Modern.az

Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı... - Amaliya Pənahovanın son rolu

Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı... - Amaliya Pənahovanın son rolu

9 Noyabr 2018, 10:09
Ötən gün gün itirdiyimiz son canlı əfsanələrdən biri, Xalq artisti Amaliya Pənahova axır vaxtlar sosial şəbəkələr və saytlarda daha çox estetik əməliyyatlardan dəyişən görünüşü ilə müzakirə olunurdu. Amaliya Pənahova insanların yaddaşında  gənc görünüşdə qalmaq üçün son 2 ildə bir neçə əməliyyat keçirmişdi. Estetik əməliyyatlarının hamısını uğurlu saymaq olmazdı.
 

Buna görə sosial şəbəkələrdə tənqidlər, mənfi rəylər, lağlağı, hətta təhqir yağışına da tutulurdu. Bu gün isə Xalq artistinin bir müddətdir, xərçəng xəstəliyindən müalicə aldığı, bunu ciddi-cəhdlə gizlətdiyi, elə bu xəstəliklə də dünyadan köçdüyü üzə çıxanda, son fotolarının gerçək siması adamı dəhşətə saldı.
 
 
Son fotolarda Amaliya Pənahova şişkin üzü, əlləri, bədəni ilə diqqət çəkir, tədbirlərə şinyon və pariklərlə qatılırdı. Lakin xəstəliyi barədə cəmiyyətdə məlumat olmadığından, onun bu addımları başqa cür yozulurdu. Halbuki indi şəkillərə diqqətlə baxanda parikin altında saç olmadığı aydın görünür. 
 

"Bu yaşında bu nə parik, bu nə saçdır, bu qədər botoksmu olar, özünü nə günə qoyub” deyə gülüş hədəfinə çevrilən aktrisanın sən demə, əslində, saçları onkoloji müalicə məqsədilə aldığı kimyaterapiyalardan tökülübmüş və parikə möhtac qalıbmış, bütün yumşaq toxumaları şişibmiş, bənizi də həmin zəhrimara görə solubmuş. Lakin sağlığında heç kim buna fikir verməyib, heç kimin ağlına gəlməyib...
 

Demək, mərhum aktyor Fuad Poladovla eyni ildə, eyni xəstəlikdən itirdiyimiz Amaliya Pənahova ömrünün son aylarında da "rol oynadı”. Xəstə olsa da sağlam, gündə bir estetik etdirib, cavanlaşmaq eşqinə düşən qadın rolunu ideal oynayaraq, tamaşaçılarını aldatmağı bacardı.     
 
 
Onun diaqnozunun nə zaman qoyulduğu, neçə ay müalicə aldığı, hansı orqanında şiş tapıldığını, əməliyyat olub-olmadığını öyrənmək çətin olacaq. Çünki aktrisanın ailəsi bu barədə hələ də susur və bu, Amaliya Pənahovanın öz arzusu ilə sirr olaraq saxlanılır. Görünür, aktrisa xərçəngin ən ağır növü və gecikmiş forması ilə mübarizə aparıb. 

 
"Bakı balaca şəhərdir” deyirlər, amma bu balaca şəhərdə Amaliya Pənahova kimi nəhəng insanın Milli Onkologiya Mərkəzində müalicə almasını heç kim bilmədi. 
 
 
Bəs görəsən, hər tədbirdən sonra saytlarda yayılan şəkillərinə yazılan rəylərdən küsdümü, incidimi, ağladımı? Bəlkə də elə bu rəyləri görmək istəyirdi. Bəlkə də gülürdü. Estetik əməliyyat altında xərçəngi gizlədə bildiyi üçün özü ilə qürurlanırdı. 

 
Bəs görəsən, hər şəklinin altında tənqid, təhqir  döşəyən insanlar bu gün nə hisslər keçirir? Aldandıqlarının fərqinə vardılarmı, küyə getdiklərini anladılarmı, vicdanları sızladımı? Bundan sonra kim olursa-olsun görünüşünə görə lağ etməyə tövbə etdilərmi?(Medicina.az)
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi