Modern.az

Soğan bol olarsa... - Kəndlini-fermeri düşündürən SUALLAR  

Soğan bol olarsa... - Kəndlini-fermeri düşündürən SUALLAR   

İqtisadiyyat

8 Noyabr 2018, 08:34

Bu gün kənd təsərrüfatı sahəsində pərkəndəlik hökm sürür. Dedi-qodu üzərinə qurulan, planlaşdırılmadan əkilən məhsul növləri sonda fermerlərin ziyana düşməsinə səbəb olur. İnişil soğan, bu il də sarımsaq... Tendensiya nə vaxtadək davam edəcək?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, fermerlər üçün hansı məhsulun becərilməsi həm də marketinq məsələsidir.

 

Fermeri düşündürən sual – “Bu il bazarda hansı məhsul bahadır?”

 

V.Hüseynov qeyd edib ki, fermer məhsulu əkən zaman onun satış bazarı, bazarda bu məhsula nə qədər tələbat olduğu barədə məlumatlı olmalıdır:

“Təəssüf ki, indiyə kimi bunları dəyərləndirən zaman yalnız bir amil nəzərə alınıb - bu il bazarda hansı məhsulun baha olması. Fermer də öz biznes planını builki qiymətlərə əsasən müəyyənləşdirirdi. İlk baxışdan düzgün yanaşmadır, yalnız bir səhv var - fermer ölkədə özü kimi düşünən fermerlərin sayının çox olduğunu unudur. Nəticədə ötən il sarımsaq baha olubsa, bu il hamı ucdantutma sarımsaq əkir, bazarda məhsul bollaşır, təklif tələbi üstələyir və qiymətlər ötənilki qiymətlərdən dəfələrlə ucuz olur. Və fermer zərərə uğrayır. Bu il dəfələrlə belə hallarla üzləşmişik”.

“Fermerləri maarifləndiririk”

V.Hüseynov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi problemin çıxış yolunu fermerləri maarifləndirməkdə görür:

“Bu məqsədlə Prezidentin imzaladığı fərman əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin əsas funksiyalarından biri daxili və xarici bazarları öyrənmək, ixrac imkanlarını dəyərləndirmək, ənənəvi xarici bazarlarda hansı məhsula tələbatın daha çox olacağına dair proqnozlar hazırlamaqdan ibarətdir. Bu araşdırmaların nəticəsində fermerlərə gələn il daxili bazarda və qonşu ölkələrdə hansı məhsula daha çox tələbat ola biləcəyinə dair tövsiyələr, yaxud hansı məhsulun daha bol olacağı, nəticədə qiymətlərin bu ilə nəzərən ucuzlaşacağı barədə ehtimallar verilir.

Digər tərəfdən nazirlik elektron kənd təsərrüfatı informasiya sistemi üzərində çalışır. Mexanizm belədir – fermer sistemə daxil olaraq şəxsi kabinet yaradır, orada öz əkin sahəsini elektron xəritə üzrə tapır və orada növbəti il üçün hansı məhsul əkdiyini qeyd edir. Fermer bu sistemə daxil olanda həm öz bölgəsində, həm də ümumiyyətlə ölkədə digər fermerlərin nə əkdiyi barədə məlumata sahib olur. Məsələn, sistemə daxil olarkən bu il əksəriyyətin noxud əkdiyini görürsə, deməli gələn il bazarda noxudun çox olacağını, qiymətlərin aşağı düşəcəyini təxmin edə bilir və planlaşmada bu amili nəzərə alır”.

 

Fermerlər üçün təlim planı təsdiqlənib

 

Nazirlik rəsmisi qeyd edib ki, 2018-2019-cu il fermerlər üçün təlim planı təsdiqlənib:

“Üçüncü məqam odur ki, fermerlər riskləri əvvəlcədən hesablaya bilməli və planlarında “B”, “C”, “D” ssenariləri mütləq olmalıdır. Yəni, məhsulu sərfəli qiymətə sata bilməsə, ehtiyatda emala yönəltmək planları olmalıdır. Soğan bu il ucuz olubsa, satmaq sərf etmirsə, fermer məhsulu emal etməklə - soğan unu hazırlamaq, turşu hazırlamaq və s. - daha çox gəlir götürə bilər. Nazirlik bütün bu istiqamətlərdə fermerlərlə daimi maarifləndirmə işi aparır.

Artıq 2018-2019-cu il fermerlər üçün təlim planı təsdiqlənib, Dövlət Aqrar İnkişaf Mərkəzlərində fermerlərlə iş aparılır, bu prosesə DAİM-lər yanında yaradılan Fermerlər Şurası da cəlb olunub”.

 

“İxtisaslamış rayonlarda problem yoxdur”

 

Rayonların müəyyən məhsullar üzrə ixtisaslaşmasına gəldikdə, V.Hüseynov deyib ki, burada bəzi məqamlar nəzərə alınmalıdır:

“Xüsusilə bir amili qeyd etmək lazımdır. Məsələn, Gədəbəy, Tovuz, Cəlilabad rayonu kartofçuluq üzrə, Şəki taxılçılıq, tütünçülük üzrə ixtisaslaşıb. Bu bölgələrin ixtisaslaşması həmin məhsulun daimi bazarının olması və ixrac mexanizmlərinin artıq formalaşması ilə bağlıdır. Əgər Gədəbəydə fermer uzun illərdir kartof əkib həm daxili bazarda satır, həm Rusiyaya ixrac edirsə, ölkədə bu il, ya gələn il həmin məhsulun bol, ya qıt olmasının həmin fermerə ciddi təsiri yoxdur. Həmin fermer artıq bazarını müəyyənləşdirə bilib və marketinq işini qurub. Biz DAİM-lər yanında yaradılmış Fermerlər Şurasına məhz belə uğurlu fermerləri cəlb etmişik ki, onlar öz təcrübələrini digər həmkarları ilə bölüşə bilsinlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı