olunacaq. Milli Məclisə təqdim olunan sənədin gəlirlər və xərclər hissəsində xeyli artımlar var. Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır.  Bu da onu göstərir ki, dövlət büdcəmizdə xeyli miqdarda artım proqnozlaşdırılır. Ümumiyyətlə, 2019-cu ilin dövlət büdcəsi sosialyönümlüdür.

- İdxaldan asılılıq müəyyən problemlərin olmasına gətirib çıxarır… Sizcə, Azərbaycan idxaldan asılılıqdan tam azad ola bilərmi?

- Təbii ki, hər bir dövlət, o cümlədən Azərbaycan Respublikası bütün məhsullarla özünü təmin edə bilməz. Nə qədər yerli məhsullar istehsal olunsa belə, idxaldan asılılıq var və bu olacaq da. Elə məhsullar var ki, biz onları istehsal etməklə yanaşı, ixrac da edirik. Ancaq elə məhsullar da var ki, Azərbaycanda onun istehsalı yoxdur və mümkün də deyil. Azərbaycan dövləti olaraq isə təbii ki, biz bu məhsulları idxal edəcəyik.

 

- Elçin müəllim, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi riskli ola bilərmi?

- Bu gün biz hamımız neftin qiyməti ilə bağlı nikbin fikirdəyik. Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulub. Hesab edirəm ki, neftin 1 barelinin 60 dollardan götürülməsi qənaətbəxşdir və doğru addımdır. Çünki dünya bazarlarında neftin bir barelinin qiymətinin 60-70 dollar olması gözlənilir.  Bildiyimiz kimi, ölkə başçısı İlham Əliyevin hökumət qarşısında tapşırıqları və göstərişləri ondan ibarətdir ki, neftdən asılılıq minimuma endirilsin.  Hesab edirəm ki, cənab prezidentin tapşırıq və göstərişlərinə əsasən də bu istiqamətdə işlər aparılır. Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir və ölkədə kiçik və orta sahibkarlığa göstərilən dəstək əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılmasını təmin edir. Artıq qeyri-neft sektorunda mühüm addımlar atılır. Həm kənd təsərrüfatı, həm də sənaye sektorunda görülən işlər və əldə olunan nəticələr çox sevindiricidir. Azərbaycanın kənd təsərrüfatı, sənaye və digər məhsullarının dünya bazarına çıxarılması üçün həm siyasi dəstək var, həm qanunvericilik bazası formalaşıb, həm də maliyyə-bank sektorunun sağlamlaşdırılması, gömrük rüsumlarının yumşaldılması istiqamətində işlər həyata keçirilir. Yəni, Azərbaycan məhsullarının ixracı üçün bütün lazımi amillər mövcuddur. Bütün bunların hamısı sahibkarlığın inkişafına təkan verir, rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün əlverişli şərait yaradır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir