Modern.az

Bir şəklin tarixçəsi - Elmar Məmmədyarov Şuşada

Bir şəklin tarixçəsi - Elmar Məmmədyarov Şuşada

11 Noyabr 2018, 23:52

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki foto Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bağlıdır.

Tarix 1992-ci ilin yanvarı… Məkan Şuşa şəhəri… Elmar Məmmədyarov (sağda), Yaşar Əliyev (sağdan 2-ci - hazırda Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin başçısı), Vaqif Huseynov (ortada - Şuşa Şəhər İcraiyyə Komitəsinin sədri), Murad Heydərov ağır blokada şəraitində ermənilərə qarşı mübarizə aparan Şuşa ilə bağlı çıxış yolu axtarırlar…

1992-ci ildə Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edirdi... Şəkildəkilərin heç ağlına da gəlməzdi ki, mühasirədə və çox çətin çəraitdə olmasına baxmayaraq, Azərbaycan mədəniyyətinin beşiyi, qədim Şuşa bir neçə aydan sonra düşmən tapdağı altına düşəcək…

Səfər zamanı nümayəndə heyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin ağır vəziyyətinin şahidi olmuşdu.

Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq Qarabağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərək, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləmişdi. 

Qeyd edək ki, fotoşəkli Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov təqdim edib… "Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil etmiş, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirmişdi",-deyə səfir şəkillə bağlı şərhində bildirib



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır