Modern.az

Sərinləşdirici içkilərin plastik qablarda istehsalı: Bu təhlükədən necə xilas olaq?!

Sərinləşdirici içkilərin plastik qablarda istehsalı: Bu təhlükədən necə xilas olaq?!

11 Noyabr 2018, 14:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddətdir məişətdə istifadə edilən plastik qablar, polietilen torbaların insan sağlamlığına və təbiətə ziyan vurması barədə ictimaiyyəti maarifləndirməklə bağlı işlərə start verib. Adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da sosial şəbəkədə yazdığı statusda paytaxtdakı bəzi kafelərdə çay və kofenin plastik stəkanda verilməsinə etiraz edib.

 

“Bəllidir ki, bu da orqanizmə mənfi təsir göstərir. Şüşə, kağız və karton qablaşdırmaya qayıtmaq lazımdır. Plastik və polietilen torbalardan istifadə dayandırılmalı, həmçinin bu qablardan imtina edilməlidir. Bu daha sağlam üsuldur və təbiətə də zərər vurmur”.

 

Ekspertler hesab edir ki, məsələ ilə bağlı digər vacib məqamlardan biri alkoqolsuz olan “Pepsi”, “Coca-cola”, “Sprite”, “Fanta” kimi içkilərin kütləvi olaraq plastik qablarda istifadə edilməsidir. Nəzərə alsaq ki, bu içkilər plastik qablarda emal olunur, o zaman həm ətraf mühitə, həm də insan sağlamlığına vurduğu ziyan barədə düşünməyə dəyər.

 

Plastik qablarda istehsal olunan içkiləri gələcəkdə şüşə qablarda istehsal etmək mümkün ola bilərmi?

 

Modern.az saytı mövzuya aydınlıq gətirməyə çalışıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirlik plastik məhsullardan istifadənin tədricən azaldılması ilə bağlı geniş təbliğat kampaniyasına başlayıb və kompleks tədbirlər planı hazırlayır.

 

“Bu yaxınlarda Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə, plastik qablardakı məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır. Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, nazirlik tərəfindən ictimaiyyət arasında sorğu keçirilir, plastik məmulatların zərəri və fəsadlari təbliğ edilir, kompleks tədbirlər planı hazırlanır”

 

“Ruzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayevin sözlərinə görə, adıçəkilən içkiləri şüşə butulkalarda istehsal etmək mümkündür.

 

“Bütün dünyada plastik əşyaların yaranmasına qarşı mübarizə gedir. Polietilen ətrafımızda var. Onların bir qismini emal etmək mümkündür. Amma bir qismi bir dəfə istifadə üçün nəzərdə tutulub. “Coca-cola”, “Fanta”, “Spite” kimi içkilərin butulkalarının sıxlığı çox sərt olmaqla yanaşı, emala da getmir. Hətta emal olunandan sonra onun alıcısı da olmur. Bu cür içki şirkətlərinin istehsalçıları ilə danışıqlar aparmaq lazımdır. Çünki bu məsələ də zaman aparır. Amma işə başlanılsa faydası da yaxşı ola bilər. Həmçinin, bu cür içkilərin butulkaları yenidən istifadə üçün nəzərdə tutulmayıb. Təəssüf ki, insanlar istifadə edirlər. Məsələn, kompotlar şüşə qablarda satılır. Sonradan həmin şüşə qablar məişətdə də istifadə olunur. Deməli, “Coca-cola”, “Fanta” kimi içkilərin də emalını şüşə qablarda həyata keçirmək olar. Bu zaman ətraf mühit, təbiət də plastik qablardan təmizlənər. İnsanlar adını çəkdiyimiz içkiləri içib plastik qabları hara gəldi atırlar. Halbuki, ekologi mühiti necə məhv etdiklərini anlamırlar. Bu cür plastik qablardan azad olunmaq üçün istehsalçılarla bir araya gəlib məsələnin aktuallığını diqqətə çatdırmaq vacibdir. Təqdir olunmalıdır ki, Ekologiya Nazirliyi artıq bu işə başlayıb və əməli tədbirlər görülür, onlara ictimaiyyətin də köməyi, dəstəyi lazımdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi